“BMT TŞ qarşısında xüsusi hərbi tribunalın yaradılması haqda məsələ qaldırılmalıdır...”
Oxunub: 5611
12 Oct 2020 | 16:00
“BMT TŞ qarşısında xüsusi hərbi 
tribunalın yaradılması haqda məsələ qaldırılmalıdır...”

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyin Baş hüquq məsləhətçisi, hüquq elmləri doktoru, professor Bəhram Zahidov Moderator.az-a “Xocalı soyqırımından Gəncə soyqırımınadək...” adlı hüquqi-publisistik məqaləsini təqdim edib.

 

Aktuallığını nəzərə alıb həmin materialı nəzərinizə çatdırırıq:

 

“Bəşəriyyət, müstəmləkəçilik, ərazilərin işğalı və təbii sərvətlər uğrunda qanlı mübarizə tarixində, doğma Vətəninin yerli sakinlərinin - aborigenlərin əsrlər boyu küt­­ləvi surətdə və amasızcasına qırılmasına və soyqırım siyasətinə məruz qalmasına dair çoxsaylı faktların şahididir. Hətta bu gün demokratiyadan və insan hüquq­la­rın­dan ağızdolusu danışan, “dərs verməyi” sevən bir sıra böyük və qədim dövlətlərin ta­ri­xi, belə utancverici səhifələrlə “zəngindir”. Dünyada hegemonluğu ələ keçirmək istə­yən qüdrətli dövlətlərin iddiaları, bu gün də bitib-tükənmək bilmir. Elə buna görə də keçən əsrdə baş verən iki Dünya Müharibəsi bəşə­riyyətə çox böyük itkilər hesa­bına başa gəlsə də, işğalçı ordular və onların rəhbərləri dünya birliyi qarşısında, haqq-ədalət qar­şı­sında diz çökdü, məğlub oldu. Nəticədə, bey­nəl­xalq miqyasda sülhü və təhlükəsizliyi qoruyub saxla­maq, beynəlxalq mübahi­sə­lərin və müna­qişələrin dinc vasitələrlə və ədalətlə nizama salın­masını təmin etmək, insan hüquq və azadlıqlarını qoruya bilən və dünya dövlət­lərinin iradəsini ifadə edən beynəlxalq bir təşkilatın yaradılmasına böyük zərurət yarandı. Bu məqsədlə 1945-ci ilin iyun ayının 26-da San-Fran­siskoda Birləşmiş Millətlər Konfransının yekun iclasında yeni bir təşkilatın - Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Nizamnaməsi təsdiq olundu və bu, 1945-ci ilin okt­yabr ayının 24-dən etibarən qüvvəyə mindi. (1, 7-34) BMT-nin Baş Məclisi 11 dekabr 1946-cı il tarixli 96 saylı Qətnaməsində soyqırmın beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini nəzərə alaraq, belə əməllərin cinayət kimi qiymət­ləndirilməsini zəruri hesab etdi. Buna görə də tarixdə ilk dəfə olaraq 1948-ci ilin 9 dekabrında "Genosid cinayətinin qarşısının alınması və onun cəzalan­dırılması haqqında" BMT Konvensiyası qəbul edildi. Bu Konvensiya 1951-ci ilin yan­var ayının 12-də qüvvəyə mindi. (2, 283-287)

 

Beynəlxalq hüquqda "genosid", yunan dilində olan "genos" - nəsil, kök, soy mənasını verən sözlə, latın dilində "öldürürəm" mənasını verən "caedo" sözlərinin birləşməsi nəticəsində yaranan "genosid" termini - Azərbaycan dilində "soyqırım" mənasını verməklə, ilk dəfə olaraq 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən, Avropa yəhudilərinin faşistlər tərəfindən milli mənsu­biyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilməyə başlanıldı. (3, 3-4; 4, 225) Bu siyasətin sonrakı mərhələlərində, ilk dəfə olaraq beynəlxalq hüquqda, insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməl­ləri "soyqırım" hesab edildi. (5, 94-104) Nəticədə 9 dekabr 1948-ci ildə "Geno­sid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Kon­­vensiyası qəbul edildi.(2, 283) Həmin Konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsa­rət­lərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məh­vini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qru­pundan alınıb başqasına verilməsi kimi əməllər "soyqırımı" hesab edilir. (2, 283-284) Kon­ven­siyanın 3-cü maddəsinin tələbinə görə soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli söv­də­ləşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və cəzalandırılırlar. (2, 284)

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra onun SSRİ tərkibinə müttəfiq respublika kimi daxil olarkən tanınmış ərazisi Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilərkən də eyni ilə tanındı. Bundan sonra Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq ölkəmiz, 31 may 1996-cı il tarixli qanunla BMT-nin "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haq­qın­da" 9 dekabr 1948-ci il tarixli Konvensiyasına qoşuldu. (2, 283) 26 mart 1998-ci il tarixli Fərmanla, ölkəmizdə hər ilin 31 mart tarixi "Azər­bay­can­lı­ların soyqırım günü" kimi qeyd edilir. (3, 20)

 

Müstəqillik illərində qəbul edilən Azərbaycan Respublikasının yeni Cinayət Mə­cəlləsinin "Sülh və insanlıq əleyhinə olan cinayətlər"ə görə məsuliyyət nəzərdə tutan VII bölməsinin "Sülh və insanlıq əleyhinə olan cinayətlər" adlanan VI fəslinin 103-cü maddəsi "Soyqırım"a, 104-cü maddəsi "Soyqırımının törədilməsinə təhrik etmə"yə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. (6, 61) Bu tərkiblər Azərbaycan Res­pub­likasının Cinayət Məcəlləsinə ilk dəfə olaraq daxil edilsə də, milli qanunvercilikdə bu cina­yə­tlərə görə cəzanın sonradan – 30 dekabr 1999-cu il tarixli Qanunla müəyyən edil­məsi ci­na­yətkarların cəzalandırılması üçün heç bir maneə yaratmır. Beynəlxalq hüququn üstünlüyünü qəbul edən Azərbaycan Respublikasında, törədildiyi zaman ci­na­yət sa­yılan əməlin milli hüquq sistemində retroaktiv tətbiq edilməsi qanu­­ni hesab olunur. Belə ki, sülh və insanlıq əleyhinə olan cinayətlərə, soyqırıma və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan Qanunun qüvvəsinin geriyə şamil olunması haqqında  05 dekabr 2006-cı il tarixli Konstitusiya Qanunu, bunu tamamilə mümkün hesab edir. (7) Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinə, soyqırım əməllərinə görə məsuliyyət müəyyən edən cinayət hüquq-normaları - cinayət tərkibləri 30 dekabr 1999-cu il tarixli Qanunla daxil edilsə də, əslində, millətimizə qarşı soyqırım cinayətlərinin tarixi iki yüz ildən artıq bir dövrü əhatə edir. Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fər­man­da 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə azərbaycanlılara qarşı sistemli şəkildə soyqırım cinayətlərinin törədildiyi xüsusi olaraq vurğu­lan­mış­dır. Elə buradaca xüsusi ilə qeyd edilməsi zəruridir ki, Türkmənçay və Gülüstan sülh müqavilələrindən sonra İrandan və Türkiyədən Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi Rusiya İmperiyasının ideya rəhbərliyi ilə Azərbaycana qarşı tarixi soyqırımlar başlamış və bu gün də davam etməkdədir. Tarixən "Şərq məsələsi"nin tərkib hissəsi kimi formalaşdırılan "Er­mə­ni məsə­lə­si"nin ideoloqları zaman-zaman milli ədavəti qızışdırmış, milli mü­na­qi­şələr salmış, tarixən türk və müsəlman xalqlarına məxsus olan ərazilərin işğalı hesabına “Böyük Ermənistan” yaratmaq arzusunda olmuşlar. Daşnakların bu niyyəti faşist ideo­lo­gi­yasına çox oxşardır. Belə ki, özlərini “ali irq” kimi təqdim edən alman faşistləri də “Generalplan Ost” planına əsasən, “aşağı irq” hesab etdikləri slavyanların yaşadıqları SSRİ-nin və Şərqi Avropanın bəzi ərazilərinin etnik təmizlən­məsi və işğalı hesabına “alman xalqlarının həyati məkanı”nı yaratmaq arzusunda olduqları kimi, erməni faşistləri də “dənizdən-dənizə Böyük Er­mə­nistan” yaratmaq arzusu ilə daim türk-azərbaycan xalqlarına qarşı düşmənçilik siyasəti yeritmişlər. Bu da onların “erməni faşistləri” kimi səciyyələn­diril­mə­lə­r­i­nin kifayət qədər əsaslı olduğunu bir daha təsdiq edir. Beynəlxalq güclərin, beynəlxalq kəşfiyyatın və beynəlxalq erməni təşkilatlarının birgə səyi ilə 1988-ci ilin fevral ayından başlayaraq, vaxtilə Azərbaycan Respu­blikasının tərkibində fəaliyyət göstərən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində milli münaqişələr yenidən qızışdırıldı, Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən azərbaycanlılar milli, etnik və dini mənsubiyyətinə görə qovul­du, öldürüldü və ən qəddar cinayətlərə məruz qaldı. Etiraf edək ki, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə törədilən "Xocalı soyqırımı" bütün bu cinayətlər içərisində, xüsusilə ağır ictimai təhlükəliliyi və dəh­şət­lə­ri ilə erməni faşizminin iç üzünü açmaq baxımından səciyyəvi mahiyyət daşıyır.

 

Keçmiş SSR İttifaqının Zaqafqaziyada yerləşən 4-cü ordusunun 23-cü divizi­yasının 366-cı motoatıcı alayının (alay komandiri Zarviqorov Yuriy Yuriye­viç olmuşdur) tərkibində milliyyətcə erməni olan, yaxud erməni millətçiləri tərəfindən ələ alınmış çoxsaylı hərbçi xidmət edirdi. Alayın ikinci motoatıcı tağımının komandiri, mayor Ohanyan Seyran Muşeqoviçin özü (sonradan Ermənistanın müdafiə naziri olmuşdur), üçüncü motoatıcı tağımının komandiri, mayor Nabokixin Yevgeniy Akeksand­ro­viçin isə həyat yoldaşı milliyyətcə erməni idi. Birinci tağımın qərargah komandiri, milliyətcə erməni olan Citciyan Valeriy İsaakoviç, topçu tağımının komandiri kapitan Q.Liqodexiya idi. Dağlıq Qarabağ münaqişəsinin ən qızğın dövründə 366-cı alayın tabe olduğu Zaqafqaziya hərbi dairəsinin komandir müavini, general-leytenant Q.Ohanovun da milliyyətcə erməni olması mövqelərin real vəziyyəti haqqında tam təsəvvür yaratmağa imkan verir. Beləliklə, o dövrün müasir sovet döyüş silahları ilə yaxşı təchiz olunmuş 366-cı motoatıcı alayın "Dağlıq Qarabağ separatçı qüvvələri"nin qərargah rəisi Arkadi Tomasyanın, müdafiə naziri Serj Sarkisyanın (Ermənistan Respublikasının prezidenti olmuşdur), həmin vaxt Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndində yerləşən həbsxananın rəisi Serjik Koçeryanın və digərlərinin iştirak etdikləri hərbi qüvvələr, Ermənistanın keçmiş rəhbəri Robert Köçeryanın və digər erməni liderlərinin təşkilatçılığı və rəhbərliyi ilə Xocalı şəhərində azərbaycanlılara və məhsəti türklərinə qarşı soyqırım cinayəti həyata keçirdilər. (8;9) Belə ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə separatçı erməni hərbi birləşmələri 366-cı alayın şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı silahlı hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edildi. Şəhərin əhalisi yalnız azərbaycanlı, türk və müsəlman olması əlamətlərinə görə kütləvi surətdə qətlə yetirildilər. Müharibə qanunları tamamilə pozularaq dinc əhaliyə - qocalara, qadınlara, uşaqlara, xəstələrə qarşı ən amansız  üsullarından istifadə edildi. Nəticədə Xocalı əhalisinin 5379 nəfəri deportasiyaya məruz qalmış, 613 nəfər, o cümədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, 8 ailənin həyatına tamamilə son qoyulmuş,27 ailənin yalnız bir üzvü qalmış, 239 ailənin başçısı məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yara­lan­mış, 1275 nəfər əsir götürülmüş, o cümlədən onlardan 150 nəfərin taleyi haq­qında indiyə qədər heç bir məlumat yoxdur. Bunlardan 68 nəfəri qadın və 26 nəfəri uşaq olmuşdur. 1 aprel 1992-ci il tarixli vəziyyətə görə Xocalı hadiəlsi nəti­cəsində Azər­baycan dövlətinə və xalqına 5 milyard rubl dəyərində maddi zərər vurulmuşdur. (10) Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq girovlar əziz­lərinin gözü qarşısında güllələnmiş, hamilə qadınların qarınları yarılaraq bətnində olan azərbaycanlı uşaqlar süngüyə keçirilmiş, başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, körpələrin və yaşlıların gözləri çıxarılmış, diri-diri torpağa basdırılmış, əhalinin bir qismi ac-susuz və yaralı vəziyyətlərdə soyuqda saxlanılmış və onlara insanlığa yaraşmayan işgəncələr verilmişdir. Azərbaycanlı döyüşçülər er­məni qəbirləri üzərində “qurban” kəsilmiş, alçaldılmış və təhqir edilmişlər. Girov götü­rülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verilmişdir. Xocalıda azərbaycan­lılara qarşı törədilmiş əməllərdə sülh və insanlıq əleyhinə olan və müharibə cinayətlərinin - Azərbaycan Respublikası CM-in 103 (soyqırım), 104 (soyqırımın törədil­mə­sinə təhrik etmə), 105 (əhalini məhv etmə), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 115 (müharibə qanun­la­rını və ədaləti pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququ pozma), 117 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 118 (hərbi soy­ğun­çuluq) və başqa maddələrində nəzərdə tutulan ağır cinayət əməllərinin tərkibi vardır. (11) Ötən dövr ərzində aparılan gərgin və böyük zəhmət tələb edən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırım cinayətlərinin - bəşəriyyətə qarşı ən ağır cinayət əməllərinin törə­dil­məsi, bu sətirlərin müəllifinin də tərkibinə daxil olduğu Azərbaycan Respublikası Milli Məclisinin deputat-istintaq komissiya­sının, Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi istintaq qrupunun topladığı çoxsaylı  materiallarla - ifadələrlə və üzləşmələrlə, sənədlərlə, maddi sübutlarla, vi­deo­­çə­kilişlərlə, məh­kə­mə ekspertizasının rəyləri ilə mübahisəsiz qaydada və tamamilə sübuta ye­ti­ril­miş­dir. Buna görə də respublikanın  prokurorluq orqanları cinayəti törətmiş bütün şəxslərin müvafiq qaydada  Azərbaycan Respublikası CM-nın 103, 104, 105, 107, 112, 113, 115, 116, 117, 118  və digər maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqqında qərar çıxarmışdır. Onların törətdikləri əməllərin xüsusilə ağır ictimai təhlükəliliyi və qaçıb gizləndikləri nəzərə alınaraq, haqlarında məhkəmənin qərarı ilə  həbs-qəti imkan tədbiri seçilmiş və  beynəlxalq axtarış elan edilmişdir.  Sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törətdiklərinə görə haqlarında həbsli axtarış elan edilmiş həmin şəxslər barəsində toplanmış sənədlər beynəlxalq axtarışın həyata keçirilməsi İnterpolun Azərbaycandakı Milli Bürosuna tapşırılmışdır. (11;12) Böyük təəssüf hissi ilə qeyd edilməlidir ki, erməni canilərinin, faşistlərinin beynəlxalq havadarlarının səyi ilə həmin şəxslərin tutulması indiyə kimi nəinki təmin edilməmiş, hətta bundan istifadə edən erməni faşist liderləri, müasir Ermənistan Respublikasında və tanınmamış “Dağlıq Qarabağ”ın hərbi siyasi rəhbərliyində təmsil olunaraq, öz cinayət əməllərini bu gün də davam etdirməkdədir. Halbuki Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin "Genosid cinayətinin qar­şısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il Kon­ven­siyasının 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələri, Xocalıda soyqırım kimi ağır cinayətləri törətməkdə ittiham olunan həmin canilərin cinayət işlərinə Azərbaycan Respublikasının Milli məhkə­mə­lə­rində, yaxud yurisdiksiyası tanınmış Beynəlxalq Cinayət Məh­kə­mə­sində baxılmasını, təqsirli şəxslərin layiqincə cəzalandırılması üçün bütün qanuni tədbirlərin görül­məsini tələb edir və buna hüquqi baxımdan tam əsas verir. (2, 283-286) Bəzi Azərbaycan vətəndaşları haqlı olaraq Xocalı soyqırımına görə ittiham olunan cinayətkar­ların Haaqa Tribunalında – Beynəlxalq Cinayət Məhkəməsində cəzalandırılmaları barədə tez-tez əsaslı bəyanatlar səsləndirir və təkliflər irəli sürürlər. Millətimizə qarşı belə qəddar cinayətləri törətmiş erməni faşistlərinin, onların himayədarlarının qanun qarşısında nəhayət ki, cavab verməli olmalarına dair belə iddialar tamamilə haqlıdır. Bu baxımdan beynəlxalq hüquqda Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu məsələsinə müəyyən aydınlıq gətirilməsinə zərurət vardır. (13, 7-21)

 

BMT Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. (1, 29) Baş Məclis və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verməyi xahiş edə bilər. (1, 30) Beynəlxalq Ədalət Məhkəmə­sinin Nizamnaməsinin 1-ci maddəsinə görə (1, 35) BMT-nin əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə öz Nizamnaməsinin müddəalarına müvafiq olaraq təşkil olunur və fəaliyyət göstərir. O öz funksiyasını həyata keçirmək üçün prosedur qaydalar müəyyən etmək səlahiyyətlərinə malikdir (mad. 30). Məhkəmənin yuris­dik­siyasına dövlətlərin ona təqdim etdiyi bütün işlər aiddir, o cümlədən BMT Nizamnaməsində və Konvensiyalarda xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxmaq səlahiyyətinə malikdir. Bütün bunlara baxmayaraq, Beynəlxalq Ədalət Məhkə­məsi Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə “yalnız dövlətlər Məhkəmənin baxdığı işlərdə tərəf ola bilərlər prinsipi” birmənalı şəkildə təsdiq edir ki, bu məhkəmə ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət əməllərinə baxmaq statutuna malik deyildir. (1, 42) Lakin bütün bunlar o demək deyildir ki, soyqırım və digər bu kimi ağır cinayətlər törədən erməni faşistləri cəzasız qalmalıdır.

 

Tarixə ekskurs edək. Bəşər tarixinin ən qəddar müharibələrindən olan II dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayət­lərə görə Nürnberq Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunala verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında, Tokio tribunalı isə 19 yanvar 1946-cı ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə iclasında təsis edilmişdir. (1, 35-50) Beynəlxalq Cinayət Məh­kəməsinin yaradılması üzrə BMT-nin himayəsi altında səlahiyyətli nümayəndələrin diplomatik konfransı İtaliyanın paytaxtı Roma şəhərində 15 iyun -17 iyul 1998-ci il tarixlərində  Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiq etmişdir. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirməyə səlahiyyətli olan daimi bir orqan kimi yaradılmışdır.(1,257-335) Beynəlxalq Cinayət Məhkə­məsinin Roma statutunun 5-ci, 6-cı maddələrinə əsasən bu məhkəmə genosid cinayət­lərini icraata qəbul etmək və mahiyyəti üzrə ona baxmaq səlahiyyətinə malikdir. (1, 259) Bütün bunlarla yanaşı, Roma statutunun "Ratione temporis yurisdik­siyası"na (11-ci maddə) görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni, 17 iyun 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yuris­dik­siyaya malikdir. (1, 264-265) Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci mad­dəsinin tələbinə əsasən, bu məhkəmənin yurisdiksiyası yalnız Roma statutunun iştirakçısı olan dövlətlərə şamil edilə bilər. Haaqa tribunalında isə məsələyə o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma statutunu ratifikasiya etmiş dövlətin ərazisində və Roma statutunu ratifikasiya etmiş dövlətin vətəndaşı tərəfindən törədilmiş olsun. BMT Nizamnaməsinin VII fəslində göstərildiyi kimi Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin yaranması, sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir,... beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması məqsədi ilə Ni­zam­­na­mə­­nin 41-ci və 42-ci maddələrinə uyğun olaraq, müvafiq tədbirlər gö­rülməsi barədə qərar qəbul etmək səlahiyyətlərindən istifadə edir. (1,16)

 

Soyqırım cina­yət­lərinin beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaradan və­ziy­yətdə törədildiyi, BMT Tə­h­lükəsizlik Şurasının BMT Nizam­na­mə­si­nin VII böl­mə­sində göstərilən hallar mövcud olduqda, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi soyqırım cinayətlərinə baxılması üçün hüquqi əsas ola bilər. Lakin bu hü­qu­qi əsaslar və hüquqi şərtlər hazırda mövcud olma­dı­ğına görə Xocalı soyqırı­mını törədənlərin cinayət işinə Haaqa tribunalında baxılması mümkünsüzdür. Çünki Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzala­ma­mış­dır və ölkəmiz bu beynəlxalq təşkilatın subyekti deyildir. Ermənistan isə 1 oktyabr 1999-cu ildə Roma statutunu imzalasa da, lakin onu indiyə qədər ratifikasiya et­mə­miş­dir. Buna görə də Xocalı soyqırımını törədənlərin əməlləri Haaqa tribu­na­lı­nın yuris­di­ka­siyasının təsiri altına düşsə belə, Azərbaycan bu statutu imza­la­ma­dı­ğın­dan xalqımıza qarşı törədilən soyqırım cinayətinə baxılması barədə Azərbaycanın müraciəti icraata qəbul edilməyəcəkdir. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Ci­na­yət Məhkə­mə­sinin üzvü və Roma statutunu ratifikasiya etsə belə, yenə də bu ba­rə­də toplanmış materiallar icraata qəbul edilə bilməz, ona görə ki, Xocalı soyqırımı 25-26 fevral 1992-ci il tarixlərində baş verərkən, Azərbaycan bu məh­kə­mə­nin üzvü olma­mış­dır. Buna görə də məhkəmə həmin cinayət işini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik deyildir. Beynəlxalq təcrübəyə əsasən, məsələnin başqa bir hüquqi həlli yolu da vardır. Azərbaycanın səlahiyyətli orqanlarının vəsatətləri əsasında Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə Er­mə­nistanın və onun separatçı qüvvələrinin, hərbçilərinin azər­baycanlılara qarşı həyata keçirdikləri sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin, yaxud Hərbi Tribu­na­lı­nın yaradılması tamamilə mümkündür və bu məsələnin həll edilməsi olduqca vacibdir. Bunun üçün Azərbaycanın səlahiyyətli orqan­larının Birləşmiş Millətlər Təşkilatı qarşısında məsələ qaldırması zəruridir. Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cinayət Məhkəməsi yaradılarsa, həmin məh­kə­mə­də məsələyə mahiyyəti üzrə baxılıb təqsirləndirilən şəxslərin layiqincə cəza­lan­dı­rıl­ma­ları təmin edilə bilər. Bu barədə müvafiq təcrübə də vardır.  BMT Nizamnaməsinin VII fəslində göstərildiyi kimi sülhə təhlükə, sülhün po­zulması və təcavüz aktlarının baş verdiyi hallarda, məsələnin Təh­lü­kə­sizlik Şura­sında baxılması prosedurunu nəzərdə tutsa da, lakin Nizamnamədə BMT Təhlü­kəsizlik Şurasının, fərdi şəxslərin cinayət əməlləri üzrə məhkəmə yaratmaq səla­hiyyətləri nə­zər­də tutulmamışdır. Buna baxmayaraq keçmiş Yuqoslaviya ərazi­sində sülh və in­san­lıq əleyhinə törədilmiş cinayətlər üzrə ekspertlərin topladığı materialları nəzər­dən ke­çi­rən BMT-nin sabiq baş katibi Butros Qalinin təşəbbüsü ilə BMT Nizam­naməsində Təhlükəsizlik Şurasının səlahiyyətlərinə dair normalar yenidən nəzərdən keçirilmiş, ona müvafiq şərhlər və əsaslandırmalar verilməklə, keçmiş Yuqoslaviya üzrə Beynəl­xalq Hərbi Tribunalın yaradılması haqqında Təhlükəsizlik Şurası 23 fev­ral 1993-cü il tarixdə 808 və 25 may 1993-cü il tarixdə 827 saylı qətnamələr qəbul etmişdir. (14) Bununla da, Təhlükəsizlik Şurasının fəaliyyətində yeni bir presi­den­tin əsa­sı qoyulmuşdur. Məhz bunun nəticəsidir ki, sonradan Təhlükəsizlik Şurasının 8 noyabr 1994-cü il tarixli qət­na­mə­si ilə Ruanda işi üzrə fəaliyyət göstərən Beynəl­xalq Hərbi Tribunal təsis edilmişdir. Ötən dövr ərzində Yuqoslaviya və Ruan­da Bey­nəlxalq Hərbi Tribunalları öz Əsasnamələrinə müvafiq olaraq sülh və insanliq əleyhinə və müha­ri­bə cinayətləri törətmiş canilərin layiqincə cəzalandırılnmasını təmin etmək sa­hə­sin­də böyük işlər həyata keçirmişdir. Bütün bunlar  BMT-nin və onun Təhlükəsizlik Şurasının   nüfuzuna əhəmiyyətli təsir göstərmişdir. Belə bir təcrübədən bəhrələnərək BMT Xocalı soyqırımı, eləcə də Ermənistanın təcavüzkar hərbi qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi, sülh və insanlıq əley­hi­nə olan əməllərə görə xüsusi Beynəlxalq Hərbi Tribunalın yaradılması məsələni həll etməlidir. Hesab edirəm ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şura­sı­nın dörd qət­namə qəbul etməsi və bu qətnamələrin heç birinin indiyə qədər icra edilməməsi, münaqişə zamanı törədilmiş ağır cinayətlərlə bağlı "ad hoc" xüsusi beynəlxalq tribunalın yaradılması haqqında Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilməlidir. Hazırkı vəziyyətdə beynəlxalq hüquqda məsə­lənin daha optimal bir həlli yolu da vardır. Bu da onunla əlaqədardır ki, Konvensiyanın 6-cı maddəsinin tələbinə uyğun olaraq Xocalı soyqırımı barədə cinayət işi universal yurisdiksiya prin­si­pinə müvafiq olaraq Azərbaycan Res­pub­li­ka­sının səlahiyyətli məhkəmələri tərə­findən icraata qəbul edilə və həmin cinayəti törədənlər öz layiqli cəzalarını ala bilərlər. Beynəlxalq hüquq, nəinki milli məhkə­mə­lərə belə bir imkanı verir, hətta on­ların üzərinə belə bir öhdəlik qoyur. Müxtəlif ölkələrin milli məhkəmələrinin təc­rübəsində belə çoxsaylı işlərə baxılmışdır. "Polyuxoviçin Avstraliya İttifaqına qarşı" işi üzrə Avstriya məhkəmə­si­nin, Adolf Ayxmanın işi üzrə Yerusəlim məh­kə­məsinin (1961-ci il), Rafik Sariçə qarşı Dani­marka milli məh­kəməsinin (1994), Duşko Tadiçə qarşı Almaniya Ali Məhkəməsinin (1994), Darko Kneceviçə qarşı Niderland Ali Məhkəməsinin (1997) və onlarca digər faktlar üzrə milli məhkəmələrin hökmləri buna misal ola bilər. Dünya təcrübəsi tam təsdiq edir ki, Xocalı qətliamını törə­dən­lə­rin cinayət işinə Azər­baycanın Xocalı ərazisi üzrə Ağır Cinayət Məhkə­məsində - Gəncə Ağır Cinayət Məhkəməsində baxıla bilər. Çünki Xocalı soyqırımı Azər­baycan ərazi­sində, bəziləri Azərbaycan Respublikasının vətən­daşları olan er­mənilər tərəfin­dən, Azərbaycan vətəndaşı olan azərbaycanlılara və məhsəti türklərinə qarşı törədilmişdir. Bu, milli və beynəlxalq hüququn tələblərinə tamamilə müvafiqdir. Çünki universal yurisdiksiya prinsipinə görə genosid və başqa beynəlxalq cinayət törətmiş şəxsləri mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə orqanlarının konstitutsion vəzifəsidir. Burada həm də nəzərə almaq lazımdır ki, belə cinayətləri törətmiş şəxslərin Ermənistanın, Rusiyanın və hər hansı başqa bir ölkənin ərazisində olmasından asılı olmayaraq, onların tutulub Azərbaycana ekstradisiya edilməsi beynəlxalq hüququn tələblərindən irəli gəlir. Belə ki, Soyqırım Kon­ven­si­ya­sının 7-ci maddəsinin tələbinə görə təqsir­ləndirilən şəxslərin verilməsi məsələsində soyqırım, eləcə də Konvensiyanın 3-cü maddəsində sadalanan digər əməllər siyasi ci­na­yətlər hesab edilmir. Bu da onu göstərir ki, təqsirləndirilən şəxslərin hər hansı bir siyasi motivlə əlaqələndirilməsi və Azərbaycana verilməkdən, ekstradisiya olun­maq­dan  imtina edilməsi mümkünsüz­dür. Bütün bu şərhlərimiz bir daha nəzərdən keçirilərkən aydın olur ki, hazırki vəziyyətdə Xocalı Geno­si­dini törədənlərin müəyyən bir hissəsi haqqında respublika­mızın Baş Proku­rorluğu kifayət qədər möhtəbər sübutlar toplamış, canilərin təq­sir­lən­dirilən şəxs qismində cəlb edilməsi və haqlarında həbs-qəti imkan tədbiri seçilməsi haqqında məhkəmə qərarları çıxarılmışdır. Həmin şəxslərin tutulması haq­qında İnterpol xətti ilə beynəlxalq axtarış verilmişdir. Axtarışın nəticəsindən asılı olaraq ərazi aidiyyatı üzrə Xocalı soyqırımı törədənlərin cinayət işinə Gəncə Ağır Cinayət Məhkəməsində baxılması tamamilə mümkün olacaqdır. Son günlər erməni faşistlərinin bəzi himayədarlarının açıq və gizli dəstəyi ilə Gəncədə və işğal altında olan bəzi ərazilərimizdə milli mənsubiyətinə - məhz azərbaycanlı olduqlarına görə qadınlara, uşaqlara, qocalara, dinc əhaliyə qarşı törətdikləri qətliam əslində 1992-ci ildə törədilən Xocalı soyqırımının məntiqi davamıdır və cəzalanma tələb edir. Etiraf edək ki, əgər Xocalı soyqırımından sonra müvafiq beynəlxalq təşkilatlar, habelə hüquq-mühafizə orqanlarının milli qurumları R. Koçaryan, S. Sarkisyan, S. Ohanyan, N. Paşinyan, B. Sahakyan, Z. Balayan və başqa cinayətkarları lazımi qaydada cəzalandırsa idi, bu əməllər bu gün də davam etməzdi. Çünki qanunsuzluqların, beynəlxalq cinayətlərin, beynəlxalq terrorun, soyqırımın qarşısı yalnız ədalətlə və hüquq müstəvisində alına bilər. Dağlıq Qarabağ münaqişəsinin hüquqi baxımdan tənzimlənməsi, Xocalı və Gəncə geno­sidinin hüquqi təhlili problemlərinin öyrənilməsi göstərir ki, beynəlxalq hüququn bir sıra ciddi problemlərinin həlli vaxtı çatmışdır. BMT-nin qəbul etdiyi bir sıra Kon­ven­siyalar müasir döv­rün tələblərinə cavab vermir, köh­nəlmişdir, ayrı-ayrı normalar mü­kəm­­məl hesab edilə bilməz, eyni məsələlər üzrə müxtəlif vaxtlarda qəbul edilən Konven­siyalar işlək deyildir, dövlətdaxili qanunlarla beynəlxalq hüquq norma­ları arasında aş­kar uyğun­suzluqlar vardır, onların icra mexanizmləri yoxdur. Elə “Ge­­nosid ci­na­­yə­ti­nin qar­şısının alın­ması və onun cəzalandırılması haqqında” BMT Kon­­­­vensiyasında müəyyən qüsurlar vardır. Bu Konvensiya müa­sir tələblərə cavab ver­mir, vurulmuş maddi və mənəvi zərər­lərin kompensasiya mexa­nizmləri yoxdur. Azərbaycan-Ermənistan mü­naqişəsi üzrə BMT Təh­lükəsizlik Şurasının dörd məlum qətnaməsi icra­sız qalmışdır. BMT-nin üzvü olan və bir çox Konven­siyaları ratifikasiya etmiş Ermənistan beynəlxalq hü­ququn və bey­nəl­xalq birliyin əksəriyyətinin ira­dəsini ifadə edən qətnamələrə məhəl qoy­mur, onları ic­ra etməkdən qəsdən im­tina edir. Sivi­lizasiyaların ən yüksək təka­mül mər­­hə­ləsi hesab olunan hazırkı dövrdə, dünyada qlobal problemlərin hü­quq müs­təvisində, dinc və danışıqlar yolu ilə, qanunla və ədalətlə deyil, çox təəssüf ki, zor­la və silah gücünə həll edilməsinə üstünlük ve­rilir. Kiçik dövlətlərə münasibətdə ikili standartlar kifayət qədər geniş yayılmışdır. Bu gün hələ dünyada yüzlərlə münaqişələr və müba­hi­sə­lər qalır. Dün­yanın müxtəlif ölkə­lə­rində və müxtəlif regionlarında ərazi, dini, irqi, milli, etnik və digər zə­minlərdə münaqişələr və mü­haribələr davam edir, minlərlə insanın ölümü ilə nəticələnir. Bir müstəqil ölkə baş­qa bir müs­təqil ölkənin ha­kimiyyətini devirir, əra­zisini işğal edir, əhalisini  qırır, təbii sər­vət­lərini ələ keçirir. Yaşadığımız bala­ca planet san­ki “qan ça­na­ğı”na çev­ril­mişdir, tə­rəqqipərvər bəşəriyyət isə aciz vəziyyətdə gözləyir. Bütün bunlar təəssüf ki, bu günü­müzün reallıqlarıdır. Demokratiya və insan hüquqlarının müdafiəsi problemi beynəlxalq təşkilatların və böyük dövlətlərin əsas prioritetləri kimi təqdim edilsə də, əslində məsələn, Ermənistan kimi işğalçı bir dövlətə onların münasibəti yalnız təəccüb doğurur. Ərəb ölkələrində, Afrika ölkələrində, Əfqanıstanda, Pakistanda baş verən hadisələr beynəlxalq hüququn elementar standartlarına cavab vermir. Bey­nəl­xalq Təşkilatlar isə bütün bunları yalan vədlərlə, sükutla qarşılayır. Suveren Azərbaycanın ərazi bütövlüyü 30 ildən çoxdur ki, qonşu dövlət tərəfindən silah gücünə işğala məruz qalmışdır. Dağlıq Qarabağın nəzarətsiz ərazilərində terrorçu qrupların yetişdirilməsi, narkoplantasiyaların salınması, narkolaboratoriyaların məhsulları dünyanın müxtəlif ölkə­lə­rinə eksport edilməsi və əldə edilən vəsait hesabına separatçı qurumun maliyyə problem­lərinin həll edilməsi BMT-ə də, NATO-ya da, ATƏT-də başqa böyük dövlətlərə də  tam aydındır. Əgər dünya həqiqətən də terrorçuluğa və narkobiznesə qarşı mübarizə aparırsa, onda nə üçün təcavüzkar dövlət olan Ermənistana, separatçı və qondarma qurum olan “Dağlıq Qarabağ”a qarşı biganə münasibət göstərir? Bu sualın cavabını hamı kimi biz də yaxşı bilirik. Çünki dünyada ikili standartlar mövcuddur, “doğma” və “yad”, “müsəlman” və qeyri-dinlərə məxsus olan ölkələr vardır. Ayrı-seçkiliyin də kökündə digər amillərlə yanaşı məhz bu amil dayanır. Bu gün nəhayət ki, dünyanın qüdrətli dövlətləri bey­nəlxalq təşkilatlarla birlikdə bir araya gəlib bütün bu mə­sə­lə­lə­rin həllini təmin etməyə, XXI əsrin qlobal çağırışlarına müsbət cavab verməyə borc­lu­dur. Bir­ləşmiş Millətlər Təşki­latının, Av­­ro­pa Birliyinin, Avropa Şu­ra­­sının, ATƏT-in və di­­gər bu kimi beynəlxalq və regional təşkilatların ayrı-ayrı aktual mə­sə­­lələr üzrə va­hid, Yekun Konvensiyalarının hazırlanması və qəbul edilməsi vaxtı çatmışdır. Bey­nəlxalq və regional münaqişələrin, müba­hisələrin və prob­lemlərin həlli is­ti­qa­mə­tində qəbul edilmiş qət­na­mələrin ic­rasını təmin edən işlək mexanizm­lə­rin ya­ra­dıl­ması bu gün son dərəcə aktualdır. Bu zəmində Beynəlxalq Cinayət Məhkəməsinin, Cinayət Mə­cəllə­sinin və Mül­ki Məcəllənin mükəmməl və işlək formada, bey­nəlxalq stan­dart­la­ra cavab verən bir səviyyədə hazırlanması, normativ-hüquqi baza­sının təkmilləşdirilməsi və icra mexanizmləri üzrə vahid orqanın yaradılması vaxtı çatmışdır. Bütün bunları yekunlaşdırıraq hesab edirəm ki, Minsk qrupunun həmsədrləri təcili Gəncə şəhərinə dəvət edilməli və baş verən soyqırımı öz gözləri ilə görməklə ona hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Milli Məclisin növbədənkənar sessiyası çağırılaraq Gəncədə və Qarabağın başqa ərazilərində azərbaycanlılara qarşı törədilən növbəti soyqırımı aktlarını tanımaq barədə qətnamə çıxarmalı, BMT-nin Təhlükəsizlik Şurası qarşısında xüsusi hərbi tribunalın yaradılması barədə məsələ qaldırmalıdır. Fransa Minsk qrupunda təmsilçilikdən xaric edilməli, BMT-nin Baş katibi A.Quttereşin, Fransa prezidenti E.Makronun erməniləri müdafiə edən ədalətsiz bəyənatlarına hüquqi qiymət verilməlidir. Məsələ milli və beynəlxalq güclərin birgə səyi ilə hüquq müstəvisində həll edilməli, Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu, milli təhlükəsizliyi tam təmin edilməlidir. Bu istiqamətdə Türkiyə, Pakistan, İsrail, Ukrayna, Belarusiya, habelə Avropa ölkələri ilə, BMT ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməli, diplomatik, siyasi və hüquqi əlaqələr genişləndirilməlidir.

 

Mənbələr:

 

Beynəlxalq sənədlər toplusu, Bakı, 2005

Beynəlxalq sənədlər toplusu, Bakı, 2008

Soyqırım cinayəti, Bakı, 2010

Hüseynov L. Beynəlxalq hüquq, Bakı, 2002

Əkbərov F.Q. Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə oloan cinayətlər, Bakı, 2006

Azərbaycan Respublikası, Cinayət Məcəlləsi, 2013-cü il

“Beynəlxalq cinayətlərə görə məsuliyyət haqqında” 06 dekabr 2006-cı il tarixli Konstitusita Qanunu, Bakı, “Azərbaycan” qəzeti, 06 dekabr 2006

Azərbaycan Respublikası Milli Məclisinin “Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilən soyqırım hadisələrini aydınlaşdıran Deputat İstintaq Komissiyası”nın rəyi. Bakı, Milli Məclis, 1993

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin 27 fevral 2007-ci il tarixli qərarı, “Azərbaycan” qəzeti, 28 fevral 2007

 Yaqublu Nəsiman, Xocalı soyqırımı, Bakı, 2012

www.Genprosecutor.gov.az

 “Cahan” qəzeti 24 fevral 2012-ci il, №2 (099)

 Международный уголовный суд. «Закон и право»,  Москва, 1998

 Abbasov X.M. Dünya tarixinin ən amansız qətliamı olan “Ruanda soyqırımı”, “Qanun” jurnalı, 01 (231), 2014

 

Oxşar xəbərlər
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şair bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 10:55
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
24 Apr 2024 | 11:01
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
24 Apr 2024 | 10:10
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 10:11
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
24 Apr 2024 | 11:03
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 10:55
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
24 Apr 2024 | 11:01
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
24 Apr 2024 | 10:10
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 10:11
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
24 Apr 2024 | 11:03
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv