Yol polisinin “saqqal darağı”
Mən burada
yazacağım fikirlərlə bağlı Dövlət Yol Polisinin (DYP) mövqeyini öyrənmək
fikrində deyiləm. Səbəbi də kifayət qədər sadədir: Müxtəlif vaxtlarda bütün bu
məsələlərə DYP İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kamran Əliyev və ya
bölmə rəisi Vaqif Əsədov münasibət bildirib.
DYP
hansı məsələlərə münasibət bildirir?..
Bir neçə gün əvvəl “Bizim Yol” qəzetində
“Sürücünün başında çatlayan «bildirişÂ» fırıldağı” adlı yazı dərc olunmuşdu. Söhbət
poçt xidmətinin günahı üzündən gecikən cərimə bildirişi və bunun üzündən ziyana
düşən sürücüdən gedirdi. Kamran Əliyev redaksiyaya zəng edərək məsələyə
münasibət bildirmişdi və onun fikirləri qəzetimizdə dərc olunmuşdu. Burada iki
məqama diqqəti çəkirəm: Birincisi, Kamran Əliyev mətbuatda DYP barədə
yazılanlardan dərhal xəbər tutur. İkincisi, haqqında danışdığımız yazı ilə
bağlı DYP rəsmisinin deməyə sözü vardı...
Bir
müddət əvvəl isə mən “Min manata adam öldürmək” başlıqlı yazıda DYP-nin 1000
manata sürücülük vəsiqəsi satması və bunun üzündən yollara çıxan “zombi”
sürücülərin ölümcül qəzalar törətməsindən yazmışdım. Həmçinin həmin yazıda
DYP-nin Şirvan şəhərində yerləşən regional idarəsində Azad adlı bir işçinin
sürücülük vəsiqəsini dəyişdirməyə görə məndən rüşvət tələb etməsi və alması
barədə fakta da yer vermişdim. Bayaq yazdığım kimi, biz artıq Kamran Əliyevin
bu yazılardan xəbər tutduğunu bilirik. Zatən, mətbuatı izləmək onun işinin
ayrılmaz hissəsidir. Amma nədənsə, DYP-dən həmin yazıya görə redaksiyaya
gəlmədi. Görəsən, bu qurum və onun yetkililəri münasibət bildirməyin vacib
olduğu mövzuları hansı kriteriyalara əsasən müəyyən edir? Deyim: O yerdə ki,
problem hansısa başqa bir qurumun, məsələn, poçt xidmətinin günahı üzündən
yaranır, məsələyə dərhal və məsum tonda münasibət bildirilir. Amma o yerdə ki,
hansısa DYP əməkdaşı və ya əməkdaşlarının fərdi və ya mütəşəkkil əməllərindən
söhbət gedir, o zaman “susmaq qızıldır”. Hər halda yenə də gec deyil və mən
Azad adlı DYP işçisinin əməli barədə ölçü götürülməsini gözləyirəm
(sadəlövhcəsinə)...
“Piyada
ovu”
Yəqin ki, DYP-nin piyada ovuna çıxmasından hamının
xəbəri var. Piyadanın yollardan təhlükəsiz keçidinin təmin olunması yaxşı
haldır. Amma bu kampaniya daha çox “saqqal darağı”na oxşayır. Yəni “hər işimiz
düzəlmişdi, təkcə saqqal darağımız çatmırdı”. Yol polisi telekanalları da
başına yığıb belə hay-küylü kampaniyalar düzəltməklə əsas problemlərdən diqqəti
yayındırmağa çalışır. Azərbaycanda DYP-nin və yol hərəkətinin problemlərini
sıralasaq, piyadaların yolu qadağan olunmuş sahələrdən keçməsi bəlkə də 500-cü
yerdə dayanar. Bu problemlərdən gözlə görünənləri də var, görünməyənləri də...
Yol
polisi “avtoş” rolunda...
Məsələn,
yol polisi maşınının yüksək sürətlə “zmeyka” hərəkətini görməyən tapılmaz. Əlbəttə,
yol polisi, məsələn, qəza yerinə tələsə bilər və müəyyən hallarda yol hərəkəti
qaydalarını pozması da qanunidir. Amma hansı hallarda? Bu yaxınlarda bir nəfər
danışırdı ki, yol polisi əməkdaşları onların maşınına yol vermədiyinə görə ona
protokol yazıblar. O maşının işıq və ya səs siqnallarının qoşulub-qoşulmadığını
soruşdum və məlum oldu ki, yol polisi nə səs siqnalını, nə də işıq siqnalını
qoşubmuş. O zaman yol polisinin maşını da yol hərəkətinin digər iştirakçıları
ilə eyni səviyyədədir və heç bir halda üstün keçid hüququna sahib deyil. Həmçinin
yanğınsöndürənlər və ya təcili yardım maşınları da yalnız işıq və səs
siqnallarını qoşduqları zaman üstünlüyə malikdirlər. Digər hallarda onlara
üstün keçid hüququ tanımağa borclu deyilsiniz. Amma görürsünüzmü, bu, heç də
yol polisinin protokol yazmasına mane olmur. Başqa sözlə, səs və işıq
siqnallarını qoşmadan sürətlə “zmeykalamaq” sadəcə, avtoxuliqanlıq anlamına
gəlir. Əgər DYP-yə fakt lazım olsa, müraciət etsinlər və qısa müddət ərzində
yol polisinin avtoxuliqanlığına dair videomateriallar əldə edib onlara çatdıraq.
Müvəqqəti
səliqə-səhman
Sumqayıt istiqamətindən Bakıya gələnlər hər gün
səhər Xırdalan qəbristanlığının qarşısında, yolun tən ortasında dayanmış yol
polisi əməkdaş(lar)ını görə bilər. Onlar yüksək məharətlə yol hərəkətini
tənzimləyirlər və tıxacın qarşısını alırlar. Amma, gündəlik həmin yoldan
istifadə edənlərin də bildirdiyi kimi, bu səliqə-səhman, DİN rəhbərliyinin
ərazidən keçib getməsinə qədər davam edir. Bundan sonra isə yenə qarışıqlıq və
tıxac başlayır...
Yol
polisi “məktəb”ə hazırdırmı?
Bu günlərdə Biləcəri meydanına dönən yolda maraqlı
proseslər gedir. Piyada keçidləri üçün zolaqlar çəkilib, yolların çuxurlarına
yamaqlar vurulub və s. Deyilənə görə, yaxın vaxtlarda prezident İlham Əliyev
həmin ərazidən keçəcək və ona görə də DYP səliqəli yol hərəkəti təəssüratı
yaratmağa çalışır. İndi Biləcəridə 284 saylı məktəbə uşaq aparan valideynlər də
arzu edirlər ki, kaş Prezident həmin ərazidən də keçəydi. Nadir hallarda olsa
da, dəfələrlə yol polisi əməkdaşları həmin ərazilərdə görünürlər. Məktəbin
qarşısında yolayrıcı var. Balaca uşaqlar müxtəlif istiqamətlərdə yolları
keçməli olurlar. Yolun döngəli olması uzaq məsafəni görməyə imkan vermir və
piyadalar yolu keçməyin təhlükəsiz variantını tapa bilmirlər. DYP-dən min
manata sürücülük vəsiqəsi almış sürücülər isə o yolla bəzən sürəti saatda 100
kilometrə də çatdırırlar. Amma nədənsə, DYP o əraziyə işıqfor qoymaq və ya
yollarda piyada keçidləri ayırmaq, yaxud da sürücülərin məktəb divarları
yaxınlığında sürəti azaltmaları üçün rezin tirələr qoymağa tələsmir. Sadəcə
olaraq, ara-sıra o tərəflərə fırlanıb “qarmaq atırlar” və “çax-çux” edib çıxıb
gedirlər. Kamran Əliyevin başqa yazılarımızı gördüyü kimi, bunu da görəcəyinə
əminəm - indi həmin ərazidə yüksək sürət üzündən bir uşağın həyatı qırılarsa, o
zaman məsuliyyəti yol polisində axtarmaq lazım gələcək.
Ağır
xəstə yolda hansı səbəbdən ölə bilər?
Başqa maraqlı məqam sənədlərlə bağlıdır. Əgər ağır
xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq istədiyiniz, bir situasiyada yol
polisi sizi saxlasa və məlum olsa ki, sürücülük vəsiqəniz evdə qalıb, o zaman
xəstənin “fatihə”sini verə bilərsiniz. Zaman-zaman texnoloji yenilikləri ilə
öyünən DYP nədənsə bu məsələdə hələ də 20-ci əsrin ortalarında ilişib qalıb. Yolda
sizi saxladıqları zaman çox rahatlıqla kompüterə baxıb əvvəllər adınıza
cərimənin və ya avtomobilin üzərində həbsin olub-olmadığını deyə bilirlər. Elə
o kompüterdə sürücülük vəsiqənizin olduğu da aydın görünür. Yol polisi bu
vəsiqənin qüvvədə olduğunu, sürücülük hüququndan məhrum edilmədiyinizi aydın
şəkildə görür, bununla belə, vəsiqəniz evdə qalıbsa, sizi yol hərəkətindən
kənarlaşdıracaqlar. Ən yaxşı halda 3 saat ərzində vəsiqəni evdən gətirməyinizə
razılıq verərlər. Əgər evdən çox uzaqlaşmısınızsa, onda sizin üçün “yol
əhvalatı” hazırdır. Nəinki Avropa və ya Amerikada, hətta bir çox MDB
ölkələrində də bu problem həllini tapıb və vəsiqənizi fiziki formada təqdim edə
bilmədiyiniz halda bunu kompüter vasitəsilə dəqiqləşdirib yolunuza davam etməyə
icazə verirlər.
Avtomobil
oğurluğuna qarşı ən ləng mübarizə üsulu
Bir dəfə bir radio verilişində Kamran Əliyevə belə
bir sual verdilər ki, avtomobili idarə etmək üçün etibarnaməyə nə ehtiyac var? DYP
rəsmisi bildirdi ki, bu, avtomobil oğurluğu hallarının operativ şəkildə
aşkarlanması üçün lazımdır. Öz-özümə fikirləşdim ki, o zaman Avropanın,
Amerikanın və ya lap elə Gürcüstanın yol polisi savadsızdır. Çünki bu ölkələrdə
idarə etdiyiniz avtomobilin dövlət qeydiyyatı şəhadətnaməsi (texniki pasportu)
sizdədirsə, o zaman etibarnaməyə ehtiyac yoxdur. Yol polisi kompüterinə baxır
və məlum olur ki, bu avtomobilin oğurlanması ilə bağlı hər hansı şikayət daxil
olmayıb, deməli, texniki pasportu və avtomobili sizə onun sahibi öz iradəsi ilə
verib. Şəxsən mən başa düşə bilmirəm ki, Azərbaycanda DYP avtomobil oğurluğunun
operativ şəkildə aşkarlanmasında etibarnamə mexanizmindən necə yararlanır və
indiyədək neçə oğurlanmış maşın məhz bu metodla yaxalanıb? Əgər avtomobil
oğurlanıbsa, sahibi şikayət verib və DYP-nin kompüter şəbəkəsinə daxil edilib. Doğrudanmı
avtomobil oğurluğunu önləmək üçün yolda dayanıb bütün maşınları saxlamaq və
etibarnamənin olub-olmadığını yoxlamaq lazımdır? Bəs onda kompüter şəbəkəsi
nəyə lazımdır?..
Təkərləri
olmayan avtomobilin sahibi dəyişdirilə bilməzmi?
Bu yaxınlarda bir nəfər baş etibarnamə ilə idarə
etdiyi avtomobili öz adına keçirmək üçün DYP-yə müraciət edib. Ardınca əsl
tamaşa başlayıb. DYP rəsmisi adama deyib ki, bu avtomobilin sahibi dəyişdirilə
bilməz, çünki nasazlıqları var. Avtomobilin hələ də qüvvədə olan texniki baxış
talonunun olmasına baxmayaraq, DYP əməkdaşı təkid edib ki, get, bütün
nasazlıqları aradan qaldır, sonra gələrsən. Daha sonra çıxış yolu təklif edib:
250 manat ver, elə burada sənə gələn il üçün texniki baxış talonu verim, 100
manat da qoy üstünə, səni ləngitməyim - yarım saata “texpasport”u verim. Bir az
bazarlaşandan sonra ümumilikdə 270 manata razılaşıblar. Çünki adamlar əvvəla,
qanunları bilmirlər, ikincisi, bu qanunlara əməl etmək onsuz da mümkün deyil.
Reallıqda isə hətta 4 təkərin hamısını çıxarıb kənara atsanız da belə, həmin
avtomobilin sahibi dəyişdirilə bilər. Bu halda DYP əməkdaşları göstərilən
ünvana getməli, ban, mühərrik, şassi nömrələri və rəng tutuşdurmasını həyata
keçirib yeni sahibin adına şəhadətnamə verməlidirlər. Amma vətəndaş avtomobili
sürərək aparıb və lazımi tutuşdurmalar elə orada rahatca həyata keçirilə
bilərdi. DYP rəsmisi isə qüvvədə olan texniki baxış talonuna məhəl qoymadan,
avtomobilə kənardan baxıb diaqnoz qoyub və qanunsuz tələblər irəli sürüb.
Üstəlik, texniki baxış üçün avadanlığın olmadığı bir yerdə texniki baxış
talonunun verilməsi də anormal DYP reallıqlarından biridir.
Bütün
bunlar problemlərin yüzdə biridir. Amma təəssüf ki, bir qəzet yazısı bundan
artığına imkan vermir...
M.Tofiqoğlu









