Hörmətli oxucu, bu şeiri qələm dostumuz, publisist-şair Heydər Oğuz 1998-ci ildə tanınmış hüquqşünas Qurban Məmmədov həbsə atılarkən yazıb. Bu gün də Qurban bəy üçüncü məhkumluq həyatını yaşayır. Heydər Oğuz bu şeiri bütün azadlıq qurbanlarına hörmət əlaməti olaraq bizə təqdim edib və məmnuniyyətlə bu təklifi qəbul etdik:
(İctimai- siyasi xadim Qurban Məmmədovun timsalında bütün AZADLIQ QURBANLARINA)
Ya Rəbb, bizə dərmandımı dərd, dərddimi dərman?
İblismi çaşıb dərd ilə dərman arasında?
Qurbana azadlıq gərək, azadlığa QURBAN.
Çaş-baş qalır insan iki QURBAN arasında.
Çaşqınlığımız aləmi oynatdı yerindən,
Sandıq ki, bütün göy üzü yerdən-yerə dəydi.
Yaş tökdü buludlar, elə çəkdi dərindən,
Heybətdən əyilməz qoca dağlar boyun əydi.
Biçarə bulud ağlamasın, neyləsin, Allah!
Haqq söz danışan dillərə qandal vurulubdur.
Hər sərvi olub dar ağacı, hər sözümüz ah,
Hər bir daşın üstündəsə zindan qurulubdur.
Çaqqallara orman verilib, bayquşa bağlar,
Aslana yataq yerləri zindan olub indi.
Bülbülsə qəfəslərdə çəkib ah yenə ağlar,
Qəmdən yazığın sinəsi al qan olub indi.
Allah bütün insanlığa bir tale yazarkən,
Bəs, millətimin bəxtinə neyçün qara düşdü?!
Xalqın qanın içmişlər azadlıqda gəzərkən,
Qurban kimi övlad niyə zindanlara düşdü?!
Batsın belə dövlət ki, ədalətdən əsər yox,
Batsın ki, bütün xəlq olunan xilqətə ziddir!
Qanun nədir? Ondan bizim ellərdə xəbər yox,
Haqq axtaran insana düşən paslı kiliddir!
Ya Rəbb, çıxa azadlığa düşmən qara gözlər,
Bizlər yenə Qurban ilə həmhal ola bilsək.
Uçduqca o hikmətli dodaqdan göyə sözlər
Heyrətdə qalıb kam alaraq lal ola bilsək.
Kim yazdı bizim taleyə, bilməm, qara hicran?
İtməkdədi göz rəngimiz al qan arasında.
Qurbana azadlıq gərək, azadlığa QURBAN,
Çaş baş qalır insan iki QURBAN arasında.