Azərbaycan-Türkiyə siyasi münasibətlərinin son illər sürətlə inkişaf etdiyi hər kəsə məlumdur.
Bəs siyasi münasibətlərin
inkişafı iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişlənməsi məsələsinə
də öz töhfəsini verə bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Vahid Əhmədov iqtisadi əlaqələri daha da inkişaf etdirməyin
vacib olduğunu vurğuladı:
“Türkiyə Azərbaycan üçün
qardaş dövlətdir. Tovuz hadisələrində Türkiyə hərbi-siyasi rəhbərliyi qətiyyətli
mövqe sərgilədi, Ermənistanın təxribatlarına sərt reaksiya verdi. Türkiyə
bildirdi ki, hər zaman Azərbaycanın yanındadır və ona hər cür dəstək göstərməyə
hazırdır. Türkiyə-Azərbaycan münasibətlərinin nə qədər yaxın, səmimi və təmənnasız
olduğunu bütün dünya, eləcə də Rusiya bilir. Hesab edirəm ki, Türkiyə ilə bütün
əlaqələr, eləcə də hərbi və iqtisadi əlaqələr daha da gücləndirilməlidir”.
Seymur ƏLİYEV