“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət
Əliyev
Rusiya Federasiyasından Azərbaycana
deportasiya olunanlar var. Amma bizə müraciət edənlərin sayı azdır. Ona görə də
ümumi sayı dəqiq deyə bilmərik. Müraciətlərin sayı əvvəlki illərlə müqayisədə
kifayət qədər çoxdur. Hətta uzun illər Rusiyada yaşayan, buna daimi icazəsi
olan şəxslərin deportasiya edilməsi faktları da var. Bəziləri də var ki, deportasiya
olunmadan Azərbaycana gəliblər, amma Rusiyaya qayıdarkən onlara arzuolunmaz
şəxs kimi ölkədən çıxarılmaları haqda qərarın olduğu bildirilib. Bununla bağlı
bizə 30-a yaxın müraciət daxil olub. Müxtəlif KİV-də Rusiyadan deportasiya
edilən azərbaycanlıların sayının yüzlərlə göstərilməsinə baxmayaraq bu haqda
bizdə dəqiq məlumat yoxdur.
Moskvada fəaliyyət göstərən "Yeni
Sabah" Gənclər Təşkilatının rəhbəri Teymur Hüseynov Moderator.az-ın
əməkdaşı ilə söhbətində Rusiyada Azərbaycan vətəndaşlarının saxlanılması və
deportasiya edilməsi prosesinin dayandırıldığını bildirib. Onun sözlərinə görə,
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərindən dərhal sonra
azərbaycanlılara qarşı polis əməliyyatları dayandırılıb: "Amma buna qədər
qısa vaxtda xeyli sayda soydaşımız deportasiya edildi. Putinin son səfərindən
sonra həmvətənlərimiz əvvəlki qaydada öz işləri ilə məşğuldurlar. Bəzi xırda
ənənəvi sənəd yoxlama hallarını nəzərə almasaq, ümumən azərbaycanlılara qarşı
əməliyyatlar dayandırılıb". Putinin səfərinə qədər deportasiya edilən
soydaşlarımızın sayına gəlincə T.Hüseynov qeyd edib ki, bu haqda dəqiq rəsmi
məlumat yoxdur: "Amma təqribən 350-400 nəfər soydaşımızın deportasiya
edilməsi haqda məlumat var".