“Əgər mərhum Heydər Əliyev başda olmaqla YAP qurucularının müəyyən etdiyi strateji yoldan, qarşıya qoyulan ali məqsədlərdən, verilən tövsiyələrdən kənara çıxılacaqsa, heç bir islahatdan söhbət gedə bilməz…”
Bu fikri Yeni Azərbaycan Partiyasının fəal qurucularından biri, sabiq deputat və keçmiş icra başçısı Maksim Musayev Moderator.az-a partuyada nəzərdə tutulan islahatlar barədə açıqlamasında dilə gətirib.
“YAP-da hazırda islahatlar aparmaq çox çətin məsələdir. Çünki partiya vaxtilə “durğunluq dövrü” adlandırılan Brejnev dövründəndən pis bir durğunluq keçirir... YAP-ın yeni qurultayı təşkil olunmalı, qurultaya nümayəndələr seçilməli, həmin nümayəndələrin, ən azı, 60-70 faizi gənclər olmalıdır. Həmin gənclərin əksəriyyəti milli ruhlu, vətənpərvər, dövlətçiliyi sevən, konstitusiyamıza, qanunlarımıza hörmət edən, əli təmiz, dili təmiz, rüşvət və korrupsiyadan qorxan, çəkinən adamlar olmalıdır...
Qurultay əgər normal Siyasi Şura seçə bilərsə və Siyasi Şura da öz növbəsində,İdarə Heyəti seçərsə, onlar hansı formada yeni iş metodu ilə işləmək gərək olduğunu müəyyən edər. Amma əgər mərhum Heydər Əliyev başda olmaqla YAP qurucularının müəyyən etdiyi strateji yoldan, qarşıya qoyulan ali məqsədlərdən, verilən tövsiyələrdən kənara çıxılacaqsa, heç bir islahatdan söhbət gedə bilməz. YAP, nəhayət, özü-özünü saflaşdırmağa doğru getməlidir...”-deyə M.Musayev bildirib.
Klassik YAP-çı partiyada islahatların mümkünsüzlüyünü həm də tənqid və özünətənqidə yer verilməməsi ilə əlaqələndirib:
“YAP-ın rəhbərliyində və yerli təşkilatlarında tənqid və özünütənqid, demək olar ki, yaddan çıxıbdır. Partiyanın banisi Heydər Əliyevin də bu sahədəki tövsiyələri unudulubdur. YAP-çılar sanki tənqiddən qorxurlar, tənqid adı eşidəndə titrəyirlər...”
Maksim Musayevin YAP-ın keçmişi, gələcəyi barədə geniş müsahibəsini yaxın müddətdə saytımızda oxuya bilərsiniz.
Sultan Laçın