Amerikanın məşhur “Taym” “("Time”) jurnalı Yeni Dehlidən(Nyu-Dehli) olan 82 yaşlı hindistanlı bir müsəlman qadını 2020-ci ilin ən nüfuzlu 100 adamından biri adlandırıb.
Moderator.az sözügedən nəşrə istinadla xəbər verir ki, Hindistanda Bilkis adlı ahıl bir qadın müsəlmanları bu ölkədə yaşamaq hüququndan məhrum edə biləcək mübahisəli “Vətəndaşlıq dəyişikliyi qanunu”na etiraz olaraq Xalqın Səsi olub.
82 yaşlı bu mömin xanım üç aydan çox oturaq etiraz aksiyasında iştirak edib. Delhdəki bir etiraz düşərgəsində əyləşən Bilkis bir əlində təsbeh, digər əlində isə dövlət bayrağı tutub.
"Bilkis vətənlərində yaşamaq hüquqlarını müdafiə etdikləri üçün dəmir barmaqlıqlar arxasına atılan müsəlman fəallara və tələbə liderlərinə ümid və güc, ölkə daxilindəki dinc etirazlara ilham verdi" -deyə hind jurnalisti Rana Ayub “Time” jurnalında “xalqın səsi” haqqında yazdığı məqalədə vurğulayır.
Ağbirçək müsəlman qadın jurnalistə "Bu ölkənin və dünyanın uşaqlarının ədalət və bərabərlik havasıyla nəfəs alması üçün qan damarlarımdan axana qədər burada oturacaq, mübarizə aparacağam" -deyib.
Qeyd eədk ki, ABŞ-ın “Taym” jurnalı 2020-ci ildə dünyanın ən nüfuzlu 100 insanı siyahısını hazırlayıb.
Yeni reytinq cədvəli 5 kateqoriya bölünüb: “Titanlar”, “Novatorlar, “İncəsənət xadimləri”, “Liderlər” və “Kumirlər”.
“Liderlər” sırasına ABŞ-ın İnfeksion Xəstəliklər və Allergiya Milli İnstitutunun direktoru Entoni Fauçi, ÜST direktoru Tedros Qebreyesus, ABŞ Prezidenti Donald Tramp və rəqibi Cozef Bayden, ABŞ vitse-prezidentliyinə namizəd Kamalə Harris, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ABŞ Baş prokuroru Uilyam Barr, Çin lideri Si Szinpin, Almaniya kansleri Angela Merkel, Braziliya Prezidenti Jair Bolsonaru, Hindistan Baş naziri Narendra Modi, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Paris meri Ann İdalqonun adı daxil edilib.
“Titanlar” sırasında “Quql” direktoru Sundara Piçai, Çin epidemioloqu Çjun Nanşan, milyarder Cef Bezos, “Formula -1” çempionu Luis Hemilton və digərlərinin adları yer alıb.
Sultan Laçın