Yazar
Sultan Laçın
Bütün yazılar
kse
6051
18 Dec 2020 | 19:24

Putin Qarabağdakı yeni “KQB” senarisini açıqladı...

Rusiya Prezidenti V.Putinin son ənənəvi illik mətbuat konfransında  növbəti dəfə “Qarabağ  Azərbaycanın tərkib hissəsidir” deməsi ümumilikdə Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılandı. Lakin həmin tədbirdə sözügedən ifadə ilə yanaşı, Kreml liderinin digər fikirlərini, üstəlik, onun rəhbəri olduğu ölkə ordusunun sülhməramlı sifətində  Azərbaycanın tarixi-hüquqi torpaqlarındakı konkret əməllərini təhlil etmək vacibdir... 

Əvvəla, bir aspekti qətiyyən unutmaq olmaz ki, Putin keçmiş çekistdir, yəni SSRİ DTK-nın - “KQB”-nin  1980-1990-cı illərin bəzi olaylarında həlledici rol oynamış zabiti, polkovnikidir. Və “keçmiş kəşfiyyatçı olmur”  ifadəsinin artıq Rusiyada bir zərbi-məsələ çevrildiyi də bəllidir. Bu mənada Putinin də imperiya ideologiyasından yoğrulmuş “KQB”  ruhundan heç vaxt qurtula bilməyəcəyini söyləmək doğru olar. Odur ki, hazırkı Rusiya rəhbərinin daxili və ya xarici siyasətdə, istənilən ölkəyə, o cümlədən Azərbaycan və Türkiyəyə  münasibətdə atdığı addımlarda həmin ruh özünü biruzə verməkdədir...

Bu mənada Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı boyu Rusiyanın rəsmən(!) neytral mövqe tutaraq ölkəmizin Ermənistan üzərindəki qələbəsinə əngəl olmamasının onun bizə və ya Türkiyəyə olan sevgisindən irəli gəlməməsi də şəksizdir. Əslində “KQB” oyunçusu Putin  bu addımları Azərbaycanın qələbəsindən özü üçün   faydalar götürmək məqsədilə edirdi. Və həmin faydaları qazana bildi də... 

Birincisi, “Soros”çu, Qərbpərəst, Amerikapərəst hesab edilən, bir çox hallarda Moskvanın maraqlarına zidd siyasət aparan, hətta şəxsən İrəvana gələn  Putinin dostu Köçəryanın həbsdən azad olunması xahişini də rədd edən Paşinyan hakimiyyətini çox sərt şəkildə cəzalanmasına şərait yaratdı...

İkincisi, ümumiyyətlə, erməni və Ermənistan cəmiyyətinə Rusiyasız bu toplumun və “dövlət” adlanan qurumun heç nə olduğunu, nəinki bütövlükdə Qarabağı, İrəvandakı qondarma dövlətçiliklərini də itirmək təhlükəsinin qarşısının məhz Moskva tərəfindən alındığını kəskin tonla çatdırdı...

Üçüncüsü və bəlkə də Rusiya imperializmi üçün ən başlıcası, “sülhməramlı” adı altında olsa da, rus ordusunun yenidən Azərbaycan ərazisinə qayıdışını təmin etdi.

Dördüncüsü, Azərbaycan və Türkiyə ilə yanaşı, regionda marağı olan ABŞ-a da, Avropaya da, elə İrana da əyani şəkildə çatdırdı ki, nə qədər zəifləsə belə,  buradakı heç bir məsələ Kremlin iştirakı olmadan həll edilə bilməz...

Beşincisi, Minsk qrupu formatında olan ABŞ və Fransanı faktiki olaraq oyundan kənar vəziyyətdə qoyaraq onların Qarabağ məsələsinə bundan sonrakı müdaxiləsini, demək olar ki,  sıfra endirdi və onlara Qarabağ məsələsini məhz Rusiyanın həll etdiyini çatdırdı...

Altıncısı, “Böyük Ermənistan” ideologiyası ilə zəhərlənmiş erməni millətçi ictimaiyyətinə çatdırdı ki, Azərbaycana məğlub olmaqları, Şuşa, Hadrut kimi strateji və mənəvi-ideoloji məkanları da itirməklərinə rəğmən Qarabağ uğrunda, onun “müstəqilliyi” uğrunda bindan sonra da mübarizə aparmaları mümkündür. Bir şərtlə ki, tamamilə, qeyd-şərtsiz Kremlin aləti, maşası olmaq missiyasını yenidən üzərlərinə götürsünlər...

İndi qayıdaq Putinin  son mətbuat konfransında Qarabağ, Azərbaycan haqda söylədiklərinə.  Əslində həmin çıxış gizli mesajlarla doludur...  

Öncə “Qarabağ -Azərbaycanın tərkib hissəsidir”  fikrinin deyiliş formasına diqqət edək. Putin  artıq oktyabrın 22-də müzəffər savaşımızın qızğın çağında da eyni fikri, demək olar ki, eyni formada ifadə etmişdi: 
“Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir”. Diqqət edin, çekist  prezident  birbaşa demir ki,  Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir... Yaxud həmin fikrə “eyni zamanda beynəlxalq hüquq baxımından” birləşməsini əlavə etmir. Qeyri-iradi sual yaranır: Məgər hansısa aspektdən Qarabağ Azərbaycanın tərkib hissəsi deyil. Burada iki aspekt: tarixi və mövcud gerçəkliyə uyğun faktiki yanaşma ola bilər. Putin sözügedən boşluğu yaratmaqla  rəsmi Bakıya, Ankaraya və bütün dünyaya nesaj verir: Qarabağ hüquqi baxımdan Azərbaycanın olsa da, tarixi baxımdan çar imperiyası dövründə də, sovet dövründə də Rusiyanın olub. Və bu gün də keçmiş Dağlıq Qarabağ Vilayətinin əsas hissəsi rus ordusunun nəzarətində olduğundan faktiki olaraq həmin ərazi Rusiyanın əlindədir... Digər tərəfdən isə “KQB” polkovniki ermənilərə  demək istəyir ki, Qarabağ de-yure Azərbaycanın olsa da, hazırda bizim himayəmiz altında onun  tarixi baxımdan  ermənilərə məxsus olması istiqamətində ideoloji-siyasi mübarizənizi davam etdirə bilərsiz. Yəni Putin dolayısıyla Qarabağda sovet dövründən bəri qalan yaşlı nəslə, bir qərinəlik işğal illərində Azərbaycan torpaqlarında faktiki doğulub boya-başa çataraq Qarabağı özlərinin tarixi vətəni hesab etmiş, Azərbaycana, türkə nifrət ruhunda böyüdülmüş on minlərlə erməni gəncinə, eləcə də bütövlükdə erməni cəmiyyətinin xəstə hissəsinə qızışdırıcı  ümid verir... Yəni “dayanmaq olmaz, yenidən toparlanmaq ayağa durmaq, mitinqlər keçirmək, sonra isə tədricən  silahlı mübarizəyə başlamaq mümkündür...”  Təbii ki, Rusiya rəhbəri bu mesajı da ermənilərə sevgisindən yox, onlardan alət kimi yararlanmaq məqsədi ilə verir... 

O da var ki, Qarabağda “sülhməramlı” adlanan Rusiya hərbçilər vasitəsilə  bəhs edilən gizli mesajlara uyğun addımlar atılır. Birincisi, hələ  rus qoşunu torpaqlarımıza daxil olmamış Rusiya Müdafiə Nazirliyinin tərtib etdiyi xəritədə keçmiş Dağlıq Qarabağ ərazisindəki bir sıra toponimlər müstəqil Azərbaycan dövlətinin rəsmi xəritələrindəki kimi deyil, sovet dövründəki(yəni Azərbaycanın və həmin ərazinin Moskva tabeliyində olduğu vaxtlar) kimi erməniləşmiş adlarla göstərilib(Xankəndi əvəzinə “Stepanakert”,  Ağdərə əvəzinə “Mardakert” və s.). 

İkincisi, “Qarabağ Azərbaycanın tərkib hissəsidir” deyən Putinin təşkil etdiyi sülhməramlıların rəhbəri general Rustam Muradov və onun əməkdaşları da, eləcə də Rusiya FHN-in işçiləri də Xankəndinə daxil olan kimi rəsmi Bakının cinayətkar elan edərək İnterpola verdiyi separatçı-terrorçu Araik Arutyunyan və digərləri ilə görüşüb görüləcək işləri onlarla müzakirə edirlər... 
Üçüncüsü,  10 Noyabr razılaşmasının 4-cü bəndinə əsasən sülhməramlıların girişi ilə paralel  digər yerlərdə olduğu kimi, Dağlıq Qarabağ ərazisindəki erməni silahlı  birləşmələrinin də hamısı çıxarılmayıb və yalnız Hadrutdakı, Şuşanın kəndlərindəki kimi “partizanlıq” etdikdən, hərbçilərimizi qətlə yetirdikdən, mülki şəxslərimizi yaraladıqdan sonra yada düşürlər... 
Dördüncüsü, Azərbaycanın müvafiq qurumlarının nəzarəti olmadan Ermənistandan kimliyi dəqiq bəlli olmayan ermənilər kütləvi şəkildə  Qarabağa, Xankəndinə qaytarılır...  Onların arasında  yaxın gələcəkdə baş qaldıracaq ekstremist və terrorçuların olmadığına kim zəmanət verə bilər?.. 

Görünən odur ki, Rusiya Qafqazda və xüsusən Qarabağda özünün 3 əsr boyu əkdiyi erməni toxumunun kəsilməsini istəmir... Və Gülüstan və Türkmənçay müqavilələrindən sonra olduğu kimi, Kreml şovinistləri indi də ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsiylə məşğuldur. Bu həm də Putinin çıxışında xatırlatdığı “Qarabağın statusu”na “əsas” yaratmaq üçün vacibdir...

 Putin Qarabağ haqqında suala cavabında növbəti dəfə “münaqişənin Sumqayıtdan başlandığını və ermənilərin Qarabağda “öz həyat və ləyaqətlərini qorumaq üçün silaha sarıldıqları”nı bir  daha vurğulayıb.

"Köklər Sumqayıtda başlayan və daha sonra Dağlıq Qarabağa yayılan etnik münaqişədədir. Burada hər tərəfin öz həqiqəti var. Dağlıq Qarabağ erməniləri bir vaxtlar həyatlarını və ləyaqətlərini qorumaq üçün silah götürdülər. Və bu il münaqişənin kəskinləşdiyi zaman yaranan vəziyyət yarandı... Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət "beynəlxalq hüquqi normalar da daxil olmaqla, sadə normativ postulatlardan daha mürəkkəbdir" - Rusiya prezidenti belə deyir.

Xatırladaq ki, oktyabrın 22-də  “Valday” forumundakı çıxışında da Putin Sumqayıtda və Qarabağda erməni xalqına qarşı “amansız cinayətlər törədildiyi”ni vurğulamışdı.
Putindən soruşan yoxdur ki, nəyə görə öncə Sumqayıt olaylarını xatırladır. Nədən ondan əvvəl 1987-ci ildən Ermənistandakı 300 minə yaxın azərbaycanlıya qarşı başlanan  etnik təmizləmələrdən, İrəvandakı faşist çağırışlı mitinqlərdən və Sumqayıtdan sonrakı  20 Yanvar, Xocalı, Qaradağlı,  Ağdaban və s.  soyqırımlarından, Azərbaycanın hüquqi torpaqlarının 20 faizindən çoxunun işğalından bir kəlmə də danışmır...
Ona görə ki, bütövlükdə “münaqişə” adlanan bu dəhşətli prosesi, o cümlədən Sumqayıtı məhz  sovet “KQB” şəbəkəsi başladıb. Putinin Robert Köçəryan, Serjik Sərkisyan, Zori Balayan və s. kimi “KQB” agenti olan dostları başladıb...

İşğaldan sonra da Rusiya bölgədə, o cümlədən müstəqil Azərbaycandakı  həm siyasi, həm hərbi prosesləri məhz “KQB”-“QRU” ssenarisi ilə yürütməyə çalışıb və təəssüf ki, yüksək siyasi və hərbi postlardakı öz agentura şəbəkəsi vasitəsilə buna xeyli dərəcədə nail olub. Əgər 44 günlük savaşdan öncə Türkiyənin müvafiq qurumlarını  bizə dəstəyi olmasaydı, həmin  Kreml şəbəkələrinin, “5-ci kalon”un-filanın ordumuza, dövlətimizə qarşı nələr törədə biləcəyini təsəvvürə gətirmək çətin deyil...

Putinin açıqlamaları, Rusiya sülhməramlılarının  göstərdiyimiz və göstərə bilmədiymiz  əməllərinin  məntiqi təhlili göstərir ki, Kreml Qarabağda yeni, qəttəzə “KQB” senarisinin icrasına başlayıb. Və Putin əslində məlum çıxışlarındakı mesajlarla həmin senarini açıqlayır. Sözsüz ki, burada digər maraqlı güclərin, dövlətlərin də öz senariləri var. Ümumiyyətlə, super güclər regionu nəzarətdə saxlamaq, öz planlarına uyğun idarə etmək üçün erməni məsələsindən, erməni maşasından əl çəkmək niyyətində deyillər... 

Dövlətçiliyimizə, ərazi bütövlüyümüzə qarşı bu cür senarilərin qarşısını almaq xalq və dövlət olaraq borcumuzdur. Son 44 günlük müzəffər  savaşımız da göstərdi ki, biz bir olduqda hər şeyə qadir oluruq. Ətrafımızda, o cümlədən Qarabağda baş verən olaylara yalnız emosiya ilə deyil, ağıl, səbir və təmkinlə yanaşmalı, düşmənlərimizin birliyimizi pozmasına imkan verməməli, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və s. kimi Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndin də əsl azadlığına nail olmağa çalışan dövlətimizin yanında dayanmalıyıq...

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər