Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov işğaldakı Azərbaycan ərazilərindəki mədəni-tarixi abidələrin mövcud durumu ilə bağlı narahatlığını dilə gətirib. Anar Kərimov qeyd edib ki, bu problemin dünya birliyinin diqqətinə çatdırılması üçün sadəcə XİN və Mədəniyyət Nazirliyi deyil, digər qurumlar, eləcə də hər bir vətəndaş aktivlik sərgiləməlidir.
Maraqlıdır,
işğaldakı ərazilərdəki mədəni-tarixi abidələrimizin mövcud durumuna media yetərincə
diqqət ayırırmı?
Moderator.az-a
açıqlama verən “Xalq Cəbhəsi” qəzetinin
baş redaktoru, media eksperti Elçin Mirzəbəyli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bununla
bağlı Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında müxtəlif QHT-lərin layihələri olub. Bununla bağlı
hazırlanan çoxsaylı kitablar var. Çox yaxşı olardı ki, Mədəniyyət Nazirliyi bu
kitabların müəllifləri ilə də görüşlər keçirsin. Bu sahəni bilən kifayət qədər mütəxəssis
var.
Hesab edirəm ki, ilk növbədə
bununla bağlı informasiya bazasını formalaşdırmaq lazımdır. Təbii ki, hər bir vətəndaş
bu məsələdə aktiv olmalı, prinsipiallıq sərgiləməlidir. Bu, vətəndaş
mövqeyidir. Lakin bununla yanaşı, bir neçə dildə mədəni abidələrlə bağlı
resursların yaradılmasına ehtiyac var. Bu resursları isə əli həmin
informasiyalara çatan mütəxəssislər və müvafiq qurumlar yarada bilər.
Mədəniyyət abidələrinin
qeydə alınması ilə bağlı istər sovet dönəmində, istərsə də sonrakı dönəmdə Mədəniyyət
Nazirliyi iş aparırdı. Bu baxımdan həmin resurslar ciddi şəkildə -
informasiyalar, fotolar, varsa videogörüntülərlə ayrı-ayrı resurslarda yer
almalıdır ki, həmin resurslardan da vətəndaşlar, o cümlədən KİV nümayəndələri
istifadə edərək Azərbaycanın haqlı mövqeyini dünyaya çatdıra bilsinlər. Yaxud
özlərinin prinsipial mövqelərini ortaya qoyduqları zaman onların irəli sürdüyü
fikirlər faktoloji olsun. Yəni havadan götürülmüş sözlər olmasın. Bu istiqamətdə
fəaliyyətin ortaya qoyulmasına daha çox ehtiyac var.
KİV-lərdə işğal altındakı
torpaqlarımızla bağlı həyata keçirilən müxtəlif layihələr, habelə bu layihələrdən
kənarda mütəmadi olaraq bu barədə yazılar yer alır. Amma söhbət çap mediasından
gedirsə, bu məqalələr əsasən Azərbaycan oxucusuna yönəlmiş olur. Internet
resurslarında isə bununla bağlı xüsusi olaraq genişmiqyaslı fəaliyyətin şahidi
olmamışam. Xüsusilə də ingilis, rus və s. dillərdə bu fəaliyyət o qədər də
aydın diqqəti cəlb etmir. Lakin ümumilikdə belə bir fəaliyyət var. Bunun
olmadığını iddia etmək də doğru olmaz. Ancaq bunu sistemləşdirmək lazımdır.
Istinad mənbəyi olmaldır. Hər kəsin, eləcə də medianın faktlara əlçatanlığı təmin
olunmalıdır. Bunun da ən əsas yolu internet resurslarında ciddi bir bazanın
formalaşdırılmasıdır”.
Seymur ƏLİYEV