ABŞ Dövlət Departamenti radikal meylli uyğurların “Şərqi Türküstan İslam Hərəkatını” noyabrın 10-da terrorçular siyahısından çıxarıb. Adı çəkilən hərəkat 16 il əvvəl Amerikada terrorçular siyahısına salmışdı. Çünki 2000-ci illərin başlanğıcında Amerika beynəlxaq terrorçulara qarşı mübarizə aparırdı və tərəfdaşlara, o cümlədən Çinlə əməkdaşlığa ehtiyac var idi. İndi isə durum fərqlidir. Çin ABŞ-ın əsas rəqibləridəndir.
ABŞ Çini uyğurlara qarşı
qeyri-insani münasibətdə günahlandırır. Uğurlar Çində xüsusi əmək düşərgələrinə
cəlb edilir, onlarla “izahat” işləri aparılır. Donald Tramp prezident olduğu 4
ildə Çinə qarşı müxtəlif sanksiyalar tətbiq etdi. Donald Trampa qarşı mübarizə
aparan Konqresin özü də son bir ildə Çinə qarşı müxtəlif sanksiyalara yaşıl
işıq yandırdı. Başqa sözlə bir çox məsələdə fikir ayrılıqları olan
demokratlarla respublikaçı Donald Trampın Çinə qarşı baxışı eyni idi və hər
ikisi uyğurlara əziyyət verildiyini bildirirdi.
Donald Tramp prezident
seçkisində məğlub oldu. Tramp Cozef Baydenin prezident seçilməsini qəbul etməsə
də, dünya liderləri Ağ Evin yeni sahibini təbrik etməkdədirlər. Təbrik edənlər
arasında Trampın yaxın dostu Böyük Britaniyanın baş naziri Boris Conson da var.
Özü də Boris Conson Baydeni ilk təbrik edənlər arasında olmasıyla fəxr edir.
Əsas sual budur: Cozef
Baydenin xarici siyasəti və Çinə münasibəti necə olacaq? Başqa sözlə Bayden
Trampın Çinə qarşı sərt siyasətini davam etdirəcəkmi?
Cozef Baydeni Trampdan fərqli
olaraq Rusiyanı Amerikanın əsas düşməni, Çini isə əsas rəqibi adlandırıb. Ancaq
bu o demək deyil ki, Bayden Çinlə münasibətləri yumşaltmağa çalışacaq. İki
böyük dövlət arasında ticarət müharibəsi bir qədər səngisə də, Vaşinqtonun
anti-Çin ritorikası zəifləməyəcək. Məsələn, Vaşinqton həmişə olduğu kimi Çinin
yüksək texnologiyalara yiyələnməsinə mane olacaq. Məlumdur ki, Çin illərdir ki,
müxtəlif yollarla Amerikanın yüksək texnologiyalarını əldə etmək üçün hər vasitəyə
əl atıb. Amerikada hər il xeyli çinli casus həbs olunur. Həmin casusların bir məqsədi
var – Amerikanın elmi mərkəzlərindən və böyük şirkətlərdən texnoloji kəşfləri
oğurlamaq. Bayden də Tramp kimi ölkəsinin texnologiyalarını Çindən qorumaq məcburiyyətindədir.
Əks halda Baydeni Çinə yumşaq siyasət yürütməsinə görə ittiham edəcəklər.
Amerika ilə Çin
arasındakı digər gərgin mövzu Honkonq və Tayvan adasıdır. Çin hər ikisini özününkü
sayır. Amerika isə Honkonqu və Tayvanı Çinin təzyiqlərindən qorumağa çalışır.
Bu baxımdan Bayden də Tramp kimi Çinin hərbi qüdrətinin artmasına və Pekinin
qonşularını təhqid siyasətinə qarşı çıxış edəcək.
“Atlas” Araşdırmalar Mərkəzi