80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilmiş Çingiz Qənizadə seçicilərlə növbəti silsilə görüşlərə başlayıb.
Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, sentyabrın 16-dan etibarən seçicilərlə görüşlərə başlayan millət vəkili Çingiz Qənizadə İmişli rayonunda seçki dairəsi ərazisində yerləşən kəndlərdə keçirdiyi görüşləri artıq bu gün başa çatdırıb. Millət vəkilinin keçirdiyi görüşlər rayonun 24 kəndini əhatə edib.
Seçicilərlə görüşündə Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfüzündan, dünya dövlətləri arasında söz sahibi olmasından, Cənubi Qafqazda ən güclü siyasi və iqtisadi gücə malik olmasından danışan Ç.Qənizadə, həmçinin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son 5 ildə ölkəmizdə quruculuq və abadlıq işlərinin aparılması, insanların sosial rifah halının yaxşılaşması və yeni iş yerlərinin açılması istiqamətində reallaşdırılan layihələri müsbət hal kimi qiymətləndirdiyini, əldə olunan bütün bu nailiyyətlərin Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təmsil olunan deputat Çingiz Qənizadə Danimarka, Finlandiya, İordaniya, Portuqaliya və Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun, TÜRKPA-nın Azərbaycan Milli Nümayəndə heyətinin və həmçinin TÜRKPA-nın Hüquq məsələləri komissiyasının üzvü olaraq təşkil olunan beynəlxalq tədbirlərdə iştirakı və Parlamentdəki fəaliyyəti barədə seçiciləri qarşısında hesabat xarakterli çıxış edib.
Milli Məclisin komitələrinin birgə iclasında və plenar iclasda qanunların müzakirəsi zamanı bir sıra müvafiq təkliflərlə çıxış etməsi barədə seçicilərinə məlumat verən millət vəkili qəbul olunan və seçicilərini maraqlandıran qanunlar haqqında onların suallarına izahlı və geniş şəkildə cavab verib.
Millət vəkili seçicilərin şikayətlərini və onları narahat edən problemləri dinləyərək onların həlli istiqamətində mümkün olan variantları araşdırıb, deputatın səlahiyyəti çərçivəsində həll olunması mümkün olanları həll edib, digərləri barədə qeydiyyat aparıb, habelə vətəndaşların müxtəlif səpkidə olan suallarını ətraflı şəkildə cavablandırıb.
Ç.Qənizadə həmçinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən 9 oktyabr - Prezident seçkiləri ilə bağlı seçicilərinə ətraflı məlumat verib. Millət vəkili Azərbaycan xalqının layiq olduğu firavan və xoşbəxt gələcək naminə seçicilərini Prezident seçkilərində aktiv iştiraka və ölkə prezidenti olmağa layiq olan namizəd üçün doğru seçim etməyə çağırıb.
Qeyd edək ki, hazırda Çingiz Qənizadə Beyləqan rayonunun seçki dairəsi ərazisində yerləşən kəndlərində görüşlər keçirir və millət vəkilinin seçicilərlə görüşü oktyabrın 8-ə kimi davam edəcəkdir.