“Rusiya müharibədəki mövqeyi ilə Ermənistana başa saldı ki, mənsiz heç nəsən”
5691
26 Dec 2020 | 19:26

“Rusiya müharibədəki mövqeyi ilə Ermənistana başa saldı ki, mənsiz heç nəsən”

Azərbaycanın Ermənistan üzərindəki 8 noyabr zəfərindən sonra, məğlub ölkədə Rusiya ilə münasibətlərin sabahına iki fərqli baxış mövcuddur. Belə ki, bəzi erməni siyasiləri Rusiya ilə yolları ayırmaq təklifi ilə çıxış etsə də, Moskva ilə əməkdaşlığı genişləndirmək tərəfdarları da az deyil.

 

Maraqlıdır, Azərbaycanın 8 noyabr zəfəri Ermənistan-Rusiya münasibətlərinin gələcəyinə necə təsir edəcək?

 

Moderator.az-a açıqlama verən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Ermənistanın Rusiyadan ciddi şəkildə asılı olduğunu vurğuladı:

 

“Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanın ünvanına çox gurultulu bəyanatlar verdi. Gah Avropa İttifaqına, gah NATO-ya daxil olmaqla bağlı fikirlər səsləndirdi. Brüsselə, Avropanın başqa şəhərlərinə getdi. Amma aydın məsələdir ki, Paşinyanı heç bir dövlət ciddi qəbul etmədi. Rusiya bunu müşahidə edərək, Vətən Müharibəsi zamanı Ermənistana sübut etdi ki, sən mənsiz heç nəsən. Paşinyan yəqin ki, bunu başa düşdü. Düşməyibsə də, yəqin ki, başa düşmək ərəfəsindədir.

 

Ermənistanda təbii ki, Rusiya meyilli qüvvələr var və onların sayı az deyil. Ermənistandakı mitinqlər zamanı da onların gücü özünü hiss etdirir. Düşünürəm ki, yeni gələn baş nazir sağlam düşüncəlidirsə, anlamalıdır ki, Ermənistanın Rusiyanın forpostu qalmaqdan başqa çarəsi yoxdur. Rusiyadan kənar, onun maraq dairəsindən çıxa bilməz. Rusiya Vətən Müharibəsində tutduğu mövqe ilə Ermənistanı başa saldı ki, Rusiyasız bu ölkə heç nədir və Rusiyaya arxa çevirmək Ermənistanın fəlakəti ilə nəticələnər. Ona görə də bundan sonra Ermənistanda hakimiyyətə gələn şəxsin bu məsələyə diqqət yetirəcəyini güman edirəm. Lakin Ermənistanın Rusiya ilə münasibətlərə bu şəkildə edəcəyi düzəliş Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyəcək. Azərbaycan kifayət qədər çevik xarici siyasət yürüdür. Rusiya ilə partnyorluq münasibətləri qururuq. Baxmayaraq ki, müəyyən problemlərimiz də var. Eyni zamanda, Qərb ölkələri ilə də lazımi əməkdaşlıq edirik. Bu əməkdaşlıq müxtəlif proqram və layihələrdə öz əksini tapır. Bu, Cənubi Qafqazın reallığıdır”.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər