Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev Moderator.az saytına açıqlamasında Azərbaycandakı hüquq-mühafizə orqanlarının iş prinsipini, fəaliyyət formasını sərt tənqid edib. Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın hüquq-mühafizə orqanlarının iş prinsipi bolşevik dövrünün iş prinsipinə oxşayır: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün ölkəmizin hüquq-mühafizə orqanlarının fəaliyyəti lazımi səviyyədə deyil. Peşəkarlıq kifayət qədər aşağı düşüb. Cinayətlərin açıqlamasından tutmuş hadisə yerindəki maddi sübutların toplanmasına qədər aparılan bəzi istintaq hərəkətlərində ciddi səhvlər mövcuddur. Sizə bir fakt deyəcəm. Qusar olaylarında polisə basqın əməliyyatı yerindən maddi sübutların hansı şəkildə toplanmasını yəqin ki, çoxları telekanallar vasitəsi ilə gördü. Hadisənin baş verdiyi yer meşə massivi idi və orada əlavə təhlükəsizlik tədbirləri görmədən göstərilən şəkildə maddi sübutlar toplamaq ciddi yanlışlıq idi. Bu qədər səhlənkarlıq və özünə əminliklə yanlış bolşeviklər işləyirdi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın hüquq-mühafizə orqanları hələ də bolşevik düşüncəsi ilə hərəkət edir. “Davay Vasya, period” prinsipi ilə fəaliyyət göstərmək isə təhlükəlidir və ciddi fəsadlar verə bilər”.
Seymur Əliyev