“Hələlik səni məhkəməyə vermirəm - Onsuz da ağır tənəzzül günləri yaşayırsan...”
Gündəm
5350
01 Sep 2020 | 10:46

“Hələlik səni məhkəməyə vermirəm - Onsuz da ağır tənəzzül günləri yaşayırsan...”

Xəbər verildiyi kimi, avqustun 25-də Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA-nın rəsmi saytında son vaxtlar barəsində tənqidi açıqlama və məqalələrlə çıxış edən bir sıra deputatlar, sabiq məmurlar, jurnalistlər, politoloqlar, partiya sədrlərini  və s. məhkəmə ilə hədələyən təhdid xarakterli növbəti bəyanat yayıb. 

Bundan sonra AMEA rəhbərinin bəhs edilən bəyanatında adları çəkilən keçmiş məmur və deputatlardan biri – Maksim Musayev Moderator.az-a  açıqlamasında “Ramiz, məni məhkəməyə vermək üçün sənə 3 gün vaxt verirəm.  Əgər bu tələbimi yerinə yetirməsən, mənə səni məhkəməyə vermək üçün hüquqi əsas verirsən. Sənin qərarını gözləyirəm...” - söyləyib.

M.Musayev saytımız vasitəsilə keçmiş Prezident Administrasiyası rəhbərinə ünvanladığı “Ramiz Mehdiyevin hədələrinə cavab” adlı  növbəti müraciətində hələlik məhkəmə fikrindən daşındığını bildirib. Sabiq deputat və icra başçısı bunun səbəbini də izah edib.

Müraciəti olduğu kimi müzakirənizə buraxırıq:

 “Ramiz, əzizim, digərləri kimi, məni də Cinayət Məcəlləsinin  iki maddəsi ilə hədələməyindən sonra, bir neçə gündür, məhkəməyə çağırılacağımı  gözlədim. Nədənsə səs-səmir yoxdur...  Mən isə cavab olaraq artıq səni məhkəmə ilə hədələmək fikrində deyiləm. Ona görə ki, sən onsuz da ağır tənəzzül günləri yaşayırsan... 

Ramiz, əzizim,  məlumdur ki, danışdığın yalan,  etdiyin talan, pisliklər səni boğur. Səndən hələlik yalnız bir ciddi  tələbim var.  5-6 il öncə Xızı rayon mərkəzindəki yeganə uşaq bağçasını necə mənimsəmisənsə, eləcə də qaytar qaçqın-köçkün balalarına!.. Təyin etdiyin, arxasında  dayandığın icra başçısı uşaq bağçası binasını söküb materiallarını evinə apardığına görə cavab verməlidir. Sən və  icra başçısı həmin bağça binasını bərpa etməli, onun ərazisini abadlaşdırmalısınız. Çünki ora xaraba qalıb... 

Bu gün ermənilər  işğal  altındakı torpaqlarımızda öz balaları üçün bağça tikir, sizlər isə bizim balalarımıza xidmət etməli olan  salamat  bağçaları da özəlləşdirirsiniz. Hər ikiniz mənim dözümlü millətimin uşaqlarına xəyanət etmisiniz... 

İnanırıq ki, respublikanın inzibati orqanları xalqımızın, millətimizin gələcəyi sayılan körpələrimizə edilən bu “ölkədaxili faşizm hərəkatı”na hüquqi qiymət verəcəkdir... 
Xatırladaq ki, uşaq bağçalarına qarşı belə “repressiya”lar bəzi digər şəhər və bölgələrdə də aparılır..."


Link kopyalandı!
Son xəbərlər