Gələn ilin yanvarın 1-dən Mərkəzi Bankın ölkədəki kommersiya banklarına nizamnamə kapitallarını 50 milyon manata çatdırmaları üçün verdiyi vaxt tamam olur. İqtisadçıların proqnozlarına görə ölkədəki 43 kommersiya bankından ən az 7-si bu şərtlərə əməl etmək iqtidarında olmadığından ya bağlanmaq, ya da digər banklarla birləşmək zorunda qalacaq. Maraqlıdır, bu prosesi ağrısız həyata keçirmək mümkün olacaqmı? Bankların nizamnamə kapitalını 50 milyona qaldırmaqdansa xarici banklarda mürgü vuran vəsaitlərimizin bir qismini gətirib onlara paylamaqla vəziyyətdən çıxmaq doğru olmazdımı?
İqtisadçı ekspert, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli nizamnamə kapitalının artırılmasının beynəlxalq maliyyə qurumlarının tövsiyyəsi olduğunu bildirdi: "Bankların nizamnamə kapitalının artırılması, bankların təmərküzləşmə prosesini sürətləndirməkdən ötrü beynəlxalq maliyyə qurumlarının bütün dünya ölkələrinə təklif etdikləri tövsiyyələrdən biridir.Biri bunu tez həyata keçirir, digər ölkə orta müddətə, üçüncüsü- hamıdan sonra.Amma hamı bu yolu keçməlidir. Bunsuz güclü banklar formalaşdırmaq mümkünsüzdür. O ki, qaldı sualın ikinci hissəsinə- xaricdə olan valyuta eytitatlarımızdan bir-iki milyard manatını, məsələn "AQROBANK" və "İNNOVASİYALI İNKİŞAF BANKI" yaradıb, birinci vasitəsilə aqrar sahəni güclü inkişaf etdirmək,ikinci vasitəsilə isə elm tutumlu məhsul istehsalını artırmaq və neftdənkənar sahənin eksport potensialını artırmaq olar."