“Azərbaycanda fəaliyyət göstərən əksər sığorta şirkətləri avtomobil qəzaları zamanı zərərçəkənə verilən polis rəyinə əhəmiyyət vermir”. Bu sözləri Moderator.az saytına mötəbər mənbə bildirib. Mənbənin sözlərinə görə, sığorta şirkətləri bununla vətəndaşlara ödəniş etməkdən yayınır, faktiki olaraq üzərlərinə götürdükləri öhdəliklərin icrasını yerinə yetirmirlər: “Vətəndaş və sığorta şirkəti arasında imzalanan müqavilədə təriflərin hər birinin öhdəliyi aydın surətdə göstərilir və açıq şəkildə qeyd edilir ki, əgər qəza sürücünün öz ehtiyatsızlığından baş verməyibsə, sərxoş vəziyyətdə törədilməyibsə həmin şəxsin avtomobilinə dəyən zərərin bəlli bir qismi sığorta şirkəti tərəfindən ödənilir. Lakin mövcud reallıqlar çərçivəsində sığorta şirkətlərinin bu müqavilənin şərtlərinə əməl etməməsi ilə bağlı ciddi faktlar mövcuddur. Artıq sığorta şirkətlərinin özbaşınalığı o həddə çatıb ki, bu şirkətlər qəza və onun səbəbləri ilə bağlı tərtib etdikləri rəsmi protokolları belə əhəmiyyət vermir, sığorta şirkətinin öz daxili şərtlərinə əsaslanıb vətəndaşlara heç bir ödəniş etmirlər. Halbuki, mövcud situasiyada qəbul edilməsi gərəkən ən vacib sənəd məhz polis tərəfindən verilən protokol olmalıdır ki, həmin protokolda qəza ilə bağlı bütün detallar, habelə sürücünün ayıq və ya içkili vəziyyətdə olması, qəzanın kimin və ya nəyin ucbatından baş verməsi aydın şəkildə göstərilir. Vətəndaşlar hesab edir ki, sığorta şirkətlərinin bu özbaşınalığı cəzasızlıq mühitindən irəli gəlir. Onların fikrincə, bu cür halların aradan qalxması üçün ilk öncə polis protokollarının sığorta şirkətləri üçün əsas sənəd hesab edilməsinə nail olunmalı, bu şirkətlərin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır”.