Bir neçə gün bundan öncə Sumqayıta səfər edən ölkə başçısı “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib, görülən və görüləcək işlərdən bəhs edib. Prezident İlham Əliyev yaxın gələcəkdə Suqmayıtda şüşə zavodunun açılacağını, bununla da ölkəmizin şüşəyə olan tələbatının yerli istehsal hesabına təmin ediləcəyini bildirib.
Maraqlıdır, son vaxtlar
Sumqayıtda açılan və açılması planlaşdırılan zavordlar həm ölkəmizin iqtisadi
inkişafı, həm də məşğulluq probleminin effektiv həlli baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama
verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov, Sumqayıtın artan iqtisadi
gücünün bütövlükdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından böyük əəhmiyyət
kəsb etdiyini söylədi:
“Sumqayıt sənaye parkı
milli istehsalın artmasında, eyni zamanda Azərbaycanın qeyri-neft ixracatının
formalaşmasında artıq xüsusi paya malik olmaqdadır. Təbii ki, perspektiv olaraq
həm ixracdan asılılığın aradan qaldırılmasında, həm də yerli istehsalın
artmasında bu parkın rolunun daha da yüksəlməsiı gözlənilir. Yeni məssisələrin
istifadəyə verilməsi, Peşə Təhsil Mərkəzinin açılışının reallaşması da birmənalı
olaraq ondan xəbər verir ki, park innovativ məhsullaırn istehsalını həyata
keçirəcək. Bu onu göstərir ki, həm pandemiyanın davam etdiyi aylarda, həm də
post-pandemiya dövründə yerli istehsalın dəstəklənməsi Azərbaycan üçün
prioritetdir.
Güman olunur ki, parkda Peşə
Təhsil Mərkəzinin istifadəyə verilməsi parkın inovativ mərkəz kimi fəaliyyətinə
müsbət təsir göstərəcək. Bu isə nəticə etibari ilə qeyri-neft sektorunda müqayisəli
məhsul istehsalının artması anlamına gəlir.
Yerli məhsulların bazara
çıxarılması idxaldan asılılığın azalmasına xidmət edir. Bu isə valyutanın ölkədə
qalması baxımından vacibdir. Peşə Təhsil Mərkəzinin açılışı da ondan xəbər
verir ki, pandemiya dövründə də iqtisadi siyasət, eyni zamanda islahatlar davam
etdirilir. Bu islahatların əsas hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsi
və iqtisadiyyatın şaxələnməsidir. Bu baxımdan biz post-pandemiya dövründə
iqtisadi aktivliyi daha qısa zamanda əldə
edəcəyik. Potensial post-pandemiya dövründə imkanların genişləndirilməsi, xüsusilə
də qeyri-neft sektorunda üstünlüyümzün artması, yerli istehsalın genişlənməsi
gözlənilir”.
Seymur ƏLİYEV