Qondarma ittihamlarla həbs edilərək MTN təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimlinin atası prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edərək oğlu ilə görüşdürülməsini xahiş edib. Kamran Həşimov müraciətini həm teleqram formasında, həm də adıçəkilən şəxslərin rəsmi saytlarına göndərdiyini bildirib. Moderator.az-a açıqlamasında K. Həşimov bildirib ki, oğluna işgəncə verilməsindən bərk narahatdır və yalnız onun özüylə üzbəüz görüşəcəyi halda ona işgəncə verilib verilməməsi barədəki şübhələrinə son qoyula bilər. Kamran Həşimov müraciətlərində həmçinin prezidentlə, baş prokuror və milli təhlükəsizlik naziri ilə görüş istədiyini, oğlunun dövlətə və dövlətçiliyə sadiq bir jurnalist, hüquq müdafiəçisi olduğunu bir daha onların diqqətinə çatdırmaq niyyətində olduğunu da bildirib.