Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənovun diplomatik fəaliyyəti başa çatıb. Sentyabrın 24-də Bakıda qəbul keçirən Ramil Həsənov deyib ki, oktyabrın 1-dən baş katib postunu qazax diplomat Jandos Asanov tutacaq. AzərTAc belə xəbər verir.
TürkPA 2008-ci il noyabrın 21-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. Ramil Həsənov assambleyanın 29 sentyabr 2009-cu ildə Bakıda keçirilən ilk plenar sessiyasında 4 illik müddətə baş katib seçilib.
35 yaşlı Ramil Həsənov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllimidir. 1999-2002-ci illərdə Qaradağ bələdiyyəsinin üzvü, 2002-ci ildən baş katib seçildiyi tarixədək Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri olub.