Baş Prokurorluğun Mətbuat Xidmətindən Moderator.az-a verilən xəbərə görə, oktyabrın 25-də prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib.
Xəbərdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il sentyabrın 30-da Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində kollektiv qarşısında çıxışı zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası ilə əlaqədar Baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan Baş prokuror demokratik hüquqi dövlət
quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb
edən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin
demokratik, şəffaf, ədalətli və beynəlxalq
standartlara uyğun şəraitdə keçirilməsi və yenidən
Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə cənab İlham
Əliyevi Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından bir daha səmimi-qəlbdən
təbrik etdi.
Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olmasını vurğulayan Baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərinin daha da artırılmasının vacibliyini xüsusi
qeyd etdi.
O, ölkə başçısı cənab İlham Əliyevin
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni
inzibati binasının açılış mərasimində verdiyi tapşırıq və tövsiyələrə,
habelə oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri
ilə bağlı xalqa müraciəti və andiçmə mərasimi zamanı korrupsiyaya qarşı mübarizənin
ümumxalq işi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın
neqativ hallara biganə qalmaması barədə proqram xarakterli nitqindən irəli
gələn vəzifələrin vacibliyini qeyd etməklə bu sahədə prokurorluq, o cümlədən
ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin
qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd etdi.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror
yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi
Kamran Əliyev ilk növbədə ölkə başçısı cənab İlham Əliyevə idarənin müasir
texniki avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina ilə
təmin olunmasına və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə verdiyi
qiymətə görə kollektivin adından təşəkkürünü bildirərək, qurumun
əməkdaşları üçün böyük məsuliyyət və fəaliyyətinin daha da təkmilləşdirilməsi
üçün stimul yarandığını qeyd etmişdir.
Müşavirədə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, bu sahədə mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, əməliyyat
tədbirlərinin intensivləşdirilməsi, cinayət işləri üzrə ibtidai istintaqın
qanunla nəzərdə tutulmuş müddətlərdə tam və hərtərəfli aparılması, cinayət
törətmiş bütün şəxslərin müəyyən edilməsi ilə cinayətkar şəbəkənin üzvlərinin
aşkar edilməsi və məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi
bildirildi. Fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi
məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə
edilməsi, sərt cəza tədbirlərinin tətbiqinə nail olunması, son dərəcə mühüm
əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, korrupsiyaya
daha çox uğramış sahələr üzrə mövcud normativ aktların təhlil edilməklə müvafiq
təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi tələb edildi. “161-Qaynar
xətt” əlaqə mərkəzinə daxil olmuş bütün məlumatların tam və düzgün
araşdırılması, vətəndaşların qəbulu və onların müraciətlərinə diqqətlə yanaşılması
və operativ reaksiyanın verilməsi, digər dövlət orqanları ilə mövcud
əməkdaşlığın inkişaf etdirilməsi, idarənin fəaliyyətində müasir texnikadan və
elektron xidmətlərdən istifadənin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın
gücləndirilməsi və bu sahədə müsbət nəticələrə nail olmuş ölkələrin
təcrübəsinin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə
sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin
edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması,
xüsusən idarə əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində
korrupsiyaya qarşı mübarizəyə dair mühazirələrin keçirilməsi, idarənin kadr potensialının
gücləndirilməsi, hər bir əməkdaşın peşə hazırlığının və məsuliyyət hissinin
artırılması istiqamətində qurumun fəaliyyətinin təkmilləşdirilməsi qərara alındı.
Əməliyyat müşavirəsində “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə
əlaqədar tapşırıq və tövsiyələrinin icrasına dair Tədbirlər Planı” təsdiq
edilmişdir.
Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə
sahəsində ən qətiyyətli tədbirlərin görülməsinin bundan sonra da davam
etdiriləcəyinə əminliyini bildirdi."