“Facebook” səhifəmdə status yazdım, ürəyim soymadı. Düşündüm ki, bu barədə nisbətən ətraflı yazmasam rahatlıq tapmaram. Axı söhbət ümummilli bəladan və bu bəlanın nəinki kökünü kəsəcəyinə, onun yaranmasına belə imkan verməyəcəyinə and içmiş bir fövqəlşəxs-prezident İlham Əliyev tərəfindən dilə gətirilməsindən gedir. Bəli, prezident yenə də orta statistik azərbaycanlının canına zeytun yağı kimi yayılan bir açıqlmada bulunaraq ipə-sapa yatmayan məmur kontingentini, yəni öz komandasının əvəzolunmaz üzvlərini “qudurğan” adlandırdı. Yəqin prezidentin leksikonunu izləyən oxucular onun vaxtaşırı bu cür gəlişigözəl seçmələrdən istifadə etdiyini xatırlayırlar. Prezident adətən siyasi rəqiblərinə qarşı xüsusilə maksimalist ifadələrdən istifadə edir, onları gah “ünsürlər”, gah “yaramaz məxluqlar”, gah da “vətəni satmağa hazır olan xəyanətkarlar” adlandırır. Müxaliflər də artıq onun bu cür “tərifnamə”lərinə öyrəncəli olduğundan bəzən heç cavab verməyə də həvəs göstərmirlər...
Ancaq İlham Əliyevin öz komandasının üzvlərinə sərt şəkildə səslənməsi, daha doğrusu, barmaq silkələyərək hədələməsi hər dəfə uzun müddət cəmiyyətdə və mətbuatda çeşidli polemikalara səbəb olur, birisi prezidentin bu ötkəmliyini dəstəkləyir, digəri isə “avazı yaxşı gəlir, oxuduğu “Quran” ola” məsələni xatırladaraq real tədbir görülməsinin zəruriliyini qabardır. Özü də bu artıq üçüncü xəbərdarlıqdır ki, prezidentin dilindən səsləndirilir, ancaq yenə də vəziyyət “köhnə hamam, köhnə tas”dır. Lətifəsi prezidentdən uzaq, sanki daha bir hikmətli “Atalar sözü”ndə deyildiyi kimi “dəyirman öz bildiyindədir, çax-çax baş aparmağında”...
Bir neçə il öncə maşın “plyonka”larıyla bağlı keçirdiyi məşhur müşavirədə “mən bilirəm həmin maşınları sürənlər kimlərin övladlarıdır, onları da, güvəndikləri adamları da cəzalandıracam” bəyanatını səsləndirən İlham Əliyev ikinci dəfə bu ilin yanvarında İsmayıllıda baş verən məlum olaylardan sonra keçirdiyi müşavirədə emosional şəkildə harınlamış məmur balalarından danışaraq yenə də onların özlərini də, arxalandıqları məmur valideynlərini də sərt şəkildə cəzalandıracağıyla hədələdi. İndi isə harınlığın son fazası olan qudurğanlıqdan bəhs etdi və üstəlik artıq bu dəfə ərköyün məmur balalarını deyil, komandasının üzvlərini hədəfə aldı. Özü də heç məmur özbaşınalığından illər uzunu təngə gəlmiş vətəndaşların sevinməsinə macal tapmamış bəyan etdi ki, mənim xəbərdarlığımdan nəticə çıxardılar. Yəni bu o deməkdir ki, məmurlar onun hədəsindən lazımi dərs götürdülər deyə cəzalandırılan olmayacaq. Elə məsələnin bu cür qoyuluşu da çoxlarını pəjmürdə edir ki, qudurğanlıq, harınlıq mövcuddursa və bu ən ali səviyyədə etiraf edilirsə, deməli, faktiki cəzalandırılanlar da olmaldıır. Nəticədə gözü çıxmış qardaşın son aqibəti bir tərəfdən digər qudurğan “canavar”lara, harınlayanlara, yolunu azanlara dərs olarsa, digər tərəfdən cəmiyyətdə prezidentin sözünün kəsəri də artar,hamı bilər ki, bu xəbərdarlıqlar gözdən pərdə asmaq-zad deyil. Amma indi bunu iddia etmək mümkün deyil. Elə cəmiyyətdə inamsızlıq yaradan da budur ki, hər dəfə bu cür pafoslu bəyanatlardan sonra məmurlar daha da harınlayır, daha da azğınlaşır, qudurur. Sanki bununla demək istəyirlər ki, prezidentin hədələrinə əhəmiyyət verməyin...
Zülfüqar Hüseynzadə