Bizi sosial şəbəkələrdən izləyin:
Nazirlər Kabineti yanında Operativ Qərargahın 7 dekabr 2020-ci il tarixə olan məlumatına görə ölkə ərazisində koronavirusa yoluxanların sayı 3086 nəfər təşkil edib. Bu, o deməkdir ki, bir gün öncə ilə müqaisədə virusa yoluxanların sayı 7,6% artıb. Belə ki, dekabr ayının 6-da götürülmüş 19197 testin 4356-da və ya 22,7%-də yoluxma halı qeydə alınsa da bir gün sonra götürülmüş 10190 testdə yoluxma sayı 3086 olub ki, bu da həmən testlərin 30,3%- deməkdir. Bir gün ərzində virusa yoluxanların sayında baş vermiş belə artım ciddi narahatçılıq doğurur. Görəsən Operativ Qərargah bu vəziyyətə nə vaxt operativ münasibət bildirəcək? Yada salmaq istəyirəm ki, ən sərt karantin rejimi tətbiq edilən dönəmlərdə ölkədə gündəlik virusa yoluxanların sayı indikindən 15-20 dəfə az idi.
Bu gün ən çox yoluxmaların olduğu yerlər ictimai nəqliyyat, ərzaq mağazaları və apteklərdi. Yoluxma riskinin ən böyük olduğu daha bir yer isə, nə qədər qəribə olsa da - testlərin götürüldüyü və bu işin yarıtmaz təşkil olunduğu tibb müəssisələridir. Bu yerlərin heç birində sosial məsafəyə demək olar ki, əməl olunmur. Bu işi real olaraq necə təşkil etməyin üzərində düşünməyin vaxtı yəqin ki, çatıb. Koronavirus pandemiyasına qədər Azərbaycanda hər gün müxtəlif xəstəliklərdən və müxtəlif səbəblərdən orta hesabla 72 adam dünyasını dəyişirdi. Bu gün yalnız koronavirus səbəbindən dünyasını dəyişənlərin sayının 40 nəfəri ötməsi – yəni buna qədərki bir gündə ölənlərin sayının 55%-i səviyyəsinə yüksəlməsi, ciddi düşündürücü bir vəziyyətdir.
Fikrət Yusifov, iqtisadçı professor, sabiq maliyyə naziri