Bir sima, bir millət, bir mövqe!
Məlum olduğu kimi, prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Azərbaycana yeni təyin edilən fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. Qəbul zamanı prezident İlham Əliyev ölkəmizi narahat edən bir sıra məqamlara diqqət çəkməklə yanaşı, Azərbaycan və Türkiyənin maraqlarını təhdid edən güclərə də açıq mesaj verib, ciddi bəyanatlar səsləndirib.
İlham Əliyevin yerə düşməyə qoymadığı üç alma: Yarıda nöqtələnən “rus nağılı”
Prezident İlham Əliyevin
2 sentyabr tarixli açıqlamasında diqqət çəkən ən başlıca məqam ölkə başçısının
hər zaman olduğu kimi, bu dəfə də müxtəlif məsələlərlə bağlı konkret mövqe sərgiləməsi,
öz fikrini aydın, birmənalı şəkildə ortaya qoyması oldu.
Rusiyanın işğalçı Ermənistanı
silahlandırmaqda davam etdiyini bildirən prezident İlham Əliyev, bununla ikinci
kəs Kremlin ermənipərəst siyasətini beynəlxalq müstəvidə ifşa etdi ki, bu,
özlüyündə böyük cəsarət
nümunəsi kimi qiymətləndirilə bilər. Ölkə başçısının bu açıqlaması Rusiyanın
müdafiə nazirinin ölkəmizə səfəri zamanı Ermənistana silah deyil, tikinti
materialları göndərilməsi ilə bağlı danışdığı nağıla rəsmi Bakının inanmadığı
bir kəs daha sübut etdi. Həmçinin, ölkə başçısının Rusiya ilə bağlı səsləndirdiyi
bu fikir, Bakının əlində Rusiyanın Ermənistanla bağlı addımlarını dəqiqliklə
izləyə biləcək mühüm kəşfiyyat imkanları və informasiya kanalları olduğunu da
isbat etmiş oldu.
Xatırladaq ki, Şoyqunun
Rusiyadan Ermənistana silah deyil, tikinti materialları daşınması ilə bağlı səsləndirdiyi
gülünc fikrə prezidentin köməkçisi Hikmət Hacıyev də çevik reaksiya vermiş,
Rusiya müdafiə nazirinin açıqlamasını qənaətbəxş hesab etmədiklərini
bildirmişdi.
Qardaş təəssübü və ya iki dövlət - bir mövqe!
Prezident İlham Əliyevin
2 sentyabr tarixli çıxışda diqqət çəkən digər bir məqam ölkə başçısının Türkiyə-Yunanıstan
gərginliyi fonunda qardaş Türkiyəni tam və açıq şəkildə dəstəkləməsi oldu.
Aralıq dənizində Yunanıstan və digər Qərb ölkələri ilə faktiki olaraq üz-üzə gələn,
hərbi qarşıdurmanın astanasında qərarlaşan Türkiyənin Yunanıstan dövlətinin rəsmi
təmsilçisi qarşısında bu şəkildə müdafiə edilməsi, Azərbaycanın istənilən
situasiyada Türkiyəni dəstələməkdə davam edəcəyi mesajının verilməsi, president
İlham Əliyevin bir sima, bir mövqeyə malik siyasətçi olduğunu bir kəs daha təsdiq
etmiş oldu.
Bu, həmçinin, Azərbaycan və
Türkiyənin xarici siyasət məsələlərində bir millət olaraq vahid mövqedən çıxış
etdiyini, regional və qlobal maraqların birgə müdafiə olunduğunu göstərmiş
oldu. 2 sentyabr çıxışı göstərdi ki, Azərbaycan və Türkiyə bir-birlərinin
maraqlarını müdafiə etmək üçün qlobal güclərə qarşı belə cəbhə almağa, onların
təzyq və basqılarına layiqli müqavimət göstərməyə qadirdir.
Yunanıstanın işğalçı Ermənistanla
hərbi əməkdaşlığına da toxunan İlham Əliyev, bununla bağlı narahatlığını da məhz
yunan səfirin üzünə söylədi ki, bu da ölkə başçısının cəsarət və dürüstlüyündən,
ikili, üstüörtülü davranış və ünsiyyətdən uzaq olduğundan xəbər verir.
Öyrənmək heç vaxt gec deyil, hətta 40-da belə…
Bu baxımdan prezident İlham
Əliyevin 2 sentyabr tarixli çıxışı iki baxımdan xarakterizə edilə bilər.
Birincisi, bu çıxış Azərbaycan
və Türkiyə arasındakı əlaqələrin bütün digər maraqların fövqündə dayandığı, hər
iki dövlətin beynəlxalq müstəvidə vahid dövlət kimi çıxış etdiyini göstərdi.
Ikinci mühüm məqam isə, bu
çıxışın prezident İlham Əliyevin bacarıqlı lider və peşəkar siyasi xadim kimi şəxsi
keyfiyyətlərinin bir kəs daha özünü büruzə verməsi ilə bağlıdır. Bu çıxış bir
daha sübut etdi ki, İlham Əliyev Azərbaycan və Türkiyənin maraqlarını müdafiə
etmək üçün sadəcə region ölkələrinə deyil, dünyanın ən böyük güclərinə, ən qüdrətli
dövlətlərinə belə söz deməyə, onlardan hesab sormağa, hətta meydan oxumağa
qadirdir. Bu çıxış sübut etdi ki, İlham Əliyev hər zaman hər yerdə “bir sima,
bir millət, bir mövqe” prinsipindən çıxış edib. Hansısa problemə ikili
yanaşmaq, hansısa məsələ ilə bağlı anlaşılmaz, müəmmalı, ziddiyyətli mövqe
ortaya qoymaq İlham Əliyevin təbiətinə, prinsip və xarakterinə ziddir. Bu
baxımdan istər Minsk qrupuna həmsədr dövlətlərin rəhbərliyinin, istər işğalçı
Ermənistanın siyasi liderləri və onlara havadarlıq edən qüvvələrin, istərsə də
digər beynəlxalq qurumların təmsilçilərinin bu məsələdə Azərbaycan prezidentindən
öyrənməli olduğu çox şey var. Cəsarət, şərəf və dürüstlük bu məziyyətlərdən ən
başlıcasıdır. Və ümid edək ki, İlham Əliyevin 2 sentyabr tarixli çıxışından
sonra, onlar gec də olsa bu məziyyətlərə sahib olmaq səadətinə nail olmağa cəhd
edəcəklər…
Seymur ƏLİYEV
E-mail: seymur_dq04@mail.ru








