Görəsən, bu ziddiyyət adıçəkilən blokun gələcək
fəaliyyətinə necə təsir edəcək? Bir qədər kobud analogiya olsa da “Qarabağ
Blok”u Qarabağın taleyini yaşamayacaq ki?
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov
Moderator.az-a açıqlamasında bu suala aydınlıq gətirməyə çalışıb: “Sual obrazlı
qoyulub, amma maraqlı sualdır. Qarabağın taleyinin hazırkı durumu, Vətənimizin
işğal altında olması əlbəttə ürəkağrıdıcıdır. Və təkcə söhbət mənəvi əzablardan
getmir, Qarabağın işğalı yüz minlərlə insanın real faciəsi, Azərbaycanın dövlət
kimi suverenliyinin yarımçıq qalması, Cənubi Qafqazda sülh və əmin-amanlığın
bərpasının mümkünsüzlüyü və s. ciddi siyasi problemlərin mövcudluğu deməkdir. Eyni
adlı blokun və ya hər hansı bir siyasi qurumun, hətta hakimiyyətlərin taleyinin
necəliyi ərazilərimizin düşmən tərəfindən işğalı ilə müqayisə oluna bilməz. Əlbəttə
ki, ölkədə siyasi vəziyyət, xüsusilə də siyasi azadlıqlar, siyasi təşkilatlarda
birləşmə, seçkilər sahəsindəki vəziyyət bərbad durumdadır. Belə vəziyyətdə hər
hansı müxalifət blokunun mövcud durumu yaxşı ola bilməz. “Qarabağ bloku”nun da
vəziyyəti belədir. Amma blokun gələcəyinin yaxşı olacağına inanır və bu
istiqamətdə səy göstəririk. Ümid edirik ki, doğma Vətənimiz də azad olacaq,
ölkədəki siyasi azadlıqlar da reallığa çevriləcək və “Qarabağ bloku” bu
prosesdə tarixi rolunu lazımınca oynamaq imkanı qazanacaq.”