Təxminən 200 il bundan əvvəl də Azərbaycan torpaqları xarici işğalçıların hücumuna məruz qalmış, torpaqlarımız müharibə meydanına çevrilmişdir. İki Rusiya-Qacar müharibələri (1804-1813 və 1826-1828) nəticəsində Quzey Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. Çar Rusiyasının müharibədə hərbi-siyasi uğurlarına baxmayaraq,yaxşı başa düşürdü ki, Cənubi Qafqazda onun mövqeyi kifayət qədər möhkəm deyil. Ona görə də bu yerlərdə özünə xristian dayağı yaratmaq, eyni xalqın arasında xristianlardan ibarət bir tikanlı hasar yaratmaq məqsədilə İran və Türkiyə ərazisində yaşayan erməniləri kütləvi şəkildə Qarabağ, İrəvan və Naxçıvan torpaqlarında yerləşdirməyə başlamışdır. XVIII əsrdə - I Pyotrun 1724-cü il noyabrın 14-də verdiyi xüsusi əmrdə deyilirdi:”Erməni xalqı bizdən xahiş etmişdir ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona kömək edib ləyaqətlə qoruyun, çünki biz burada erməni xalqını imperatorluq qayğısı ilə əhatə edib, öz himayəmizə götürmüşük”.
XIX əsrin birinci yarısında tanınmış rus yazıçısı A.S.Qriboyedov öz ermənipərəstliyi ilə seçilirdi. A.Qriboyedov Qacar dövlətində çar Rusiyasının səfiri olmuşdur və şahidi olduğu, gördüyü, eşitdiyi bütün hadisələri qələmə almışdır. Bununla belə o, öz qeydlərində yazırdı ki, ermənilərin buraxıldığı torpaqlara (əsasən Quzey Azərbaycanı – N.Ə.) əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və (sonuncuların) düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişdik. A.Qriboyedov yazırdı ki, indi biz müsəlmanları düşdükləri bu çətin vəziyyətlə razılaşdırmalı, ermənilərin burada müvəqqəti qalacaqlarına onları inandırmalıyıq ki, azərbaycanlılar “ermənilərin ilk dəfə ayaqları dəyən torpaqlara həmişəlik yiyələnirlər” fikrindən daşınsınlar. O, göstərir ki, köçürülmüş ermənilərin əksəriyyəti müsəlman mülkədarlarının torpaqlarında məskunlaşdırılır və az sonra onları sıxışdırmağa başlayırdılar.
Ermənilərin Güney Azərbaycanından Rusiyaya köçürülməsi məsələsi ilk dəfə olaraq XIX əsrin birinci yarısında rus yazıçısı, tarixçisi və memuaristi S.Qlinkanın “Ermənilərin Azərbaycandan Rusiyaya köçürülmələri” adlı əsərində öz əksini tapmışdır. Əsərdə müəllif 1828-ci ildə İrandan Rusiyaya 40 min erməninin köçürülməsi və yerləşdirilməsindən bəhs edir. Çar Rusiyası öz ağalığını bütün Qafqazda möhkəmləndirmək üçün yerli əhali və Osmanlı, Qacar dövlətləri ilə süngü və top dilində danışmaqla kifayətlənməyərək, burada köklü etnodemoqrafiya dəyişikliyi yaratmağa çalışırdı. Məlumdur ki, I Pyotrun zamanından Güney Qafqazın müsəlman toplumlarının xaçlı ermənilərlə “əvəz edilməsinə” yönəlmiş bir siyasət yeridilməkdə idi. Hətta Rusiya azadlıq hərəkatının təmsilçiləri də bu siyasətin güclü təsiri altında idilər. P.Pestelin “Russkaya Pravda” adlanan “zadəgan-inqilabçı proqramından bunu aydın görmək olar:1.Rusiya ilə İran (Qacar- N.Ə.), həm də Türkiyə arasında ...yaşayan bütün xalqlar... tabe edilməli; 2.Bütün Qafqaz xalqları iki çeşid sayılmalıdır: dinc olanlar və quduzlar. Birinciləri yurdlarında saxlamalı, onlara Rusiya idarəsi ... vermək, ikinciləri isə Rusiyanın içərilərinə köçürüb kiçik sayla səpələmək lazımdır.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Rusiyada ictimai-siyasi xadim N.N.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın özgə xalqlara nöbvbəti satışı” əsərinin elmi dəyəri böyükdür. Əvvəla, müəllif əsərdə cərəyan edən tarixi proseslərin içində olmuş, müşahidə etmiş, izləmiş və ona münasibət bildirmişdir. N.N.Şavrovun qənaəti ondan ibarətdir ki, nəinki ayrı-ayrı ailələr, hətta bütöv kəndlər öz yaşayış yerlərini tərk edir, artıq ruslar tərəfindən məskunaşmış yerlərdə məskən salırdılar.
N.N.Şavrov yazır: türklərlə qələbə ilə başa çatmış 1877-1878-ci illər müharibəsi bizə yeni məskunlar bəxş etdi:1877-1879-cu illərdə Qars vilayətinə 50.000 erməni,40.000 min yunan, erməni mənşəli general Terqukasov Sürməli qəzasına 35.000 Türkiyə ermənisini köçürmüşdü. Müəllif rusların burada məskunlaşdırılmasının hərbi-siyasi əhəmiyyətini açıqlayır: İranla sərhədlərin qorunmasına kömək edəcək, xüsusən cənubdan hücum edən şahsevən tayfasının basqınlarından qorunmaqda, rus əhalisinin Persiya,Osmanlı, Dağıstan və gürcülər bizə qarşı birləşdikdə onlara müqavimət göstərəcək, əgər Şərqi Zaqafqaziyada (Şimali Azərbaycan – N.Ə.) 1 milyon rus yerləşdirsə, gələcəkdə Osmanlı ilə müharibədə biz böyük üstünlük qazanarıq. O, rus əhalisinə yerli xalqları ruslaşdırmaq aləti kimi baxırdı.Onları müsəlman və digər yerli xalqların yaşayış məskənləri arasında yerləşdirmək lazımdır ki, onları parçalamaq, itaətdə saxlamaq asan olsun.
XIX əsr və XX əsrin əvvəllərindəki erməni sosial mühitini V.Veliçko belə xarakterizə edir: ermənilər haqqında qədimdən pis fikir yaranıb.V.Veliçko rus dövlət məmurlarının erməni din xadimlərinin hiyləgərliyinə aldandıqlarına, onların bəd əməllərini anlamamaqda, tədbir görməməkdə qınayırdı. Rus məmləkətlərində erməni məsələsi bəzən iri sıçrayışla irəli hərəkət edərək o vaxtdan öz inkişafını durmadan davam etdirirdi. Türkmənçay müqaviləsinə görə Üçmiədzin Rusiyanın tərkibinə daxil olmuşdur və katalikos bütün ermənilərin ümumdünya patriarxı hüquqlarında qalmışdır ... ermənilər böyük nüfuz qazanan dövlətin içərisində teokratik dövlət yaratdılar. Müəllif XIX əsrin ikinci yarısında ermənilər arasında tayfa ayrı-seçkiliyinin (separatizmin) sürətlə artmasını Rusiyaya qarşı xəyanət hesab edirdi. V.Veliçko Azərbaycan tatarlarının (türklərin, azərbaycanlıların) zəhmətkeşliyini qeyd edir, türklərin “vəhşiliyini” isə ermənilərin və Qərbin şişirtdiyini göstərir.
Beləliklə, XIX əsr və XX əsrin əvvəllərində rus tarixşünasığında da göründüyü kimi, çar höküməti erməniləri bu yerlərə köçürməklə müsəlman-türk əhalisi içərisində özünə xristian dayağı yaratmaq və müharibələrin gedişində Rusiyanın xeyrinə satqınlıq etmələri məqsədilə İran və Türkiyə ərazisində yaşayan erməniləri kütləvi şəkildə Azərbaycan torpaqlarında yerləşdirmişdir ki, bununla da ölkəmiz qarşısında duran qlobal problemlərin bünövrəsini qoymuşdur.
ADPU, Azərbaycantarixikafedrasınınmüdiri, dosentNaibə Əhmədova