Bugün görkəmli aktyor, ssenarist, rejissor, Azərbaycanın Dövlət Mükafatı laureatı, Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür.
Şahmar Zülfüqar oğlu Ələkbərov (23 avqust 1943, Gəncə – 12 avqust 1992, Bakı)
9 yaşıında olanda ailəsi ilə birgə Gəncədən Bakıya köçüb; orta məktəbi 15 yaşında bitirib.
(Atası əslən Cəbrayıla, anası (İzulət xanım) əslən Tiflisə bağlı olub).
O, Teatr İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ouyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinоstudiyanın nəzdində özünün yaratdığı "Kinо aktyоrluğu" studiyasına dəvət edib.
Ş.Ələkbərov ali təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi universitetdə saxlanılıb.
Ş.Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi оlub. Bundan başqa оnlarca televiziya tamaşasında yaddaqalan оbrazlar yaradıb. "Mоlla Nəsrəddin" radiоverilişinin aparıcısı оlub. Bir çох filmin dublyajında iştirak edib.
Teatrda ilk dəfə Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazanıb. Konoda ilk rolu “Dağlarda döyüş”lə başlayıb (1967).
Ş.Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.
Ş.Ələkbərovun yaradıcılıq özkeçmişində elə filmlər var ki onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli örnəkləri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün gerçək ovqatını canlı əks etdirməsidir. Ş.Ələkbərovun yaradıcılığında Məzahirin özünəxas yeri var. "Mən ki, gözəl deyildim" filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil Ş.Ələkbərovun xarakterinə biçilib. Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırıb. Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən olayları əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda yeni bir obraz idi. Bu sürücü oğlanın nikbin ruhu filmin faciəli yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin sevgisində də bir səmimiyyət var. Filmi rejissor Tofiq Tağızadə çəkmişdi.
Görkəmli sənətkarın rejissor kimi fəaliyyəti də, diqqətə və təqdirəlayiq olub.
O, rejissor kimi ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkib. Bu ictimai motivli filmdə Ş.Ələkbərov, çox böyük həvəslə işləyib. (Filmin ssenarisini ANAR özünün "Şəhərin yay günləri" povesti əsasında yazıb). Ssenari müəllifi də, G.Əzimzadə də, tamaşaçılar da filmdən razı qalıb, bu da, Ş.Ələkbərovun rejissor kimi ilk işinin uğurlu olması demək idi.
1990-cı ildə Ş.Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başlayıb. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət edib. Çəkilişlər dayanmadan gedib, hər şey öz qaydasında olub; film qurtaranda bəlli olub ki, material çoxdur. Ş.Ələkbərov filmi iki hissədə çəkməyi qərara alıb.
Film 1991-ci ildə ekranlara çıxıb. "Qəzəlxan"da Bakı kəndlərinin gələnəyi, XX yüzil ədəbi mühiti çox gerçək şəkildə əks olunub. Əfsus ki, Ş.Ələkbərov filmin ekran taleyini izləyə bilmədi; amansız ölüm onu kinodan çəkiliş meydanlarından uzaqlaşdırdı… 1992-ci ildə Ş.Ələkbərov vəfat etdi.
Görkəmli sənətkar bir çox arzusunu, planını həyata keçirməyə macal tapmadı. Məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevə həsr etdiyi bir ssenari yazmışdı – özü çəkmək istəyirdi onu. Vəfatından sonra onun arzusunu görkəmli rejissor Rövşən Almuradlı gerçəkləşdirdi (1995). (Hər ikisinin ruhu şad olsun)!
Əlbəttə, görkəmli sənətkarın əsas uğurlarını aktyor kimi qazanıb.
Ş.Ələkbərovun canlandırdığı Qəzənfər ("Yeddi oğul istərəm..."), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Rizvan ("Qızıl qaz"), oğlanlardan biri ("Bizim küçənin oğlanları"), Azad ("Bakıda küləklər əsir"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlar olsa da, onları Ş.Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi birləşdirir. Sənətkar sənətinə olan hədsiz məhəbbətini hər ifasında, obrazında, rolunda içdənliklə göstərib.
Ş.Ələkbərov o qədər qayğıkeş, o qədər səmimi insan olub ki, onunla həmsöhbət olan hər kəs ondan məmnunluqla ayrılıb, xoş xatirələrə qərq olub...
Nikbinlik onda Tanrı vergisi idi; insanları sevirdi və bu sevgi onun təbiətindən irəli gəlirdi. Onun xoşhal, insancıl duyğuları sənətinə də keçmişdi. Təsadüfi deyil ki, rolları da özünə oxşayır...
20 illik peşəkar yaradıcılıq dövründə müxtəlif rejissorlarla işləyən Ş.Ələkbərov, unudulmaz yaradıcılıq yolu keçib. Bunlar haqqında o, öz "Xatirələrim" adlı yazısında gözəl məqamlara toxunub; lakin ömür bu yazıları kitab halında çap etməyə ona imkan vermədi... Orada təkcə sənətkarın özkeçmişi deyil, bütövlükdə Azərbaycan kinosunun 20 illik dövrünün canlı salnaməsi əks olunub...
Görkəmli sənətkarın fiziki ömrü 50 il sürüb; amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər onun mənəvi ömrünü 50 ilə sığmayacaq miqyasda böyüdüb – Azərbaycan, Azərbaycan mədəniyyətinin daşıyıcıları durduqca, Şahmar sənəti də yaşdılacaq, yaşayacaq – bu əbədilik qazanmaq deməkdir...
RUHU ŞAD OLSUN!
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva