Qeyd edək ki, qalmaqallı qanun layihəsinin ortaya çıxmasına səbəb parlamentdə təxminən 40 il əvvəl qəbul edilmiş uşaq hüquqları ilə bağlı qanunun dəyişdirilməsi olub. Belə ki, İran qanunlarına görə, qızlar 13, oğlanlar isə 15 yaşlarında evlənə bilərlər. İranda övladlığa götürmə barədə qanunlarda övladlığa götürülən oğlan və ya qız öz ata və ya analarına məhrəm olub-olmadığı göstərilməyib. İndi isə həmin qanuna yenidən baxan deputatlar bəzi dəyişikliklər ediblər.
İran qanunlarına görə, qızların evlilik yaşı 13, oğlanlarda isə 15 müəyyən olunub. Yerli hüquq müdafiəçiləri və vəkillər bu qanunun pedofiliyaya şərait yaradacağını bildirirlər.
Məsələ gəlib miras məsələsinə çatanda qalmaqallı məqam ortaya çıxıb. Yeni qanunda deyilir ki, övladlığa götürülən uşaq bioloji övlad kimi atalığından və ya analığından irs aparmır. Həmçinin qeyd edilib ki, övladlığa götürülən övlad ata-anasına məhrəm deyil. Bu isə öz növbəsində kişilərin övladlığa götürdükləri qız uşaqları ilə evlənməsi ilə bağlı qadağanı aradan qaldırır. Çünki dinə görə, evlənmək haram olanlar yalnız məhrəm kateqoriyasına düşən şəxslərdir. Yəni qanuna yeni düzəlişlər faktiki olaraq övladlığa götürülmüş qıza ailə qurulmasına mane olmur.
Türkiyənin “Milliyyət” qəzetinin yazdığına görə, İran üçün Ədalət insan haqları qrupunun üzvü Şadi Sədr Mühafizlər Şurasının bu qanunu qəbul etməsindən narahat olduqlarını və bununla pedofiliyanın qanuniləşdiriləcəyini bildirib: “İran mədəniyyətində, adətlərində və ənənələrində atanın övladlığa götürdüyü qızı ilə evlənməsi kimi bir şey yoxdur. İranda zina və pedofiliya da başqa ölkələrlə müqayisədə nə az, nə də çox deyil. Amma bu qanun uşaqbazlığı, pedofiliyanı leqallaşdırır. Halbuki hər hansı ata yetkinlik yaşına çatmamış qızı ilə evlənirsə, onunla cinsi əlaqəyə girirsə, bu təcavüz, pedofiliyadır”.
İranın mövcud qanunvericiliyinə görə, 13 yaşına çatmamış uşaq yalnız məhkəmənin qərarı və hakimin icazəsi ilə evləndirilə bilər. Ögey övladla evlənmək isə qəti qadağan idi.
Dinşünas ekspertlər də yeni qanun layihəsinin İslama qarşı olduğunu deyirlər. İrandakı Uşaq Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Şiva Dövlətabadi bu qanun layihəsinin qəbul olunması ilə zinanın qanuniləşdirildiyini bildirib.
İran parlamentinin yanlışı ölkədə və dünyada geniş etirazlara səbəb olub. Yerli hüquq müdafiəçiləri qanundakı bu məqamın pedofiliyaya şərait yaradacağını bildirirlər. Çünki yeni qanun faktiki olaraq sui-istifadə üçün imkan yaradır. İran mətbuatının yazdığına görə, parlament qanunu qəbul eləsə də, hələlik digər qanunlar kimi bu da İslam hüququ üzrə mütəxəssislər şurasında təsdiqlənməlidir. Məhz bu şura qəbul olunan qanunların İslam qanunlarına uyğun olub-olmadığı ilə bağlı rəy verir.