Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə yay aylarında Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parkları ərazisində keçirdikləri monitorinqlər davam etdirilib, bəbirlərin, onların rəqib növlərinin və qida obyektlərinin populyasiyalarının mühafizə olunan ərazilərdə artıq daimi surətdə inkişafı qeydə alınıb. Bu barədə ANS PRESS-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
İ.İbrahimovanın sözlərinə görə, Hirkan Milli Parkı
ərazisində monitorinqin keçirildiyi bu müddət ərzində də bir yetkin erkək
bəbirin daim foto kameraların hədəfində olması müşahidə edilib, onun əsas
qidasını təşkil edən çöl donuzları, cüyür, tirəndaz və s. növlərin dinamik
populyasiya quruluşlarına aid yeni materiallar toplanıb.
Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində
də yay aylarında iki yetkin dişi bəbir qeydə alınıb, bu ərazidə bəbirlərin qida
mənbəyi sayılan bezoar keçiləri və muflonların yerli populyasiyalarının dinamik
inkişafı barədə qiymətli fotoqrafik məlumatlar əldə olunub.
Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq
aparılan monitorinqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan
növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter
daşımadığını deməyə əsas verir və bu, ölkədə son 10 ildə ardıcıl olaraq sayının
artırıldığı Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində mühafizə tədbirlərinin
kompleks şəkildə gücləndirilməsinin bilavasitə nəticəsi, eyni zamanda son illər
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində biomüxtəlifliyin qorunması sahəsində
görülən işlərə və ekoloji maarifləndirmə tədbirlərinə real nümunə hesab olunur.