“Ekrana çıxan qadınlar boğazlarındakı, biləklərindəkiləri qızılları nümayiş etdirirlər...”
3575
23 Jan 2021 | 12:42

“Ekrana çıxan qadınlar boğazlarındakı, biləklərindəkiləri qızılları nümayiş etdirirlər...”

Ekranda elə yırğalanırlar ki, qonaq kimi dəvət olunan kişilər onların yerinə utandıqlarından üzlərini yana çevirirlər...

“Hər verilişə 2-3 dəqiqə baxa bilirəm. Gözüm görməsin deyə, tez başqa kanala keçirəm. Görürəm orada da eynisidir, əsəblərim pozulur! Daxilimdə qiyam qalxır, bunların bir sahibi yoxdur? Bəs redaktorlar, televiziya rəhbərləri, azdan-çoxdan ekran, efir işindən başları çıxanlar bu eybəcərlikləri, savadsızlığı, bayağılığı, şitliyi, yaramazlıqları, gədalığı görmürlərmi?”

Bunu Moderator.az-a açıqlamasında nasir Xeyrəddin Qoca deyib. X.Qoca bəzi telekanallarımızın fəaliyyətini sərt tənqid edib:

“Hər verilişə 2-3 dəqiqə baxa bilirəm. Gözüm görməsin deyə, tez başqa kanala keçirəm. Görürəm orada da eynisidir, əsəblərim pozulur! Daxilimdə qiyam qalxır, bunların bir sahibi yoxdur? Bəs redaktorlar, televiziya rəhbərləri, azdan-çoxdan ekran, efir işindən başları çıxanlar bu eybəcərlikləri, savadsızlığı, bayağılığı, şitliyi, yaramazlıqları, gədalığı... görmürlər? Ümumiyyətlə, yuxarıda, aşağıda bunlara nəzarət edən, istiqamətləndirən, kömək edən vəzifəli bir ins-cins yoxdur? Biz yazırıq, minlərlə tənqidi rəylər alırıq, xalq artıq, boğaza yığıldığını deyir, ekran, efir düzəlmək əvəzinə, getdikcə pisləşir. Yəni, bizim səviyyəmiz ekranda göstərildiyi kimidir, yoxsa ən səviyyəsizləri seçib verilişlərə dəvət edirlər? Yüngül, əttökən, mənasız, məntiqsiz danışan, cürbəcür saqqallarla özlərini göstərməyə can atan, açıq-saçıq, dar-düdük geyinən, yeri gəldi-gəlmədi, qaqıldayıb gülən, verilişə çağırdıqları qonaqları hələ tamaşaçılar görməmiş tərifləməyə başlayan, efirə çıxandan sonra tərifi davam etdirərək onları "ulduz", "məşhur" adlandıran kişi və qadın aparıcılar artıq, xalqın gözlərini yağır eləyiblər! Bəzi qadın müğənnilər oxuya-oxuya səhnəyə atılıb, elə hərəkətlər edirlər ki, sanki qəfəsdən indicə qaçıblar. Bütün əzalarını yırğalayırlar, seksual nələri varsa göstərirlər. Səs də yox, ifa da yox! Çoxunun səsi sanki quyudan çıxır! Sonra da başlayırlar başlarından böyük danışmağa: "Mən məşhür, ulduz olmamışdan əvvəl..." Bunlara bir deyən gərək, sizi it də tanımır, utanmırsınız, xəcalət çəkmirsiniz, özünüzə "məşhur", "ulduz deyirsiniz? Belələri necə ekrana yol tapırlar? "Necə deyərlər, "keçəl halva yeyər, puluna minnət"!

Aparıcılara orda-burda qonaqlıqlar verirlər, pul-para tökürlər, hətta onları necə təqdim etmək haqqında da istiqamət verirlər ki, camaat elə bilsin, bunlar tanınmışlardır. Görmürsünüz, əsl sənətkarlar nadir hallarda televiziyalara dəvət olunurlar, çünki onlar pul vermirlər! Bir aparıcı tanışımdan xahiş etdim ki, ölkədə hamının tanıdığı bir ifaçını verilişinə dəvət etsin. Nə desə yaxşıdır: "Müəllim, sənin xatirinə bir dəfə dəvət edərəm, amma biz komersiya ilə məşğuluq. Hər çıxışa 500-1000 manat verməsələr, ekran üzü görməzlər!" Bu məqamda Rəhmətlik Habil Əliyev yada düşür. Deyirdi ki, "televiziya işçiləri mənə qonaqlıq versinlər, mən niyə qonaqlıq verməliyəm?" Hələ bu "məşhurların" oxuya-oxuya ekranda əl-qol açıb oynamaqlarını demirəm. Aparıcılar da qoşulur onlara! Burada da Xan Şuşinskinin dedikləri yada düşür: "Adamdan soruşarlar, a bala, bura oxumağa çıxmısan, yoxsa oynamağa?" Ekrana çıxan qadınlar boğazlarındakı, biləklərindəki brilliantları, qızılları nümayiş etdirirlər, evlərini-eşiklərini çəkdirib göstərtdirirlər, soyuducudakı yeməkləri ilə fəxr edirlər! Bunların bir adı var: Görməmişlər! Ekranda elə yırğalanırlar ki, qonaq kimi dəvət olunan kişilər onların yerinə utandıqlarından üzlərini yana çevirirlər. Tamaşaçılar da bütün bunları aydın görürlər. Qonaqlardan biri anasının, atasının və ya hər hansı sənətkarın adını çəkən kimi, aparıcı "əl qatır özünə", deyir "buradan öpürəm filankəsi!" Aparıcılar Azərbaycan dilini bilmədiklərindən veriliş boyu ağızlarına gələni danışırlar! Bir cümlə ilə verilməli sual üçün lazımsız yerə on cümlə işlədirlər, təki efir dolsun! Efirdə sənətdən, sənətkarlıqdan başqa hər şeydən danışırlar: Arıqlamaqdan, kökəlməkdən, ərə getməkdən, boşanmaqdan, sevgili olmaqdan, ayrılmaqdan! Çünki sənət, sənətkarlıq nədir, bilmirlər! Hətta, bir-birinə ərə getməyi, evlənməyi, "xoşbəxt olmağı" arzulayırlar! Ərə getmək, evlənmək bunlar üçün xoşbəxtlik sayılır... Televiziya, ekran, efir eybəcərliklərini yazmaqla qurtaran deyil! Bircə onu bilirəm ki, bəzi verilişlərin "qayəsi" gələcəyin düşük, yüngül, simasız, savadsız nəsillərini yetişdirməkdir! Yavaş-yavaş buna nail olurlar... Görün, ətrafımızda nə qədər elə adamlar var!.. Çox təəssüf edirəm! Yəni bu televiziyalarda işləmək üçün layiqli adamlar tapılmır? Bəlkə layiqli adamlar heç lazım deyil?”.

Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər