Azərbaycan Demokrat Partiyasının Xəzər (Əzizbəyov) Rayon Təşkilatının keçmiş sədri Balahüseyn Hüseynov 2003-cü ildə keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması tələbi ilə keçirilən 16 oktyabr 2003-cü il tarixli aksiyada iştirak etdiyinə görə vəhşicəsinə döyülərək ağır bədən xəsarətləri aldığı yəqin ki, çoxlarının yadındadır. Onun qan içində lentə alındığı şəkli həmin hadisələrin ən dəhşətli kadrı kimi həmin dövrün mətbuat orqanlarının manşetində yer tuturdu. Aldığı ağır bədən xəsarətlərinə görə 3 aya yaxın xəstəxanada yatdığı zaman da ona rahatlıq və normal müalicə olunmasına imkan verilmədi, daim təqib, təzyiq və ölümlə təhdid olundu. Öz vətənində hətta normal müalicə almaq hüququnun tapdandığına və həyatına təhlükə olduğuna görə həmin dönəmdə ölkəni tərk edərək mühacir həyatı yaşamağa məcbur oldu. 7 illik mühacir həyatından sonra B. Hüseynov 2011-ci ilin mayında ölkəyə qayıdaraq ADP-də siyasi fəaliyyətini davam etdirdi. Amma deyəsən 7 illik müddət onun hakimiyyət orqanlarının yaddaşından silinməsi üçün yetərli deyilmiş. Siyasi fəaliyyətə başladığı zamandan o, yenə də hakimiyyət orqanlarının təqibləri, təzyiqləri və təhdidləri ilə üz-üzə qalmış, hətta 27 iyun 2011-ci il ildə siyasi fəaliyyətinə görə həyatına sui-qəsd olunaraq ağır bədən xəsarətləri almış, bir neçə ay ev şəraitində müalicə olunmuşdur. Son aylarda siyasi fəaliyyəti nəinki onun, hətta qohum əqrabası, dost-tanışı üçün də əsil başağrısına çevrilmişdir. Onunla təmasda, dostluqda və qohumluq əlaqələrində olan insanlar da təqiblərlə üzləşmişdir. Bu vəziyyətdən ikiqat əziyyət çəkən Balahüseyn bir müddət hətta yaşadığı mənzildən belə çıxmayaraq cəmiyyətdən təcrid vəziyyətində yaşadı. Lakin onun siyasi fəaliyyətinə görə təkcə özünə deyil, bütün dost-tanışına qarşı təqib, təzyiq və təhdidlərin intensiv xarakter alması Hüseynov Balahüseyni yenidən ölkəni tərk edərək mühacir həyatı yaşamağa məcbur etdi. Görünür, bu hələ son deyilmiş. Aldığımız məlumata görə Balahüseyn ölkəni tərk etməsinə baxmayaraq bu gün də təqib olunmaqdadır.
Hüseynov Balahüseynin yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmış, onun harada olması ilə bağlı məlumat ala bilməyən şəxslər onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Balahüseynin yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Evdə olan ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər Balahüseynin ailə üzvlərini təhdid edərək, onu tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib. 10 il bundan öncə mühacir həyatı yaşamağa məcbur olan Balahüseynin taleyinə görünür 10 ildən sonra da eyni taleyi yaşamaq yazılıbmış.
Təəssüflər olsun ki, Azərbaycandakı mövcud rejim beynəlxalq təzyiqlərə, qınaqlara, eyni zamanda insan hüquq və azadlıqlarının ölkədə təmin olunması ilə bağlı nüfuzlu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə baxmayaraq özünün opponentlərinə və müxalif düşüncəli insanlara qarşı ənənəvi repressiv siyasətindən əl çəkmək niyyətində deyil. Cari ilin əvvəlindən ölkədə siyasi aktivliyin və etiraz dalğasının artmaqda olan dinamikası hakimiyyəti narahat etməyə başladı və hakimiyyət bu etirazların qarşısının alınması üçün islahatlar yolunu deyil, repressiv metodları seçdi. Bu il ərzində yüzlərlə insanlar bu repressiv siyasətin qurbanına çevrildi. Kimlərsə dəmir barmaqlıqlar arasına düşdü, kimlərsə döyüldü, işgəncələrə məruz qaldı, kimlərsə də Hüseynov Balahüseyn kimi bu repressiyadan qurtulmaq üçün ölkədən qaçmaq zorunda qaldı.
Məlumdur ki, Hüseynov Balahüseynin təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun ADP-çi olaraq fəal siyasi mübarizəsi ilə əlaqədardır. Hüseynov Balahüseyn ADP-çi kimi siyasi fəaliyyətinə, aksiyalarda fəallıq göstərdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, qeyri-qanuni olaraq saxlanılmış və müxtəlif müddətlərdə inzibati qaydada həbs olunmuşdur. Şübhəsiz, Hüseynov Balahüseyn kimi insanların fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.
Təbii ki, Hüseynov Balahüseyn və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd həm onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyətindən ciddi şəkildə narazı olan əhalinin gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir.