“İşğalçının Tovuz istiqamətində də təxribata əl atması ehtimalı mövcuddur”
27 sentyabr tarixindən
etibarən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bu gün də
müvəffəqiyyətlə davam etdirilməkdədir.
Moderator.az olaraq sabiq
XİN rəhbəri Tofiq Zülfüqarovla söhbətimizdə iki günlük hərbi əməliyyatların
gedişatına və baş verənlərin hərbi-siyasi köklərinə aydınlıq gətirməyə
çalışdıq.
-Tofiq bəy, artıq iki gündür ki, düşmənə qarşı
uğurlu hərbi əməliyyatlar davam edir. İki günlük bu əməliyyatların gedişatı ilə
bağlı nə deyə bilərsiniz?
-Burada həm hərbi, həm də
siyasi nüanslar var. Hərbi baxımdan görünən odur ki, Azərbaycan özünün
artilleriya, raket, aviasiya və dron üstünlüklərindən istifadə edir. Düşmənin
canlı qüvvəsi və texnikası elə mövqelərdəcə məhv edilir. Bu taktika Türkiyənin
Suriyada terrorçulara qarşı tətbiq etdiyi taktikanı yada salır.
Itkilər düşməni
ehtiyatdakı qüvvələri ön xəttə cəlb etməyə vadar edir ki, onları elə yollardaca
məhv etmək bizim üçün daha sərfəlidir. Bu, bizi onları bir-bir hansısa meşə və
dağda tapıb zərərsizləşdirmək məcburiyyətindən azad edir. Bu, olduqca uğurlu
taktikadır.
Siyasi elementlərə nəzər
salsaq görərik ki, ermənilər hərbi əməliyaytların elə ilk günündən müxtəlif
dövlətlərin paytaxtına zəng edərək onlardan kömək diləməyə başladı. Belə bir
kömək isə zənnimcə yoxdur və olmayacaq da.
-Tofiq bəy, bəzi dövlətlər Azərbaycan və Ermənistanı
hərbi əməliyyatları dayandırmağa, danışıqları prosesini bərpa etməyə çağırır. Sizcə
uzun illər səmərəsiz danışıqlardan səbri tükənən Azərbaycan üçün belə bir
çağırış nə dərəcədə cəlbedicidir?
-Danışıqların bərpa
olunması ilə bağlı təkliflər var. Lakin düşünürəm ki, Azərbaycanın bu müraciətlərə
cavabı artıq verilib. Cənab prezident mətbuat nümayəndələri ilə görüşündə
bildirdi ki, biz danışıqlar prosesinə o zaman qoşula bilərik ki, bizə təqdim
olunan sənəd təqvim şəklində təqdim edilsin və orada göstərilsin ki, işğalçı
qüvvələr hansı bölgədən hansı tarixdə çıxacaq. Indiki şəraitdə Azərbaycanın
cavabı bu bəyanatda mövcuddur. Minsk qrupu tərəfləri danışıqlara səsləyir. Bizsə
deyirik ki, gedin belə bir sənəd hazırlayın, ermənilərin razılığını alın, biz də
bu sənədə qoşulaq.
Işğaldakı torpaqlarımız
qeyd-şərtsiz azad edilməlidir. Bizim tələbimiz bundan ibarətdir. Təəssüflər
olsun ki, bizim şərhçilər bunu şərh etməyib. Lakin indiki məqamda bu, bizim
mövqeyimizi əks etdirə biləcək bir yanaşmadır.
-Bir qədər əvvəl qeyd etdiniz ki, Ermənistanın
müraciətlərinə rəğmən ona kömək edən olmayacaq. Sizcə Paşinyanın köməklə bağlı
yalvarışlarının nəticəsiz qalmasına səbəb nədir və ya nə ola bilər?
-Hesab edirəm ki,
Paşinyan kömək üçün müraciət edəndə ona bu torpaqların Azərbaycanın torpağı
olduğu xatırladılıb. Çox güman, Paşinyana bildirilib ki, bu torpaqlar Azərbaycanın
olduğu üçün burada Ermənistan üçün bir təhlükə yoxdur. Odur ki, ola bilsin ki,
Paşinyan bir daha təxribata əl atsın, dövlət sərhəddində hansısa təxribat törətməyə
cəhd etsin. Xüsusilə "Türkiyə təhlükəsini" qabartmaq üçün bunu Naxçıvan bölgəsində
də həyata keçirə bilər. Yaxud iki ay bundan öncə olduğu kimi, Tovuz istiqamətində
hansısa təxribata əl ata bilər. Belə bir təxribat, zənnimcə gözləniləndir.
Seymur ƏLİYEV