Sumqayıt şəhər sakini, məcburi köçkün Qurban Novruzov polis orqanları tərəfindən hüquqlarının pozulması ilə bağlı Avropa.info-ya müraciət edib. Bu barədə Məlumatda bildirilir ki, Sumqayıt Şəhər Yol Polisinin əməkdaşları qaçqınları və məcburi köçkünləri təhqir edir, onlara "torpaqlarınızı qoyub qaçmısız" -deməkdən belə çəkinmir. Təhqir azmış kimi indi də Sumqayıt Dövlət Yol Polisinin əməkdaşları məcburi köçkünlərə qarşı zor tətbiq etməyə başlayıblar. Belə ki, yol polis çavuşu Əmraslanov Elman Qarabağ qazisi, Laçın rayonundan olan Novruzov Qurban Məhəmməd oğlunu təhqir edərək ona əl qaldırıb. Səbəb isə qəribədir. Belə ki, yol polisləri onun maşınını saxlayıb mühərrikindən zəhərli qazın havaya çox çıxdığını əsas gətirərək 100 manat rüşvət istəyiblər. Qurban Novruzov rüşvəti verməkdən imtina edib. Bunu görən yol polisləri qanunsuz olaraq ona 150 manat cərimə yazıblar. Sürücü bunun qanun pozuntusu olduğunu deyəndə onu torpaqları qoyub qaçmaqda ittiham edib, qaçqınları isə həyasız və ləyaqətsiz adlandırıblar. Təhqir olunan Q.Novruzov bir neçə həftədir Sumqayıt Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etsə də işə baxmaqdan demək olar ki, yayınılır. Məlumat üçün qeyd edək ki, təhqir olunan Qurban Novruzov 1992-93-cu illərdə Qarabağda ən ağır döyüşlərdə iştirak edərək bir neçə dəfə ağır yaralanıb və hazırda bel nahiyəsində qəlpələr daşıyır. Vətənin keşiyini sadiq əsgər kimi qoruyan və buna görə məhrumiyyətlərə, şikəstliyə düçar olmuş bir Qarabağ qazisi hüquqlarının bərpası üçün kömək istəyir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Moderator.az