Yazar
İlham İsmayıl
Bütün yazılar
kse
5180
30 Aug 2020 | 10:12

Kimdir müqəssir və nə etməli?

Vəziyyətimiz ağırdır. Ərazisi işğal olunmuş ölkədə onsuz da yaxşı vəziyyət olmaz. Ayr-ayrı adamlar, xüsusilə məmurlar özünü şəxsi planda uğurlu və xoşbəxt saya bilər, amma ölkə olaraq vəziyyətimiz çox pisdir. Ölkənin daxilində illərdir baş verənlər və bu gün də davam edən, daha çılpaq şəkildə, çəkinmədən cəmiyyətə təlqin edilən mənəviyyatsızlığın rəngarəng nümunələri, mükafatlandırılan şərəfsizlik, yalan, böhtan və ən pisi, bu serialdan olan adamların bu gün özləri kimi hədəflərində olanlarla savaşı böyük bir aşınmanın yaratdığı ağır vəziyyətin kədərli mənzərəsidir.
 
Bir tərəfdən işğal, digər tərəfdən daxili tənəzzül, üstəlik  qorxu və xofun hakim kəsildiyi toplumun ölkənin marağı naminə heç bir fəaliyyətdə olmaması, milli problemlərin tezliklə həll olunmayacağı və ən dəhşətlisi heç zaman həll olunmayacağı kimi ümidsizlik yaradır. Tovuz hadisələrindəki itkilərin bir gecədə yaratdığı qəzəbli ruhun elə həmin gecə də boğulması ümidsizliyi dərinləşdirən amil oldu. Və son günlər az qala 30 ilə yaxın aparılan, amma heç bir uğur gətirməyən şimala yönəlik siyasətdə növbəti tərs sillənin acısı yalnız düşmənin sevincinə səbəb oldu. Son hərbi qarşıdurmanın nəticələri kiçik ümidlərimizi də qırdı və güc üstünlüyümüzü yaratmağın qısa bir zamanda mümkünsüzlüyü etiraf olundu. Bu üstünlüyü yarada biləcəyikmi? Çətin. Neçə ki, cəbhədə deyil, Bakıda hektarlar, yüksək yerlərdə ərazilər zəbt edib beşmərtəbəli villalar tikmək, almaq əsas məqsəd olacaq, necə ki, indiyədək olub, biz heç Qarabağın nəinki dağlıq, heç düzənliyində də mövqe əldə edə bilməyəcəyik. Tovuz döyüşləri bunu sübut elədi.

Kimdir müqəssir və nə etməli?  

İki əsrə yaxındır ki, Rus cəmiyyəti üçün əbədi olan məşhur suallar neçə illərdir ki, bizim üçün də aktualdır. Açığı, birinci sual ikinci qədər əhəmiyyətli deyil, ona görə ki, buna zaman sərf etmək.., elə vaxt itirmək deməkdir. Həm də indiyədək itirdiklərimizə səbəb, günahkar axtarışına çıxmağımız, onu cəzalandırmağı başlıca vəzifə hesab etməyimiz olub. Bu da olacaq, müqəssirlər cəzasını alacaq, cəzanı ola bilsin ki, müqəssirlər öz sağlıqlarında almasınlar, belə də olur, amma önündə-sonunda tarix öz cəzasını həmişə verib. İndi isə vəziyyətdən çıxış yolu axtarmaq lazımdır. Nə etməli sualına cavabı da, o zaman tapa bilərik. 

Bu sualların ən yaxşı cavabını problemi yaradanlar bilir. Təəssüf ki, problem ixrac edənlər vəziyyəti dəyişmək, normallaşdırmaq və nəticədə ən böyük problemi həll etmək itiqamətində fəaliyyət göstərmək iqtidarında deyillər. Bəzi addımlar isə imitasiya olduğu üçün cəmiyyət tərəfindən qəbul edilmir və problem həll olunmamış qalır, əksinə, bir az da mürəkkəbləşir.
 
Bu o deməkdir ki, cəmiyyət zaman-zaman aldadılaraq yola verilir. Məsələn, bu günlərdə karantin qaydalarını pozan keçmiş toxunulmaz bir şəxsin qoluna qandal vurulmasını televiziyalardan biri belə şərh etdi:” .., bu, Azərbaycanda demokratiyanın təntənəsi, şahın deyil, qanunun şah olduğunun sübutudur”. Və bu şərhə heç kəs inanmadı, əksinə, bu həbsi müsbət qarşılayan cəmiyyətin böyük bir hissəsi hadisəyə növbəti siyasi şou kimi baxdı.
 
Kimdir müqəssir və nə etməli suallarının cavablarını yalnız problem yaradanlar deyil, problemin qurbanı olan bütöv cəmiyyət özü də yaxşı bilir, amma yuxarıda qeyd etdiyimiz kimi toplumun çəkingənliyi və ictimai-siyasi şüur səviyyəsinin müxtəlif səbəblərdən yetərsizliyi cavabları reallaşdırmağın maneəsi olaraq qalır. Ümumi söz olaraq hələ ki, siyasi, iqtisadi, məhkəmə, seçki islahatlarının aparılmasının vacibliyini desək də, detallı şəkildə açıqlama asan deyil. Həm də islahatlar bir yazıda yox, beyin mərkəzlərində hazırlanmalıdır ki, bir şəxsin iradəsinin, ağlının məhsulu kimi dəyərləndirilməsin. Hətta, o şəxs ağıllı olsa belə.

İki il əvvəl nə etməli sualına cavab axtaranda yazdığım bir fikri yenə təkrar etmək istəyirəm: ”Hər bir millətin, dövlətin tarixində bütün sahələr üzrə böhranın hökm sürdüyü, problemlərin baş alıb getdiyi dövrlər olub və adətən belə zamanlarda millətin ağıllı şəxsləri, ziyalıları ölkənin taleyi, dövlətin gələcəyi haqqında narahatçılıq keçirir, yaranmış vəziyyətə dair nə etməli sualını verir və çıxış yolları axtarırlar. Müdriklər yalnız sualı verməklə kifayətlənmir və nə etmək lazım olduğunu, onun yollarını da göstərirlər. Xalq nə qədər narahat olsa da, yol göstərəni və o yolun önündə gedəni gözlədiyindən hərəkətsiz olur, uzaqbaşı fərdi qaydada etirazlar bildirir. Nə etməli? Bu sual Domokl qılıncı kimi vətənini sevən, onun işğaldan azad olmasına çalışan hər bir vətəndaşın başının üstündə durmasa və ondan xilas olmaq üçün çıxış yolları axtarmasa, dövlət və millət olaraq “gələcəyimiz mübhəm qaranlıq” olacaq”.

Başlıqdakı sualları zamanında Rusiya yazıçıları Gertsen və Çernışevski öz romanlarına ad seçmişdilər və bədii obrazlar vasitəsilə cəmiyyətin böhrandan çıxmağın yollarını göstərməyə çalışmışdılar. Bizim yazıçılar yəqin bilirlər ki, cəmiyyətə onlarsız da sualların cavabı məlumdur. Sualı verib cavab yaza bilməsəm də, mənə də məlumdur.

İlham İsmayıl
Link kopyalandı!
Son xəbərlər