Bu günlər bütün müsəlman dünyası Müqəddəs Qurban Bayramını qeyd edir. İslamın digər dinlərdən bir mütərəqqi üstünlüyü də hər fürsətdə savab əməlləri təbliğ və təşviq etməsi, insanların rifahı üçün unikal tənzimləyici qaydalar müəyyənləşdirməsidir. Bunlardan biri də islam bankçılığıdır. Bütün dünya bu gün qlobal maliyyə böhranının fəsadlarından yaxa qurtarmağa çalışdığı bir vaxtda islam dininin bu nəcib xüsusiyyəti bir daha diqqət çəkir. Ancaq etiraf edək ki, insanlarımız bu barədə az məlumatlıdırlar. İqtisadçı ekspert, keçmiş millət vəkili Nazim Məmmədov da Moderator.az-a açıqlamasında bir savab iş görərək islam bankçılığı barədə düşüncələrini oxucularımızla paylaşıb:
“Ən böyük islamçı bank kimi İslam İnkişaf Bankı
çıxış edir. Eyni zamanda müsəlman ölkələrindən Qətərdə, İndoneziyada da böyük
dövriyyəsi olan İslam bankçılığı var. 1983-cü ildə Türkiyədə ilk İslam bankının
açılmasına icazə verilib. Malayziyadakı Berhad Bankı indi dünyada dördüncü ən
böyük İslam maliyyə bank müəssisəsidir. Ümumilikdə, dünya üzrə İslam bankçılığı
prinsipləri əsasında fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivləri
2010-cu ildə 1 trilyon ABŞ dolları həddini üstələyib. Analitiklərin
proqnozlarına görə, 2015-ci ildən etibarən dünya müsəlmanları öz əmanətlərinin
yarısını İslam banklarında yerləşdirəcək. İslam bankçılığının əsas iş prinsipi
şəriət qaydalarına uyğun olaraq, faiz ödənişinə deyil, gəlir və xərclərin
bölüşdürülməsi prinsipinə əsaslanır.
ABB-nin Islam bankçılığı sahəsində gələcək
fəaliyyəti Bankda yaradılan İslam pəncərəsinin fəaliyyəti əsasən iki prioritet
istiqaməti əhatə edəcək: birinci istiqamət - Beynəlxalq İslam Maliyyə
bazarları, ikinci istiqamət - daxili maliyyə bazarı. İlkin mərhələdə
departament, mövcud Bank qanunvericiliyi çərçivəsində ölkə əhalisinə İslam bank
məhsul və xidmətlərinin təqdim olunmasını həyata keçirəcək. Beynəlxalq Maliyyə
bazarlarında əsas fəaliyyətinə maliyyə bazarlarına çıxışların təmin edilməsi,
bankın mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq maliyyə institutları ilə
əlaqələrin qurulması, investisiyaların ölkəyə cəlb edilməsi, beynəlxalq
iqtisadi layihələrdə bankın iştirakının təmin edilməsi prosesləri daxildir.
Daha sonra, ABB-nin Azərbaycan bank qanunvericiliyi və digər hüquqi-normativ
sənədlərə əlavə və dəyişikliklərin edilməsi haqqında təkliflərinin AR Milli
Məclisinə, AR Nazirlər Kabineti və AR Mərkəzi Bankına təqdim olunması nəzərdə
tutulub.
İslam bankçılığının normal bank sisteminə
alternativ olacağına şübhə edirəm, ancaq bu o demək deyil ki, Azərbaycan bu
prosesdən kənarda qalsın. Cəmiyyətin bir kəsimi öz inanclarına uyğun olaraq biznesdən
kənarda qalır, və iqtisadi fəal olmur, bank faizlərinin ümumən onların
dünyagörüşünə zidd olmasını əsas gətirərək fəaliyyət göstərmirlər.
Onları bu işə cəlb etmək üçün bu xidmət növünü
genişləndirmək lazımdır. İslam İnkişaf Bankı özü əslində BFV, DB na alternativ
olmasa da bunların əhatə dairəsinə də "müdaxilə" etməyə başlayıb,
alternativ imkanlar kimi rəqabəti də stimullaşdırır.”