Moderator.az xəbər verir ki, Müsavat.com saytı prezident seçkisində iştirak edəcək namizədlər haqqında məlumat yayıb. Məlum olub ki, bir çox xarici dilləri bilən namizədlərdən erməni dilini bilən də var. Namizədləri təqdim edirik:
İlham Əliyev-1961-ci ildə Bakıda anadan olub. Ailəlidir, üç övladı var. Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülüb. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunudur, tarix elmləri namizədidir, rus, ingilis, fransız və türk dillərində sərbəst danışır.
Cəmil Həsənli-1952-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür. 10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var. Prezidentliyə namizədliyi Demokratik Qüvvələrin Milli Şurası tərəfindən irəli sürülüb.
İqbal Ağazadə-1968-ci ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Deputatdır. Rus, fars və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. Namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülüb.
Zahid Oruc-1972-ci ildə Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Fəlsəfə elmləri namizədidir. Milli Məclisin deputatıdır. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. Namizədliyi özü tərəfindən irəli sürülüb.
İlyas İsmayılov- 1938-ci ildə Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturasına daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Sonralar hüquq elmləri doktoru alimlik dərəcəsi alıb. Deputatdır. Rus və məişət səviyyəsində alman dilini bilir. Ailəlidir, iki övladı var. Namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülüb.
Hafiz Hacıyev-1956-cı ildə Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsini bitirib, elmlər namizədidir. Rus, türk, qismən də ingilis dilində danışan Hafiz Hacıyev namizədlər içərisində erməni dilini bilən yeganə şəxsdrir. Ailəlidir, üç övladı var. Namizədliyi MMP tərəfindən irəli sürülüb.
Qüdrət Həsənquliyev-1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Deputatdır, rus və ingilis dillərini bilir. Ailəlidir iki övladı var.Namizədliyi BAXCP tərəfindən irəli sürülb.
Fərəc Quliyev-1962-ci ildə Naxçıvan MR Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. İxtisasca həkim olan Fərəc Quliyev sonlara əlavə hüquq təhsili alıb. Deputatdır rus dilini bilir. Ailəlidir, iki övladı var. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb.
Araz Əlizadə-1951-ci ildə Bakıda anadan olub. Araz Əlizadə 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycan Sosial Demokrat partiyasının sədridir, rus və fars dillərini bilir. Ailəlidir, iki övladı var.
Sərdar Cəlaloğlu-1954-cü ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. İxtisasda məhkəmə-tibb ekspertidir. Azərbaycan Demokrat Partiyasının sədridir. Türk dilini mükəmməl, rus dilini qismən bilir. Ailəlidir, üç övladı var.
Namizədlərin təbliğat-təşviqat kampaniyasına sentyabrın 16-dan strat veriləcək.