Məlum olduğu kimi, 4 oktyabr axşam saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri Azərbyacanın Mingəçevir şəhərini raket atəşinə tutub. Şəhər atılan raketlərdən biri Mingəçevir İstelik Elektrik Stansiyasının qarşısına düşsə də, xoşbəxtlikdən partlamayıb. 7 metr uzunluğunda olan, 5 metri yerin altında qalan raketin zərərsizləşdirilməsi istiqamətində iş aparılır.
Məlumat üçün qeyd edək
ki, Ermənistan uzun illərdir ki, müharibə başlayacağı təqdirdə Mingəçevirə
raket zərbələri endirəcəyi, buradakı strateji obyektləri sıradan çıxaracağı ilə
bağlı bəyanatlar verirdi. Düşmənin 4 oktyabr tarixli təxribatı onun öz çirkin
niyyətini həyata keçirmək üçün konkret cəhdlər etdiyini, mülki insanlar və
mülki obyektlər üçün real təhdid mənbəyinə çevrildiyini göstərir.
Heç şübhə yoxdur ki, Azərbaycan
ordusu düşmənin bu təxribatına da layiqli cavab verəcək və onu tam
neytrallaşdırana qədər öz həmlələrini davam etdirəcəkdir.
Mingəçevir İES qarşısında
erməni terrorunun bariz nümunəsi olaraq sancılıb qalan raketə gəlincə, bu
raketin tam zərərsizəşdiriləndən sonra erməni vəhşiliyinin lal şahidi, tarixi
yaddaş nümunəsi kimi oradaca saxlanılması məqsədəuyğun olardı. Ermənilərin Azərbaycan
xalqına qarşı əsirlər uzunu törətdiyi terror və təxribatların yeni nümunəsi
olan bu raketin gələcək illərdə məktəblilər, yeniyetmələr, habelə ölkəmizə gələn
əcnəbilər, o cümlədən xarici jurnalistlər, media nümayəndələri tərəfindən ziyarət
olunması, həm gənclərimizin, həm də dünya ictimaiyyətinin erməni vəhşiliyi
haqqında məlumatlandırılması baxımından olduqca faydalı ola bilər. Odur ki, tam
zərərsizləşdirildikdən sonra bu raketin, yaxud onun maketinin düşdüyü yerdə
saxlanılması milli tarixi yaddaş baxımından əhəmiyyətlidir. Gənclərimiz bu
raketə baxaraq qonşumuzun kim olduğunu, xalqımızın başına hansı bəlalar gətirdiyini
xatırlamalı, bir an belə olsun sayıqlıqlarını itirməməlidirlər.
Onu da unutmaq olmaz ki,
bəzən bir real, canlı nümunə təbliğati məsələdə cild-cild kitablardan,
milyonlarla sözdən daha effektiv olur, yaddaşlarda həmişəlik iz buraxır. Bu səbəbdən
də sadəcə Mingəçevir İES-in önünə düşən raketin deyil, müxtəlif bölgələrdə
vurulan bəzi düşmən texnikasının da məhv edildiyi yerdəcə ermənilərin terrorçu
xislətini ifşa edən tarixi nümunələr kimi qorunub saxlanılması effektiv ola bilər.
Istənilən halda bu məsələ haqqında daha ciddi düşünməyə, bu yöndə konkret
addımlar atmağa ehtiyac var.
Seymur ƏLİYEV
e-mail: [email protected]