İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri müzəffər ali baş komandanın rəhbərliyi altında dünyaya örnək olacaq nümunə göstərdilər. 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qalan yurd yerlərimizin işğaldan azad edilməsində hər kəs iştirak etdi. Kimi ön cəbhədə, kimi arxa cəbhədə, kimi də cəbhə üçün əlindən nə gəlirdisə onu da etdi. Və sonuc da uğurlu bir qələbə ilə yekunlaşdı. Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar haqqında hələ çox yazılacaq, çox danışılacaq. Bu gün sizlərə 22 illik silahlı qüvvələrdə xidmətini başa vurduqdan sonra tərxis olunan, lakin Azərbaycanın əks-hücum əməliyyatları başlayanda könüllü olaraq hərbi komissarlığa müraciət edərək yenidən xidmətini davam etdirmək istədiyini bildirən bir zabitimiz haqqında qısaca da olsa məlumat vermək istərdik.
Samir Səfərov 1979-cu ildə Bərdə rayonunda doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə qəbul edilmiş, 2000-ci ildə həmin məktəbi bitirmişdir. Müdafiə Nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Gədəbəydəki N saylı hərbi hissəyə göndərilmiş, hərbi hissədə tərbiyəvi işlər bölməsində təlimatçı vəzifəsində işləməyə başlamışdır. Sonrakı ayrı-ayrı illərdə Lənkəran, Füzuli, Gəncə və Goranboydakı hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışmışdır. 2015-ci ildən Tərtərdə N saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini olmuşdur.
Azərbaycan zabiti, polkovnik-leytenant Samir Səfərov Azərbaycan Respublikası Silahlı Qüvvələrində nümunəvi xidmətinə görə "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsi ilə təltif olunmuşdur.
2016-cı ilin aprel döyüşlərində Tərtər istiqamətində iştirak etmiş, “Ohanyan müdafiə xətti”nin yarılmasında, Talış kəndi ətrafındakı yüksəkliklərin alınmasında fəal iştirak etmişdir.
Samir Səfərov Azərbaycan Respublikası Müdafiə nazirinin 2018-ci ildə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Lakin İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmətinə davam etməyə başlamış, Füzuli, Cəbrayıl, Zəngilan döyüşlərində iştirak etmişdir. Xüsusən Arazboyu sərhəd kəndlərimizin işğaldan azad edilməsində fəallıq göstərmişdir. Sonrakı günlərdə isə Qubadlı və Laçın rayonlarında döyüşmüş, Şuşa şəhərinin azad olunmasında əsgər və zabit yoldaşları ilə birlikdə əsl qəhrəmanlıq göstərmişdir.
Polkovnik-leytenant Samir Səfərovun timsalında zəfər qazanan Azərbaycan Silahlı Qüvvələrinin bütün əsgər və zabitlərinə Allahdan can sağlığı arzulayır, Şəhidlərimizə isə Allahdan rəhmət diləyirik.
Var olsun qalib Azərbaycan xalqı.
Var olsun qalib Azərbaycan ordusu.
Var olsun müzəffər Ali Baş komandan.
Elnur Eltürk