“Məzlum” faşizm, “diplomatiya cəngavəri” və sadədən sadə sual...
Ermənilərin bütün tarixi dövrlərdə özlərini bəşəriyyətə dünyanın ən məzlum, əzabkeş xalqı obrazında təqdim etdiyi, yalançı göz yaşları, saxta ahu-zar, qondarma “fakt”lar və saysız-hesabsız riyakarlıqlarla dünyanı bu yalana inandırmağa çalışdığı şübhəsizdir. Bütün Qarabağı qan gölünə döndərən, bu torpaqları 30 ilə yaxın müddətdə işğalda saxlayan, Xocalıda faşizm ideologiyasının banisi və ilhamvericilərini belə dəhşətə gətirəcək soyqırımına imza atan Ermənistanın, bir əli qanda olduğu halda, digər əli ilə simasına məzlum maskası taxması ikiqat ikrahedici təsir bağışlayır. Bu baxımdan Hitler Almaniyası və Mussolini İtaliyasından fərqli olaraq, erməni faşizmini “məzlum” faşizm kimi xarakterizə etmək mümkündür.
Çünki erməni faşizmi özünün bütün cinayətlərini məhz məzlum maskası altında – özünün əzildiyini, qırıldığını, zorakılığa məruz qaldığını car çəkə-çəkə, qurbanının başına gətirdiklərini sanki öz başına gəlibmiş kimi göstərərək törədib. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Azərbaycan ordusuna məğlub olan Ermənistanın Gəncə, Bərdə, Mingəçevir və s. şəhərləri raket zərbələrinə məruz qoyması, onlarla mülki şəxsin ölümünə imza atması faktının arxasında da məhz məzlum donunda zühur edən erməni faşizmi dayanır. Hansı ki, istər prezident İlham Əliyevin, istər Azərbaycan mediasının, istərsə də ölkə diplomatiyasının erməni faşizminin Vətən Müharibəsindəki cinayətlərini uğurla ifşa etdiyi birmənalıdır.
Diplomatik cəbhədən açılan “atəş”: Ermənistanı gözləyən
ədalət divanı...
44 günlük Vətən Müharibəsi
ilə bağlı başlıca məqamlardan biri də savaş dönəmində Azərbaycanın sadəcə hərbi
müstəvidə deyil, həm də diplomatik müstəvidə ciddi aktivlik sərgiləməsi, böyük
uğurlara nail olması oldu. Müharibə zamanı diplomatiyamızın ən mühüm xidmətlərindən
biri Ermənistanın mülki insanlara, dinc sakinlərə qarşı həyata keçirdiyi qətliyamları,
terror aktlarını çevik şəkildə ifşa etməsi, bunu operativ şəkildə dünya
ictimaiyyətinin diqqətinə çatdırması idi. Bu məsələdə ən böyük iş yenə də ölkə
başçısının üzərinə düşdü. Məhz prezident İlham Əliyevin müharibə ərzində xarici
mediaya verdiyi çoxsaylı müsahibələr Ermənistanın terrorçu mahiyyətini ifşa
etdi, onun bütün iyrəncliklərini bəşəriyyətə ən xırda çılpaqlığı ilə göstərdi.
Ölkəmizin diplomatiya cəbhəsində
yer alan, öz mübarizliyi, fədakarlığı ilə diqqət çəkən, erməni yalanlarını öz dəmir
məntiqi ilə ifşa edən simalardan biri də Azərbaycan Respublikası Prezidentinin
köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev oldu. Ermənistanın işlətdiyi hərbi cinayətləri konkret
faktlar əsasında ifşa edən, Azərbaycanda
fəaliyyət göstərən bütün səfirlik və diplomatik korpusların əməkdaşlarını bu
barədə bilavasitə məlumatlandıran Hikmət Hacıyev, Vətən Müharibəsindəki fədakarlığı,
məhsuldar fəaliyyəti ilə “diplomatiya cəngavəri”
statusuna layiqliyini sübut etdi. Habelə, o, öz əməyi, sadəliyi və peşəkarlığı
ilə hər kəsə sübut etdi ki, bütün bu keyfiyyətlər sayəsində dövlətə layiqincə
xidmət etmək, xalq üçün faydalı olmaq, millətin sevimlisinə çevrilmək
mümkündür.
Bundan başqa, Hikmət
Hacıyev işğalçı ölkənin terrorçu siyasətini ifşa etməklə yanaşı, həm də Ermənistanı
gözləyən ədalət divanının uzaqda olmadığını göstərdi. Hikmət Hacıyevin açıqlama
və bəyanatları bir kəs daha sübut etdi ki, Ermənistan xalqımıza qarşı yol
verdiyi cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında da cavab verəcək, bir
kəs daha dünya ictimaiyyəti qarşısında ifşa olunacaq.
Sadədən sadə sual, yaxud matla nəticələnən gediş...
Hikmət Hacıyevin düşmənin
terrorçuluq siyasətini ifşa etmək yönündə atdığı ən effektiv addımlardan biri, xarici
dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin Ermənistandan atılan raketlərlə
dağıdılan şəhərlərə səfərlərini təşkil etməsi oldu. Məhz bu səfərlər sayəsində əcnəbi
diplomatların baş vermiş dağıntı və tələfatı bilavasitə müşahidə etməsi, öz
gözləri ilə görməsi təmin edildi ki, bu da həm erməni cinayətlərinin ifşası, həm
də onların fakt qarşısıdna qoyulması baxımından son dərəcədə əhəmiyyətli idi.
Bu səfərlər əsnasında
Hikmət Hacıyevin əcnəbi diplomatlarla rəfdarı, onlara verdiyi sual və izahlar
da Ermənistanın dinc insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərin
ifşasında mühüm rol oynadı, xarici diplomatları erməni cinayətlərini görmək və
etiraf etmək məcburiyyəti qarşısında qoydu. Millət vəkili Naqif Həmzəyev
oktyabrın 15-də saytımıza verdiyi açıqlamada Hikmət Hacıyevin əcnəbi
diplomatları öz sadə və məntiqli sualları ilə fakt qarşısında qoyduğuna diqqət
çəkərək deyib:
“Bildiyiniz kimi, Azərbaycanda
fəaliyyət göstərən bütün diplomatların, səfir və atteşələrin Gəncəyə və Mingəçevirə
səfəri təşkil edildi. Bu, çox gözəl bir addım oldu. Çünki həmin diplomatlar,
beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə prosesi izlədilər. Gəncə
sakinləri ilə ünsiyyətdə oldular. Onlar özləri də inana bilmirdilər ki, necə
olur ki, uzaqmənzilli raket dinc əhalinin yaşadığı bir yerə atılır. Onlara hörmətli
Hikmət Hacıyev dəfələrlə sual verdi ki, burada hansısa hərbi obyekt
görürsünüzmü?
Diplomatlar özləri də
şoka düşmüşdü ki, hərbi obyektlərin olmadığı bir yerə, dinc əhalinin yaşadığı
bir yer necə, hansı məntiqlə raket zərbəsi endirilə bilər? Burada hər yer məktəblər,
xəstəxanalar, yaşayış obyektləri, ticarət mərkəzləridir”.
Bu açıqlamadan da məlum
olduğu kimi, Hikmət Hacıyev əcnəbi diplomatları “burada hansısa hərbi obyekt
görürsünüzmü” kimi sadədən sadə bir sualla fakt qarşısında qoyur, onları üz-üzə
dayandıqları reallığı görməyə, həqiqəti etiraf etməyə vadar edirdi. Bu, Hikmət
Hacıyev tərəfindən həyaqta keçirilən və mahiyyət etibari ilə matla nəticələnən
bir gediş idi. Çünki gördükləri mənzərə qarşısında heç bir əcnəbi diplomatın bu
suala “xeyr”dən başqa veriləcək bir cavabı yox idi. Və bu “xeyr” sözü Ermənistanın
hərbi cinayətinin etirafı idi. Hansı ki, indiki məqamda ehtiyac duyulan yeganə
şey Ermənistanın etdiyi cinayətlərə görə
beynəlxalq məhkəmə qarşısında cavab verməsi, Azərbaycana kompensasiya ödəməsi və
hərbi müstəvidə aldığı məğlubiyyətin acısını bütün sferalarda yaşamasıdır. Bunun
üçün isə dünyanın erməni cinayətlərindən xəbərdar olması, haqqın Azərbaycanın
yanında olduğunu etiraf etməsi və ölkəmizi
dəstəkləməsi vacibdir.
Seymur ƏLİYEV
e-mail: seymur_dq04@mail.ru









