Dünən axşam saatlarından etibarən DYP əməkdaşları tərəfindən 123 saylı marşrutun fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, 123 saylı marşrutlara öz qrafiki üzrə sona qədər hərəkət etmək qeyri-müəyyən səbəblərdən yasaqlanıb: “Dünən axşam saatlarından etibarən DYP əməkdaşları Bakının “Azadlıq” metrosu - Corat qəsəbəsi marşrut üzrə hərəkət edən 123 saylı avtobusların fəaliyyətini əngəlləyib. Belə ki, 123 saylı marşrutların Novxanı çimərliyindən Corat qəsəbəsi istiqamətində hərəkətinə maneçilik yaradan yol polisi, bu qadağanı pozan iki avtobusu cərimə meydançasına aparıb. Yol polisinin bu hərəkəti qanuni qrafik əsasında işləyən 123 saylı marşrut sürücülərinin etirazına səbəb olub. Baş verən insident sürücülər tərəfindən özbaşınalıq kimi dəyərləndirilməkdədir. Sürücülərin bildirdiyinə görə, yol polisinin bu addımı onlara vətəndaşları mənzil başına çatdırmağa, habelə gündəlik planı müvafiq normativ əsasında ödəməyə imkan verməyib. Məlum qadağanın hansı səbəbdən tətbiq edildiyi və nə qədər davam edəcəyi bilinmir”.