Sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun həyata keçridiyi uğurlu əks-hücum əməliyyatı davam etməkdədir. Uzun illərdir ki, düşmən işğalı altında qalan bir sıra yaşayış məntəqələri ordumuzun cəsarətli həmləsi sayəsində azad edilib ki, bu da bütün Azərbaycan xalqının böyük coşğusuna, hədsiz sevincinə səbəb olub.
Müdafiə Nazirliyinin təqdim
etdiyi məlumatlarda düşmənə məxsus çoxlu sayda hərbi texnikanın məhv edilməsi,
habelə qənimət götürülməsi ilə bağlı faktlar yer alır ki, bu da ordumuzun qəhrəmanlığından,
onun düşmən üzərindəki əzici üstünlüyündən xəbər verir.
Bu gün öz qanı və canı
bahasına tarix yazan əsgərlərimizin bu möhtəşəm, misilsiz qəhrəmanlıqlarını əbədiləşdirmək,
bu qəhrəmanlığı gələcək nəsillərə təbliğ etmək, onlara bu zəfər tarixini əyani
faktlar, real nümunələr əsasında məlumat vermək üçün işğaldan azad edilən hər
bir kənddə, hər bir rayonda açıq hava altında muzeylərin yaradılmasına ciddi
ehtiyac var. Hansı ki, bu muzeylərdə hərbi əməliyyatlar zamanı məhv edilən düşmən
texnikası sərgilənməli, onların konkret hansı tarixdə, kimlər və hansı vasitələrlə
məhv edilməsi ilə bağlı məlumatlar yer almalıdır. Bu muzeylərdə düşməndən qənimət olaraq götürülən
müəyyən texnika və hərbi ləvazimatların da sərgilənməsi mümkündür.
Işğaldan azad edilən və
azad ediləcək ərazilərdə bu cür muzeylərin yaradılması Azərbaycan ordusunun,
onun Ali Baş Komandanının qəhrəmanlığını,
xalqımızın hərbi qüdrətinin real, tarixi sübutlar əsasında təbliğ edilməsi,
ictimai şüur olaraq mənimsənilməsi baxımından zəruridir. Bu muzeylərin hər biri
xalqımızın qəhrəmanlıq abidəsi rolunu oynayacaq, əsrlər sonra belə ordumuzun
işğlaçıları necə məğlub etdiyi haqqında “danışacaqdır”.
Qarabağ və ətraf
rayonlara səfər edən hər bir xarici dövlət nümayəndəsi bu muzeylərlə tanış ola,
ordumuzun hərbi qüdrəti, xalqımızın cəsarəti haqqında dolğun informasiya və təəssürata
sahib ola biləcəklər. Bu baxımdan artıq indidən bu cür muzeylərin yaradılması
istiqamətində konkret addımların atılması, yaradılacaq muzeylərə əcnəbi
jurnalistlərin səfərlərinin təşkil edilməsi, Azərbaycan ordusunun uğurlarının həm
də bu yolla təbliği faydalıdır.
Biz yazdığımız,
yaratdığımız tarixi yaşatmağı, təbliğ etməyi bacarmalıyıq və bu muzeylərin
yaradılması bu istiqamətdə atılacaq ən böyük addın ola bilər.
Seymur ƏLİYEV
e-mail: [email protected]