Azərbaycanda mənzil alana dövlət büdcəsi hesabına sosial ipoteka üzrə 30 il müddətinə 4 faizlə maksimum 50 min manat kredit verilir. İndiyəcən bu xətlə 3 min nəfərə qədər adam ipoteka krediti alıb.
Adi ipoteka isə 25 il müddətinə 8 faizlə verilir. Bu ipotekadan da 10 min nəfərə qədər adam kredit alıb. Kommersiya banklarının öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin müddəti adətən az, dərəcələri yüksək olur. Tikinti şirkətlərinin möhlətlə ev satışı üçün qoyduğu müddət daha da azdır.
İpoteka kreditlərinin ümumi həcmi 2006-cı ildəki 27 milyon manatdan 2013-cü ildə 200 milyon manata (nəzərdə tutulan bütün kanallar üzrə vəsait tam reallaşsa) çatıb, yəni 7,5 dəfə artıb. İndiyədək 500 milyon manata qədər ipoteka krediti verilib. Bunun 178 milyon manatı büdcə vəsaitidir.
Milli Məclisin deputatı Əli Məsimli “Facebook” səhifəsində yazır ki, bununla belə, ipoteka xətti ilə mənzil alınmasına yönəldilən vəsait tələbatdan xeyli azdır: “Digər tərəfdən də indiki şərtlərlə verilən ipoteka kreditləri orta statistik azərbaycanlı üçün əlçatan deyil. Ona görə də hökumət ipoteka sistemində, xüsusən də sosial ipoteka sahəsində dəyişikliklər etmək istəyir. Daha çox yığım və faiz dərəcələri sahəsində dəyişiklik olunması gözlənir. Yəni ev almaq istəyən vətəndaşın bir müddət maliyyə yığımı etdikdən sonra ipoteka ilə arzusunu reallaşdırmaq imkanı olacaq. İkinci Dünya müharibəsi zamanı tikililərinin çoxu darmadağın edilmiş Almaniyanın sürətli inkişafında, tez bir zamanda Avropanın öncül dövlətinə çevrilməsində bu model əhəmiyyətli rol oynayıb”.
Bəs həmin model Azərbaycanda tətbiq edilsə, səmərəli işləyəcəkmi?
Millət vəkili bildirir ki, Azərbaycan reallıqlarını nəzərə almaqla həmin model hər halda ipotekanın indiki şərtlərindən daha yaxşı işləyəcək: “Amma bu heç də ölkə vətəndaşlarının ev probleminin ipoteka hesabına tamamilə həll olunacağı demək deyil”.
Ona görə də, Əli Məsimlinin fikrincə, ipoteka mexanizmini təkmilləşdirən zaman hökumət aşağıdakı məsələləri də nəzərə alsa, işin xeyrinə olar:
- Adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 2 faizə endirilsin;
- İlkin ödəniş sahəsində problemi yumşaltmaqdan ötrü xüsusi fond və Tikinti-Əmanət Bankı yaradılsın;
- İpoteka kreditlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşdırılmasın, rayonlarda yaşayanlar da ipotekadan yararlana bilsinlər;
- Azərbaycanda orta maaş 400 manatdan bir qədər artıq, büdcə təşkilatlarında işləyənlərin xeyli hissəsinin maaşları isə 200 manat ətrafındadır. Bu o deməkdir ki, hazırkı ipoteka mexanizmi şəraitində orta statistik azərbaycanlı müəllim, həkim, elm, mədəniyyət, incəsənət və sair sahələrdə çalışanların çoxu ipotekadan faydalana bilmir. Ona görə də dövlətin birotaqlı mənzillərlə yanaşı ucuz başa gələn 2-3 otaqlı mənzillər tikilməsini təşkil etməsi və vətəndaşlara ayda 60-80 manat ətrafında pul ödəməklə (axırda həmin ev o ailəyə qalsın) təqdim etməsi evsizlik problemini azaldar. Belə olsa, ipoteka sahəsində işlər geniş vüsət alar, əhalinin daha çox hissəsinin, xüsusən də gənclərin və gənc ailələrin mənzil tələbatının ödənməsi xeyli sürətlənər. Bu həm də tikinti bumuna, tikinti materialları sənayesinin sürətli inkişafına, qiymətli kağızlar bazarının genişlənməsinə ciddi təkan vermiş olar.