Cəmil Həsənli: “Ölkənin sərvətlərini vətəndaşın rifahına sərf etməklə biz o ləyaqəti vətəndaşlarımıza qovuşduracağıq”; “Bunlar ölkənin sərvətlərini, işğal olunan torpaqları azad etmək əvəzinə, öz sərvətlərini artırmaqla məşğuldurlar”
Oktyabrın 5-də Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Yasamaldakı “Məhsul” stadionunda sonuncu görüş-mitinqi keçirildi. Ötən mitinqdə olduğu kimi, polis mitinqin keçirildiyi “Məhsul” stadionunun girişində post qurmuşdu. Mitinqə gələnlər bir-bir yoxlanıldıqdan sonra əraziyə buraxılırdılar. Polis eyni zamanda yaşı 18-ə çatmamış gəncləri stadiona buraxmırdı. Havanın yağmurlu olması mitinqə toplaşanlara mane ola bilmədi. Bakı və respublikanın rayonlarından gələn Milli Şura tərəfdarları mitinq meydanını qısa zamanda doldurdular.
Mitinq Dövlət Himninin səsləndirilməsi ilə başladı. Mitinqin aparıcı gənc fəal Aygün Pəncəliyeva Milli Şuranın vahid Namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin mitinq meydanına gəldiyini elan etməsi ilə meydandakı coşqu birə-beş artdı.
Qeyd edək ki, keçirilən mitinq Milli Şuranın sonuncu görüş-mitinqi olduğundan meydana yalnız Cəmil Həsənlinin portreti vurulmuş lövhələr, Azərbaycan bayraqları və siyai məhbusların fotoları buraxılırdı.
“Məramımız və məqsədimiz layiqli həyat, demokratik cəmiyyət qurmaqdır”
Budəfəki mitinqdə təkcə Cəmil Həsənlinin çıxışı nəzərdə tutulduğu üçün aparıcı vaxt itirmədən sözü Milli Şuranın vahid namizədinə verdi. Cəmil Həsənli yağışlı havada mitinqə gələn bütün Milli Şura tərəfdarlarını salamladı. O daha sonra seçki platformasında nəzərdə tutulan bir çox məsələlər barədə onları məlumatlandırdı. Cəmil Həsənli indiki hakimiyyətin 20 ildir Qarabağ problemindən istifadə edərək cəmiyyətə gizli formada mesaj verdiklərini vurğuladı: “Bunlar ölkənin sərvətlərini işğal olunan torpaqları azad etmək əvəzinə, öz sərvətlərini artırmaqla məşğuldurlar. Olar bu sərvətləri özlərinin hakimiyyətdə qalmasına sərf etdilər. Ar olsun bunlara!”
C.Həsənli qeyd etdi ki, məramımız və məqsədimiz layiqli həyat, demokratik cəmiyyət qurmaqdır: “Layiqli həyat vətəndaşın öz ölkəsində layiqli yaşamasıdır. Bir milyon 250 mindən artıq pensiyasçı vətəndaşımızın ləyaqətli həyatından gedir söhbət, dövlət müəsissələrində məmur həyatı keçirən milyonlarla vətəndaşımızın normal həyat təminatından gedir söhbət, 300 mindən yuxarı müəllimin səfil gündə dolanmasından gedir söhbət. Bu ölkənin həkiminin, mədəniyyət işçisinin, müəlliminin haqqı təmin olunmadan ləyaqətli həyat tərzi yaşamaq mümkün deyil. Onu bu məmləkətə biz gətirəcəyik. Ölkənin sərvətlərini vətəndaşın rifahına sərf etməklə biz o ləyaqəti vətəndaşlarımıza qovuşduracaq. Millətimiz imzasını dünya millətlərinin imzası sırasına atacaq. Deyəcək ki, biz varıq”.
Milli Şuranın vahid namizədi bildirdi ki, hakimiyyət öz oğurluğuna müqavimət göstərən ölkənin dəyərli insanlarını zindana atıb: “Bunlar millətin dəyərli övladlarını qaralamağa, çirkab atmağa milyonlar xərcləyirlər. Amma əvəzində xalqın müqaviməti ilə qarşılaşırlar. Budur o xalq sizsiniz, meydanlardasınız, öz haqqınızı tələb edirsiniz. Eşq olsun sizlərə!”
Cəmil Həsənli qeyd etdi ki, Milli Şura millətin iradəsi ilə bu yoldadır: “Millətimizlə çiyin-çiyinə bu mübarizəni qalibiyyətə aparacağıq. Milli Şura böyük islahatlar proqramı ilə sabaha gedir. Bu islahatlar proqramı siyasi, iqtisadi, mədəni və mənəvi bir sözlə həyatımızın bütün sahələrini əhatə edir. Xalqı ədalətli və demokratik seçkilərlə öz hakimiyyətini özünə qaytaracağıq. Hakimiyyətin mənbəyi xalqdır, bundan sonra bu məmləkətdə xalqın iradəsi qarşısında heç bir iradə dayana bilməyəcək. Azərbaycan Millin Məclisi bu gün qanunvericilik təşəbbüsü ilə yox, təmir əməliyyatı aparan bir orqana çevrilib. İnsanların demokratik haqları bir-bir qanunlardan çıxarılıb. İndi biz avtoritar rejimin idarəçiliyi olan bir məmləkətdə yaşayırıq. Avtoritarizmin qarşısında biz varıq. Biz imkan vermərik ki, avtoritar rejim bizim insanlarımızı əzsin”.
“Hakimiyyətdəkilər biyan kökü haqqında qanun qəbul etdi, neft gəlirləri ilə bağlı qanunu qəbul etmədilər”
Cəmil Həsənli çıxışı zamanı bildirdi ki, hər il ölkəmizdə yetişən savadlı və ləyaqətli mütəxəssislər məcburiyyət qarşısında ölkəni tərk etmək məcburiyyətində qalıblar: “Bizim ölkəmizin ürəyi demokratik və milli mənəvi dəyərlə çırpınan ziyalıları var. Yüz minlərlə mühacir insanımız vətənə qayıdacaq. Onları biz öz yurd-yuvalarına dəvət edəcəyik. O insanları biz ölkənin idarəçiliyinə cəlb edəcəyik. Onlar şərəflə vətən qarşısında öz xidmətlərini göstərəcəklər. Mən 10 il Milli Məclisdə təmsil olundum. Hər il neft gəlirləri haqqında qanunun qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış edərkən, bunlar mənə imkan vermədilər. Hakimiyyətdəkilər biyan kökü haqqında qanun qəbul etdi, neft gəlirləri ilə bağlı qanunu qəbul etmədilər. Bu gün Azərbaycan neftini hüquqi bazası yoxdur”.
Cəmil Həsənli qeyd etdi ki, dünyaya böyük mədəniyyət bəxş etmiş xalqımızın gününə baxın: “5-6 yaltağı qabağa çəkməklə mədəniyyəti inkişaf etdirmək olmaz! Azərbaycanda idmana qayğıdan danışırlar. Koreyadan, başqa-başqa ölkələrdən cavan qızları gətirib yarışlara çıxarmaq idmanın inkişafı deyil. Azərbaycan idmanına, idmançılarına həqiqi qayğı, diqqət lazımdır. Bu hakimiyyət polislərimizi də qanunsuz hərəkətlərə təhrik etməklə vicdan əzabı, məsuliyyət qarşısında qoyur. Biz sizi məcbur edilmiş təhqiramiz həyatdan qurtaracağıq və siz çiyninizdə daşıdığınız rütbənin iftixar hissini yaşayacaqsınız!
Məktəbin mərkəzi siması müəllimdir. Ən yaxşı təmir olunmuş məktəb binaları ilə təhsili xilas etmək olmaz. Təhsili ləyaqətli müəllimlərlə xilas etmək olar. Biz onu yaradacağıq! Bu gün müəllimlər günüdür. Bu münasibətlə sizi təbrik edirəm, əziz müəllimlər. Seçki məntəqələrində ən çox təmsil olunan sizlərsiz. İmkan verməyin sizlərdən istifadə etsinlər. Hakimiyyətin mənimsənilməsi cinayətindən uzaq durun, alət olmayın. Siz bu hakimiyyətə Gülər Əhmədovadan yaxın deyilsiniz. Sabah bu cinayətlər araşdırılanda heç kim sizin arxanızda dayanmayacaq, necə ki Gülər Əhmədovanın arxasında dayanmadılar".
“Biz məmur qardaşlarımızın ləyaqətli həyatını təmin edəcəyik”
Milli Şuranın vahid namizədi qeyd etdi ki, idarə və müəssisələrdə təbliğat aparırlar ki, biz hakimiyyətə gəlsək, hamını işdən qovacağıq: “Bizim bir iki nəfərdən başqa heç kimi işdən qovmaq niyyətimiz yoxdur. Biz məmur qardaşlarımızın ləyaqətli həyatını təmin edəcəyik. Belə fikir aşılayırlar ki, biz gəlib dini azadlıqları məhdudlaşdıracaq, hicabı tamam qadağan edəcəyik. Burdan bəyan edirəm, xalqdan başqa heç kimin qarşısında öhdəliyimiz yoxdur. Biz dini azadlıqları genişləndirəcək, hicaba azadlıq verəcəyik. Necə geyinmək, necə yaşamaq vətəndaşın öz haqqıdır. Kim hicab bağlamaq istəyirsə, bu azadlığı ona vermək lazımdır.
Vətəndaşlarımızın Allah sevgisi böyükdür, safdır. Bu ölkədə imanlı insanlarla Yaradan arasına heç kimin girməsinə imkan verməyəcəyik. Bu gün ruhani qardaşlarımız, başqa ictimai, siyasi fəallar günahsız yerə həbsdədir. Biz günahsız yerə həbs olunan insanlarımızın, siyasi məhbusların azadlığını tələb edirik və onları azad edəcəyik!"
Cəmil Həsənli qeyd etdi ki, biz məhkəmələrə xalqın inamını bərpa edəcəyik. Məhkəmələr cəza aləti olmayacaq, ədalət mühakiməsi ilə məşğul olacaq:
Biz sahib olarsaq, bu Vətən batmayacaqdır.
Sahibi olmayanın batması haqdır!
Beləcə, Cəmil Həsənlinin Bakıda seçicilərlə sonuncu təşviqat mitinqi başa çatdı. Mitinqin sonunda ənənəyə uyğun olaraq Uvertura səsləndirildi. Qeyd edək ki, bu dəfə mitinqdə Milli Şuraya daxil olan partiya və təşkilat liderləri çıxış etmədilər. Onlar tribunaya da qalxmadı, aksiyanı meydanda başqa iştirakçılarla birlikdə izlədilər.
Liderlər final mitinqindən razı qaldılar
Milli Şuranın bu gün Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirdiyi mitinqin nəticələrini siyasi liderlər yüksək qiymətləndirdilər.
Əli Kərimli: «Ümid edirəm ki, xalqımız oktyabrın 9-da da eyni əhval-ruhiyyə ilə səslərini Cəmil Həsənliyə verəcək»
AXCP sədri Əli Kərimli hesab edir ki, 5 oktyabr aksiyası C.Həsənlinin Bakıda keçirdiyi son möhtəşəm tədbir idi. Tədbirin bu dəfə fərqli ssenari ilə həyata keçirildiyini deyən Ə.Kərimli vurğuladı ki, təqribən bir saat ərzində Milli Şuranın namizədi ətraflı çıxış etdi: «Cəmil Həsənli budəfəki aksiyada seçki plaformasının ən müxtəlif məqamları haqqında çıxış edərək, mitinqdə toplaşanlara və onların vasitəsilə Azərbaycan xalqına mesajlarını çatdırdı. Çox müxtəlif təbəqələrə mesajlar verildi. Bu aksiya əvvəlki mitinqlərdən tamamilə fərqlənirdi. Müşahidə etdim ki, 5 oktyabr aksiyası bütün seçki kampaniyası boyunca keçirilən mitinqlərin ən güclüsü oldu. Yəqin ki, bu da aksiyasının sonuncu olması, Cəmil Həsənlinin bu kampaniyanı uğurlu aparması ilə bağlı idi. Bütövlükdə demək olar ki, Azərbaycanın demokratik qüvvələri, Milli Şura və onun prezidentliyə vahid namizədi Cəmil Həsənli əslində ilk baxışdan mümkün olmayanı etdi. Azərbaycan xalqının bir hissəsini fəallaşdırdı. Uzun illər təbliğat resursundan məhrum edilmiş Azərbaycan müxalifəti çox böyük bir qüvvəni meydana çıxara bildi və kifayət qədər kütləvi aksiya oldu. Ümid edirəm ki, Azərbaycan xalqı oktyabrın 9-da da eyni təəssüratla, həmin əhval-ruhiyyə ilə səslərini Cəmil Həsənliyə verəcək».
İsa Qəmbər: «Aksiyalar seçkilərin favoritinin Cəmil Həsənli olduğunu göstərdi»
Müsavat başqanı İsa Qəmbərin də fikrincə, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin son aksiyası yüksək əhval-ruhiyyədə keçdi: «Cəmil Həsənlinin müdafiə mitinqləri həm say, həm də çoşqu etibarı ilə artan xətlə getdi. Milli Şuranın Bakıda keçirdiyi üç aksiyanı müzakirə edərkən bu qənaətə gəlmək olar. Heç bir namizəd Cəmil Həsənlinin keçirdiyi aksiyaların miqyası qədər görüş keçirə bilməyib. Bu da seçkilərin favoritinin Cəmil Həsənli olduğunu göstərir. Düşünürəm ki, bütün bu faktorlar Cəmil Həsənlinin seçkidə səs hesabı qalib gələcəyinin şəksiz olduğunu sübut edir».