“Vətən Müharibəsini elmi baxımdan “zəka müharibəsi” kimi xarakterizə etmək olar”
5457
20 Nov 2020 | 22:27

“Vətən Müharibəsini elmi baxımdan “zəka müharibəsi” kimi xarakterizə etmək olar”

Rafiq Əliyev: “Ağdamda ilk ziyarət edəcəyim yer valideynlərimin məzarı olacaq”

Bu gün hər bir azərbaycanlı üçün doğma olan Ağdamın yenidən Azərbaycanın nəzarətinə qayıtdığı, ana vətənlə qucaqlaşdığı gündür. 

Moderator.az olaraq dünya şöhrətli alim, akademik Rafiq Əliyevlə söhbətimizdə bu tarixi və unudulmaz hadisəni müzakirə etməyə çalıdşıq.

- Rafiq müəllim, nəhayət ki, bu gün 30 ilə yaxın ayrılıqdan sonra Ağdam azad edildi. Öncə bu böyük, tarixi hadisə ilə bağlı düşüncənizi, hiss və duyğularınızı bilmək istərdik. 

- Təbii ki, Böyük Vətən Azərbaycandır. Onun hər qarışı – istər Kəlbəcəri, istər Qubadlısı, istər digər rayonlarımız bizə əzizdir. Lakin siz də doğma el-oba sarıdan yaralı bir insan kimi bilirsiniz ki, insanın doğulduğu, boya-başa çatdığı yer onun üçün dünyadan böyük, hər yerdən müqəddəsdir. 

Ağdam mənim üçün Məkkədir. Mənim Ağdama bu münasibətimin səbəbləri çoxdur. Ilk növbədə, mənim uşaqlığım orada keçib, ilk hərfləri, əlifbanı orada öyrənmişəm. Mənim bir fikrim var, bəlkə də sizinlə işlədiyimiz yazılarda gedib. Mən dünyanın bir sıra məşhur universitetlrəində işləmişəm. Toronto, Corciya və s. universitetlər buna nümunədir. Mənim üçün bu universitetlərindən hamısından ulu oxuduğum Ağdamdakı 1 N-li məktəbdir. Əqli-zehhni baxımdan nəyim varsa, oradan götürmüşəm. Gəncliyim də doğma Ağdamda keçib. 

Insan xatirələrlə yaşayır. Ağdamdan ayrı qaldığımız bunca illər ərzində, bir dəfə də olsun Ağdamlı xatirələr məni tərk etmədi. Və çox şükürlər olsun ki, indi torpaqlarımız işğaldan azad olub. İnşallah biz Ağdamda da, Şuşada da olacağıq. 

- Rafiq müəllim, Ağdamın azad edilməsi fonunda sizi ən çox sevindirən və duyğulandıran nə oldu?

- Məni ən çox sevindirən, ən çox qürurlandıran Ağdamdakı 6 min şəhidin ruhunun sevinməsi oldu. İnanın, ən çox onların ruhunun sevincinə sevinirəm. Ən böyük sevincim odur ki, onların ruhu şad oldu. Məni ən çox qürurlandıran 16 Milli Qəhrəmanın ruhunun sevinməsidir. Hansı ki, mən onların çoxunu şəxsən tanıyıram. Məsələn, Allahverdi Bağırov mənim şagird yoldaşım olub. O, həm də çox yaxın qonşumuz olub. Onun mərdliyinə, kişiliyinə uşaq vaxtından şahid olmuşam.  Onların ruhunun sevinməsi mənim ruhumu təsəlli edir.

- Necə hesab edirsiniz, Vətən Müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən əsas amil hansıdır? 

- Qələbəmizi şərtləndirən əsas amil xalq+dövlət+ordu faktorunun sinergiyası, birliyi oldu. Əgər bunların biri olmasaydı, biz uğur qazana bilməzdik. 

Bir dəfə hərbi ekspert Emin müəllim (Emin Həsənlini nəzərdə tutur - red.) mənə zəng edərək dedi ki, səlis məntiqlə həkimlər belə düşünür ki, insan əgər 5 gün yuxusuz qalırsa, o, həyatını itirə bilər. Ancaq biz 44 gün və ondan da çox yuxusuz qaldıq, Qarabağın azadlığını gözlədik. Səhhətimizdə heç bir problem olmadı. Bu, nəyin nəticəsidir? Özü də cavab verərək bildirdi ki, bu, sizin Lütfi Zadə ilə birlikdə işlədiyiniz qeyri-səlis məntiqin interpretasiyasıdır. O, bunu deyəndə mən şoka düşdüm. Düşündüm ki, hərbçi adam qeyri-səlis məntiqlə bağlı bu incəliyi haradan bilir? Bu faktın özü ordumuzun, hərbçilərimizin vətənin azadlığı üçün necə böyük fədakarlıqlar göstərdiyinin sübutudur.

- Vətən Müharibəsinə sırf elmi baxımdan yanaşsaq, o zaman bu müharibəni necə, hansı ifadə və terminlərlə xarakterizə edə bilərik?

- Hesab edirəm ki,Vətən Müharibəsinə elmi baxımdan yanaşsaq, çox maraqlı həqiqətlərə şahid ola bilərik. Düşünürəm ki, bu müharibənin adını “zəka müharibəsi”, “intellekt müharibəsi” qoymaq lazımdır. Mən yenə də əvvəlki yazılarımıza istinad etmək istəyirəm. Biz həmişə demişik ki, müharibəni öncə masa, sonra isə döyüş meydanında udmaq lazımdır. Masa arxasında udmaq üçün böyük güc mərkəzlərinin fəzasında optimal bir nöqtə və vaxt seçmək lazım idi. Biz bunu edə bildik. 

Zəka faktoru həmçinin, özünü ordumuzun düşmənə qarşı tətbiq etdiyi müasir silah-sursat və texnika amilində də göstərdi. Biz efirə verilən materiallardan ordumuzun düşməni müasir silahlarla  necə məhv etdiyini gördük. Hansı ki, bu müasir texnologiyanın da arxasında süni intellekt amili dayanırdı. Bu baxımdan hesab edirəm ki, Vətən Müharibəsini “zəka müharibəsi” adlandırmaq olar. 

- Rafiq müəllim, Ağdamda ilk ziyarət etmək istədiyiniz yerlər hansıdır? 

- Inanıram ki, günlərin bir günü hökmən Ağdama, orada da sizinlə birlikdə Şuşaya qalxacağıq. Ağdamda ilk səfər edəcəyim yer isə valideynlərimin məzarı olacaq. Daha sonra, Xudu Məmmədov küçəsində yaşadığım evi görmək istərdim. Ev olmasa da, torpağı qalıb. Əyilib o torpaqdan öpmək istərdim. 

Mən Ağdamın özündə deyil, Novruzlu kəndində doğulmuşam. Oradakı həyətimizə getmək istərdim. Oradakı ağaclar qalıb, yoxsa yox, bilmirəm. Ağaclar qalmasa da olar. Yetər ki, torpaq qalsın. Əyilib əllərimlə o torpağa oxşamaq istərdim. Və daha sonra dünya universitetlərindən daha uca hesab etdiyim, inkişafımda özünəməxsuis yeri olan 1N-li məktəbi ziyarət etmək istərdim. 

- Rafiq müəllim, Ağdam və Qarabağa 30 illik həsrətdən, minlərlə şəhidin qanı bahasına yenidən qovuşa bildik. Sizcə bu 30 illik ayrılıq, bu torpaqların azadlığı uğrunda verilən qurbanlar bundan sonra həmin torpaqları bizim üçün ikiqat doğma, əziz və müqəddəs edəcəkmi?

- Şübhəsiz. Hesab edirəm ki, hər hansı bir dəyərin, nemətin qiyməti onun əldə edilməsinə çəkilən zəhmətin miqyası ilə deyil, onunla aradakı məsafə, uzaqlıqla ölçülür. Bu 30 il ərzində Ağdam bizə sonsuz dərəcədə uzaqda idi. Ona görə də onun qiyməti bizim üçün heç bir şeylə ölçülə bilməz. Bu baxımdan, bu gün Ağdamın, işğaldan azad edilən digər torpaqlarımız bizim üçün ikiqat deyil, sonsuzluq qədər dəyərli və müqəddəsdir. Onu qorumaq üçün biz əvvəlkilərdən 10 qat artıq can qoymalıyıq ki, bir də bu torpaqlar əlimizdən çıxmasın. Bir də belə faciə yaşamayaq. 

- Hələ sovet dönəmində belə bir fikir var idi ki, Qarabağ, xüsusilə də Ağdam və Şuşa Azərbaycana daha çox mədəniyyət və incəsənət xadimləri verir. Sizcə bu yanaşma nə dərəcədə məntiqli və obyektiv sayıla bilər?

- Həqiqətən də 1987-89-cu illərdə belə bir fikir yayılmışdı ki, Azərbaycanın bir tərəfindən oxuyanlar, mədəniyyət xadimləri çıxır, digər tərəfindən isə məmurlar, ziyalılar, müəllimlər, həkimlər və s. Bu fikri hələ o zaman tənqid edənlər çox oldu. Allah Ağdam və Şuşanın havasını elə yaradıb ki, orada oxuyub-çalmayan yoxdur. Lakin bu, heç də o demək deyil ki, Qarabağ ancaq oxumaqla, çalmaqla məşğuldur. Şuşadan Üzeyir Hacıbəyov, Əbdülrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, müasirlərdən rəöhmətlik Cəlal Allahverdiyev və s. var idi ki, onların hamısı böyük şəxsiyyətlər idi. 

Ağdamdan da çox böyük elm adamları çıxıb. Mən bu gün İctimai TV-də verilişdə idim. Orada belə bir fikir səsləndirdim ki, “Xudu Məmmədov Qarabağın simvoludur”. Mən bu sözü işlədəndə aparıcı bu fikrə öz əlavəsini etdi və düşünürəm ki, bu, yerində edilən əlavə oldu. O, bildirdi ki, “Xudu Məmmədov Azərbaycanın simvoludur”. Lətif İmanov, Ziyəddin Göyüşov, Bayram Bayramov, Famil Mehdi, Şahmar Əkbərzadə və s. kimi böyük elm adamları, yaardıcı şəxsiyyətlərdə  buna nümunədir. 

Ən sevindirici məqamlardan biri də indiki gənclərimiz arasında kifayət qədər istedadlı şəxslərin mövcud olmasıdır. Mümkünsə indi deyəcəyim fikirlərin müsahibədə yer almasını istəyirəm. 
Sizdəki qələm və ürək haqında dəfələrlə Rəfael Tağızadəyə də, Zülfüqar müəllimə də demişəm. Hər dəfə bildirmişəm ki, Seymurun qələmi də, ürəyi də başqadır. İnanıram ki, siz və sizin kimi gənclər onların yerini dolduracaq və biz daha da qabağa gedəcəyik.

Seymur ƏLİYEV
Link kopyalandı!
Son xəbərlər