Ermənistanın uzun illər işğalda sağladığı Azərbaycan torpaqlarında böyük talanlar, dağıntılar həyata keçirdiyi, xalqımıza qarşı ağır cinayətlər törətdiyi məlumdur. Bəs bu cinayətlərin beynəlxalq aləmdə ifşası, tarixi yaddaşın qorunub saxlanılması baxımından erməni vəhşilikləri ilə bağlı filmlərin çəkilməsinə nə dərəcədə ehtiyac var?
Moderator.az-a açıqlama
verən xalq artisti Valeh Kərimov bu sahədə ciddi addımlar atmağın zəruriliyinə
diqqət çəkdi:
“Vətən Müharibəsi və bu
müharibə zamanı göstərilən qəhrəmanlıqların, igidliklərin filmlərimizdə öz əksini
tapmasına çox böyük ehtiyac var. Çünki bu, hər şeydən öncə xalqımızın qəhrəmanlıq
tarixidir.
75 ildir ki, II Dünya
Müharibəsi başa çatıb. Amma bu gün də bəzi dövlətlər II Dünya Müharibəsi ilə
bağlı çox maraqlı filmlər çəkirlər. Bu filmlər bizim üçün həm də o mənada maraqlıdır
ki, bizim xalqımız da faşizmə qarşı mübarizə aparıb, bu müharibədə iştirak
edib. Xalqımızın igid oğulları, qızları bu müharibədə iştirak edib. Buna görə də
faşizm üzərindəki qələbədən bizə də pay düşür.
Müharibə mövzusunda filmlərin
çəkilməsinə bizdə çox böyük tələbat var. Lakin bu mövzu ilə bağlı əsl filmlər çəkilməlidir.
Elə-belə, yalançı filmlərin çəkilməsinə ehtiyac yoxdur. Yaxşı film çəkməyi öyrənmək
lazımdır. Xalam oğludur, əmim qızıdır deyə kimisə kinoya çəkmək, kiməsə bu
yolla pul qazandırmaqla yaxşı film ərsəyə gətirmək olmaz. Yaxşı aktyorları
yığıb film çəkmək lazımdır. Həmin filmlərdə göstərmək lazımdır ki, ermənilər
bunca illər ərzində bizim başımıza hansı fəlakətlər gətirib. Faşist Almaniyasının
törətdiyi cinayətlər filmlər vasitəsi ilə necə ifşa edilirsə, biz də erməni
faşizminin cinayətlərini filmlər vasitəsi ilə beləcə ifşa etməli, dünyaya göstərməliyik.
Bu mövzuda çox filmlər çəkilməlidir.
Sadəcə filmlərdə deyil, ədəbiyyatda, digər sahələrdə də bu mövzu geniş
işıqlandırılmalıdır. Biz erməni vəhşiliyini, erməni talanlarını bütün dünyaya
yaymalı, onların bu cinayətlərini ifşıa etməliyik. Bunun üçün isə bizim nümunəvi
filmlərə, yaxşı əsərlərə ehtiyacımız var. Yalnız bu yolla biz qarşıya
qoyduğumuz məqsədə çata bilərik”.
Seymur ƏLİYEV