Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin semestr imtahanlarının yazılı, yoxsa test üsulu ilə verməsi məsələsinə aydınlıq gətirilməməsi bu təhsil ocağında ciddi narahatçılıqla müşayət olundu, tələbələr etiraz aksiyası keçirdilər. Nəticədə universitet rəhbərliyi etirazların qarşısında geri çəkilməyə məcbur oldu və semestr imtahanlarının yalnız test üsulu ilə götürüləcəyi yəqinləşdi. Halbuki universitet rəhbərliyi qarışıq formada imtahanların keçirilməsini təklif edirdi. ADPU-da bunu belə əsaslandırırdılar ki, test zamanı tələbələr əzbərçiliyə öyrənir və əvvəlcədən testin suallarını taparaq yalnız məhdud səviyyədə imtahana hazırlaşırlar.
Tanınmış təhsil eksperti, Milli Məclisin Təhsil Komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov da testin üstünlüklərindən danışsa da bu metodun semestr imtahanlarında o qədər də əlverişli olmadığı qənaətindədir. Moderator.az-a açıqlamasında professor məsələni bu cür şərh edib:
“ Qəbul imtahanlarında test üsulunun tətbiqi daha doğrudur və bunun üstünlükləri daha çoxdur. Çünki qəbul imtahanlarında qısa zamanda yüz minlərlə iddiaçının biliyinin qiymətləndirilməsindən söhbət gedir. Bu zaman subyektiv faktorlar da aradan çıxmış olur. Hamı bir metodologiya ilə imtahan verir və müəllimin münasibəti burda heç bir rol oynamır. Amma semestr imtahanlarında bir qrupda 20-30, lap uzağı 50 nəfər olur, şübhəsiz ki, bu zaman üzbəüz imtahan daha düzgündür.Çünki bu zaman testdə olduğu kimi tapmaca xarakterli cavablardansa bu zaman tələbənin düşüncəsini, dünyagörüşünü, biliyini, fənni mənimsəmə bacarığını öyrənmək mümkün olur. Bir misal gətirmək istəyirəm. Tutaq ki, testdə belə bir sual düşür ki, əl fanarı işləmir. Bu zaman biri düz olan 4 variant orda qeyd olunur və abituriyent orda oxuduğu variantlardan birini seçməkdə çətinlik çəkmir. Düzgün variantı hətta təsadüfən tapan da qiymət ala bilir. Amma müəllimlə üzbəüz imtahanda müəllim soruşur ki, əl fanarının niyə işləməməsinə aydınlıq gətirsin. O da cavab verir ki, müəllim, burda çox variantlar mümkündür. Onlardan biri budur ki, batereyası xarab ola bilər, ikinci variant lampa yanmış ola bilər, üçüncü variant kontaktların zəif olması ola bilər. Dördüncü variant içəridəki birləşdirici məftillərdə hardasa qırıq ola bilər. Bunları sadalamaq da olar. Bax bu cür çoxşaxəli mühakiməni testə sığışdımaq mümkün deyil.”
Şahlar Əsgərov bir daha testin üstünlüklərinə və qəbul imtahanlarında məhz bu üsuldan istifadənin zəruriliyinə bir daha toxunub: “Sovet hakimiyyəti illərinin sonlarına yaxın insanların ali məktəblərə qəbulla bağlı etibarı xeyli azaldı. Camaat gördü ki, pulu olan gedib istədiyi yerə qəbul olur, o birilər də qalır qıraqda. Məhz bu cür etimadsızlıq dalğasının hakim kəsildiyi bir məqamda Azəbaycanda testin tətbiqinə başlanıldı. Bu gün də mən bunu alqışlayıb deyirəm ki, test üsulu təhsilimizə xoş gəldi, səfa gətirdi. Çünki bu zaman subyektivlik də aradan qalxır, iqtisadi baxımdan da səmərəlidir, çünki əvvəllər qəbul imtahanlarında minlərlə müəllim yay uzunu /20 gün/ qəbullarda iştirak edirdi. Eyni zamanda testin ekspresliyi unikaldır. Bir günə 100 min gənci tesdən keçirmək mümkündür. Amma bütün bunlara baxmayaraq razılaşmalıyıq ki, test üsulu semestr imtahanlarında bir o qədər səmərə vermir. Ən azı son on ilin təcrübəsi bunu təsdiq edir. Təzədən 10 il gözləməyə ehtiyac yoxdur“.