Bu il müstəqil Azərbaycanın tarixinə həm də prezident seçkiləri ilə Həcc ziyarətinin eyni vaxta təsadüf etməsiylə düşəcək. Mənciyəz bu dəfə seçkilərin ölkəmizdə necə və hansı mexanizmlərlə keçirildiyindən, hər seçkidə hansı yeniliklərə əl atıldığından, qutuya bülletnləri necə atıb nə təhər çıxarmalarından danışıb qanınızı qaraltmaq niyyətində deyiləm. Diqqətimi cəlb edən tamam özgə bir məqama sizlərin də diqqətinizi yönəltməklə sözümün canını çatdırmaq istəyindəyəm.Məsələ burasındadır ki, seçkilərə hələ bir neçə gün qalsa da artıq zəvvarlarımızın xeyli hissəsi Səudiyyə Ərəbistanına çataraq müqəddəs ziyarətlərinə başlamazadan öncə dincəlmək qərarına gəliblər. Yeri gəlmişkən, Allah arzusunda olan hər bir möminə nəsib eləsin, deyilənə görə Həcc ziyarətinndə zəvvarlar xeyli çətinliklərə sinə gərməli olurlar və hətta bir çox ziyarətçilər tələb olunan ayinləri sonadək doğru-dürüst həyata keçirə də bilmirlər. Xülaseyi-kəlam, Həcc ziyarətini yerli-yataqlı başa vurmaq hər zəvvara nəsib olan xoşbəxtlik deyil. Ancaq bu il zəvvarlarımızı Həcc ziyarətinin daha bir ağır sınağı gözləyir. Özü də bu sınağı Səudiyyə Ərəbistanı tərəfi deyil, prezidentini seçəcək Azərbaycan zəvvarlara əlavə yük eləyib. Bu il Həcc ziyarətində olacaq 3600-dan artıq zəvvarımız orada həm də gələcək 5 ildə ölkəmizi idarə edəcək ən ali şəxsi də seçmək zorunda qalacaq. İndi məni bir şey yaman düşündürür, görəsən həmin müqəddəs məkanlara Allah qarşısında günahlarının bağışlanması xahişiylə təşrif buyuranlar daha bi günaha batmamaq üçün öz seçimlərində zora düşməyəcəklər ki? MSK üzvü Ramiz İbrahimov ANS-in “Xəbərçi” proqramında bəyan edir ki, Anadolu türkləri demişkən, bunun da icabına baxmışıq və Səudiyyə Ərəbistanı hökumətiylə danışaraq 3600 zəvvarımızın orda həm də seçimlərini etmək üçün şərait yaradılmasına nail olmuşuq. Əhsən, vallah! Görün MSK necə zərgər dəqiqliklə işləyir ki, hər bir seçicimizin öz konstitusion haqqını yerinə yetirməsinə çalışır. Məncə bu qərarıyla Məzahir Pənahov da Həcc ziyarətinə getmiş zəvvarlardan biri hesab olunmalıdır. İntəhası mən bilmirəm ki, onun duaları və ziyarərəti Allah dərgahında neçə faiz qəbul olunacaq, yaxud ümumiyyətlə qəbul olunacaqmı? Axı Rəbbimin faizləri MSK-nın faizləri deyil ki,Məzahir müəllimin komandası dondan dona salsın.
Qərəz, mövzudan uzaqlaşdım. İndi məni düşündürən tək bir şeydir-Məkkədəki seçkilərin nəticələri necə olacaq? Gündə bir geydirmə rəy sorğuları az qalır “balıq” Hafizi də seçkilərin favoriti elan eləyə. Məzahir Pənahovun qutusu isə artıq prezidentini çoxdan seçib və qalibə 80-85 faiz səs yazmağa hazırlaşır. Ancaq məncə seçkilərin gerçək mənzərəsi məhz Məkkədə 3600 zəvvarın qatıldığı səsvermənin nəticəsində üzə çıxacaq. Çünki hansı əqidənin və siyasi mənsubiyyətin daşıyıcısı olmalarına baxmayaraq Allah evinin beş addımlığında səs verəcək hər bir zəvvar-seçici vicdanının səsinə qulaq asaraq namizədlərin qarşısına “quş” qoyacaq. Bu zaman o bir anlığa düşünməli olacaq ki, səhv addım atsa Allahın özü ona “quş” qoyacaq.
Zəvvarlarımıza bir tövsiyyəm də var. Şeytana daş atma mərasiminə qatılmasaılar da olar. Özü də deyilənə görə bu ayin Həccin ən şətin mərhələsindən biridir və bir çox zəvvar hətta ağır xəsarət də alır şeytanın daşlanması zamanı. Ancaq məncə ədalətli, vicdanlı seçim edəcək hər bir zəvvar həm də şeytanı lənətləmiş hesab olunacaq...
Zülfüqar Hüseynzadə