Nəhayət, İctimai Televiziyadakı dəyirmi masanın ilk raundundan sonra oktyabrın 9-da keçiriləcək prezident seçkiləri marafonu iştirakçılarının missiyaları və təxminən nə qədər səs qazanacaqları bəlli oldu. Milli Şuranın namizədinin hələ illər uzunu xatırlanacaq pasport qalmaqalından sonra ehtiyat vahid namizədin müəyyənləşməsindən və digər yarış iştirakçılarının siyasi yükü bəlli olduğundan payızda prezidentlik kürsüsü sahibinin dəyişməyəcəyini proqnozlaşdırmaq üçün nə münəccim, nə politoloq olmağa gərək yoxdur. Təbii ki, narazı elektoratın təmsilçisi rolunda çıxış edən tarixçi professor Cəmil Həsənlinin daha şanslı namizəd olması, hətta hakimiyyətin namizədindən belə çox səs toplayacağının müxalif mətbuatda iddia edilməsi də başadüşüləndir. Ancaq əlahəzrət faktın kal armud kimi demokratiya tamarzılarının boğazında qaldığı, daha doğrusu, yarımçıq ssenarist Rüstəm İbrahimbəyov tərəfindən xirtdəyinə yeridildiyi danılmazdır. Müxalifət bu dəfə də hakimiyyəti dəyişmək şansını qaçırdı. Əlbəttə, bu heç də o demək deyil ki, oktyabrdakı marafona qoşulmaq mənasızdır. Əksinə, ən azı qüvvələri götür-qoy etmək, seçicilərlə birbaşa təmaslar quraraq platformasını onlara çatdırmaq üçün seçkilər iddiaçılar, xüsusən də real rəqiblər üçün vazkeçilməz fürsətdir və hər bir siyasi qüvvə üçün seçkilərdə iştirak özünütəsdiq və özünütəbliğdir. Bu baxımdan sinəsini qabağa verən namizədlərin bolluğunu anlamaq çətin deyil. Əlbəttə, siyasi palitranı zənginləşdirmək və çeşidli alternativlik görüntüsü yaratmaq üçün göstərişlə marafona qatılan bəzi özündənbəylərə həvalə olunmuş çirkin missiyanın da mahiyyəti cəmiyyətdə hər kəsə bəllidir. Odur ki, söhbət qondarma yox, səmimi iddiaçılardan gedir. Bu baxımdan marafona ən sonda qoşulan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun namizədliyi və siyasi personası üzərində ayrıca dayanmaq doğru olardı.
Əlbəttə, siyasi baxımdan diribaş və son onilliklərin qaynar proseslərinin iştirakçısı, ən azından müşahidəçisi olan şəxslər üçün ADP sədrinin obrazı, siyasi portreti kifayət qədər bəllidir. Sadəcə bir neçə cümləlik xatırlatma etməklə yaddaşları təzələmək xatirinə qeyd etmək yerinə düşər ki, Sərdar Cəlaloğlu 80-ci illərin sonlarında Azərbaycanda başlayan xalq hərəkatının öncüllərindən olub, Naxçıvanda ağır şərtlər altında Xalq Cəbhəsinin, sonralarsa Demokrat Partiyasının yaradılmasında müstəsna xidmətlər göstərib. Cəbhə hakimiyyətində vəzifə tutmaqdan imtina edək Azərbaycan Demokrat Partiyasına başçılıq etməklə kifayətlənib. O vaxtdan üzü bəri Sərdar Cəlaloğlunun siyasi bioqrafiyası o qədər zəngindir ki, onu sadalamaq belə sadəcə mümkünsüzdür. Bir sözlə, onun personası cəmiyyətin seçkilərdə iştirak edən, ölkənin və özünün taleyinə biganə qalmayan hər kəsə yetərincə tanışdır.
Ancaq Sərdar Cəlaloğlunun cəmiyyətin əksər kəsiminə qaranlıq qalan bir keyfiyyəti də onun dərin məzmunlu fəlsəfi əsərləri, aforizmləridir. Heç də təsadüfi deyil ki, onu əqidə yoldaşları, siyasi müttəfiqləri və hətta rəqibləri “oxumuş adam” kimi xarakterizə edirlər. Televiziya tamaşaçılarına da az-çox onun məhdud saylı debatlardakı çıxışları tanışdır. Nəinki hakim düşərgədə, hətta müxalifətin öz daxilində onunla hər hansı bir mövzu ətrafında fikir mübadiləsi aparmaq ən çətin, bəlkə də mümkünsüz işdir. Çünki o fundamental biliyə və qeyri-adi istedada, bənzərsiz fəlsəfi dünyagörüşə malik unikal bir şəxsiyyətdir. Bir sözlə, ADP sədrini sözün həqiqi mənasında canlı ensiklopediya adlandıranlar yanılmırlar. Bu baxımdan onun 30 illik zəngin və keşməkeşli siyasi karyerasında ilk dəfə prezidentliyə namizədlərin sırasına qoşulmasının bu marafonun sönüklüyünü aradan qaldıracağına və prosesin olduqca məzmunlu keçirilməsinə töhfə verəcəyinə şübhə etməyənlər yanılmadılar. Təsadüfi deyil ki, cəmisi 3 dəyirmi masadan sonra cəmiyyətdə, mətbuatda və sosial şəbəkələrdəki polemikalarda 6 dəqiqəlik məhdud efir vaxtında inqilab etməyi bacaran, hər saniyədən maksimum istifadə edən, platformasından daha çox millətin ən ağrılı yerlərini zərgər dəqiqliklə, eyni zamanda sadə xalq dilində cəmiyyətə, seçicilərə çatdırmağa nail olan namizədlər arasında ən çox onun adı hallanır.
Maraqlıdır ki, hakimiyyət də onu belə demək mümkünsə dəfələrlə dişinə vuraraq siyasi kimliyini və dövlətçilik üçün nə qədər faydalı bir şəxsiyyət olduğunu yoxlayıb. Ötən müddət ərzində hakimiyyət texnoloqları da onun nəyə qadir olduğunu yetərincə öyrənə bilib və onlar da zaman-zaman etiraf edirlər ki, müxalif düşərgədə nəzəri və praktiki biliyinə, siyasi və fəlsəfi dünyagörüşünə görə Sərdar Cəlaloğlu ilə müqayisə olunacaq kimsə demək olar ki, yox dərəcəsindədir.
Əlbəttə, burada diqqətçəkən bir məqam son illər, konkret olaraq 2005-ci ilin 17 oktyabr uğursuzluğundan sonra 2006-cı ilin əvvəllərində Rəsul Quliyevlə yollarını ayıran ADP sədrinin hakimiyyətə qarşı konstruktiv mövqe xətti götürməsinin cəmiyyətdə birmənalı qarşılanmaması, siyasi cəhətdən yetkin olmayan bir çox insanın onun bu addımını xəyanət və əqidə dönüklüyü kimi qiymətləndirməsidir. Ancaq zaman göstərdi ki, bu yolun alternativi yoxdur və ölkəni inqilabi yolla deyil, tədricən demokratiya yoluna gətirmək üçün hakimiyyətlə siyasi dialoqun alternativi yoxdur. Uzağa getməyək, Yaxın Şərqdə “ərəb baharı” adıyla yaranan və bu ərəb çoğrafiyasını bir xəzana döndərən inqilabi proseslər bir daha ADP sədrinin uzaqgörən siyasi xadim olduğunu göstərdi.
Nəhayət, nə qədər gizlətməyə çalışsaq da Azərbaycanda regional faktor hər zaman həlledici olub və bu baxımdan onun Azərbaycan siyasətinin laboratoriyası adlandırılan Naxçıvandan olması da nəzərdən qaçmamalıdır. Etiraf edək ki, bu gün İlham Əliyevin alternativləri içərisində Naxçıvanın narazı elektoratının səsinə ümid edən ən şanslı namizəd ADP sədridir. Yeri gəlmişkən, onun üçüncü debat zamanı Elçibəyin komandası əleyhinə 20 illik hədyanlar yağdıran hakimiyyət təmsilçilərinin bütün arqumentlərini ikicə cümləylə birdəfəlik ləğv etməsi və rəqibləriylə bərabər onunla eyni dəyirmi masanı bölüşdürən keçmiş cəbhəçilərin özlərini də seytnot vəziyyətinə salması olduqca diqqətçəkən oldu və heç şübhəsiz bu tarixi açıqlama Sərdar Cəlaloğluna hüsn-rəğbət bəsləyənlərin sırasını xeyli genişləndirdi.
Seçkilərə olduqca az vaxt qalıb. Yuxarıda da qeyd olunduğu kimi cəmiyyətin indiki izaholunmaz apolitik durumunda İlham Əliyevin şanslarının daha böyük olduğunu görməmək mümkün deyil və Milli Şura daxilindəki ziddiyyətlər Cəmil Həsənlinin 2003-cü ildə “Bizim Azərbaycan” Blokunun namizədi kimi marafonda yarışan Müsavat başqanı İsa Qəmbərin 13 faizlik səs baryerini aşmayacağını iddia etməyə əsas verir. Ancaq eyni zamanda ADP sədri Sərdar Cəlaloğlunun da bu seçkilərə əlavə rəng qatmasını, seçicilərin ürəyindən xəbər verən fikirlərin səsləndirilməsini nəzərə alsaq bu seçkilərin nəticələrindən qalibiyyətlə çıxanların əksəriyyət təşkil edəcəyini söyləmək mümkündür. Yəni budəfəki seçki yarışmasında təkcə qutudan çıxan namizədin qələbəsi deyil, dəyirmi masaların və söz duellərinin, siyasi polemikaların da qalibinin kimliyini müəyyənləşdirmək mümkün oldu. Ona görə də bəri başdan boykot tərəfdarlarına birmənalı cavab vermək olar ki, istənilən halda builki seçkilərə qatılmağa dəyərdi...
Zülfüqar Hüseynzadə (Hürriyyət qəzeti)