Bakı və Sumqayıtdakı bəzi psixoloq-həkimlərin izsiz-soraqsız yoxa çıxması onların aqibəti ilə bağlı maraqlı ehtimalı gündəmə gətirib. Bu barədə Moderator.az-ı bilgiləndirən özəl mənbənin sözlərinə görə, şəhər ictimaiyyətinin yaxşı tanıdığı həmin həkimlərin müəmmalı şəkildə yoxa çıxması onların gizli şəkildə Suriyaya göndərildiyi ilə bağlı şübhələri gündəmə gətirib: “Maraqlıdır ki, yoxa çıxan həkimlərin hər biri öz savadı və bacarığı ilə kifayət qədər tanınan mütəxəssislərdir və onların işdən hansı səbəbdən ayrıldığı, hazırda harda yaşadığı və işlədiyi bilinmir. Bu həkimlərin demək olar ki, hər biri arxalarında heç bir iz qoymadan yoxa çıxıb. Bütün mövcud faktlar həmin həkimlərin yüksək əmək haqqı müqabilində Suriyaya aparıldığı və öz fəaliyyətlərini orada davam etdirdikləri ehtimalı üzərində dayanmağa əsas verir. Ehtimal olunur ki, məxfi şəkildə əməkaşlığa cəlb edilən həkimlər Suriyada müqavilə əsasında fəaliyyət göstərir”.
Məlumat üçün qeyd edək ki, hazırda aktiv hərbi əməliyyatların davam etdiyi Suriyada həkimlərə ciddi ehtiyac hiss edilir.