Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Bakı-Tbilisi qatarında sentyabrın 17-də təhlükəsizliyə cavabdeh olan əməkdaşı Bahadur Rəsulovu işdən kənarlaşdırıb və hazırda onun barəsində təhqiqat gedir. Bu barədə dünən “Bizim Yol”un əməkdaşı ilə telefon söhbətində adıçəkilən idarədən məlumat verilib.
“Bizim
Yol” qəzetinin ötən sayında xəbər verdiyimiz kimi, adıçəkilən polis əməkdaşı
özünü tutduğu vəzifəyə adekvat aparmayıb. O, bu cümlələrin müəllifinə də
vaqonda siqaret çəkmək qarşılığında ona “hörmət” edilməsini tələb edib. Amma
ciddi biabırçılıq əcnəbi xanım Natayla Levisdən siqaret çəkdiyi üçün 100 AZN və
200 dollar rüşvət alması ilə bağlı olub.
Hazırda
ailəsi ilə Batumda istirahətdə olan N.Levisin həyat yoldaşı adının çəkilməsini
istəməyən “bp” Azərbaycanın əməkdaşıdır. O, Azərbaycana döndükdən sonra baş
verənlərlə bağlı Azərbaycan Prezidentinə müraciət edəcəyini və polisin
cəzalandırılması üçün məhkəməyə də şikayət edəcəyini deyib.
Habelə
hadisələrin iştirakçısı olmuş bu cümlələrin müəllifi də Polis İdarəsinə dəvət
edilib.
Moderator.az