Prezidentliyə hər bir namizədin platformasının
olması ən vacib elementlərdən sayılır. Çünki belə bir iddia ortaya qoyan şəxs
bununla ölkəni idarə etmək niyyətini bəyan etmiş olur. Dövləti idarə etmək üçün
isə ən mühüm faktorlar komanda və platformadır. Sözdə sadə səslənsə də,
platforma geniş mənanı özündə ehtiva edir.
Prezidentliyə
iddialı olan ciddi namizədin seçki platforması onun komandası tərəfindən
hazırlanmalıdır. Bunun üçün xeyli vaxt və vəsait sərf olunur.
Məlumdur
ki, qarşıdan gələn seçkilərdə İlham Əliyevin ən real alternativlərindən biri
Milli Şuranın vahid namizədi Cəmil Həsənli olacaq. Cəmil Həsənlinin isə seçki
platformasının tam hazır olduğu bildirilir. Bu barədə səlahiyyətli nümayəndəsi
Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, Cəmil Həsənlinin seçki
platforması hazırlanaraq özünə verilib: "Namizədimizin seçki platforması,
demək olar ki, hazır vəziyyətdə özünü təqdim olunub. Cəmil bəy tərəfindən seçki
platforması yüksək qiymətləndirilib. Bundan əlavə, seçki şüarları, təbliğat-təşviqat
kampaniyası ən yüksək səviyyədə təşkil olunacaq".
Bəllidir
ki, Cəmil Həsənlinin prezidentlik iddiası cəmi bir ay əvvəl meydana çıxıb. Bu
müddət ərzində isə namizədin platformasının hazırlanması məntiqi baxımdan real
görünmür. Üstəlik, vahid komanda deyilən Milli Şurada işlərin heç də rəvan getmədiyini
nəzərə alsaq, bu platformanın hansı komanda tərəfindən hazırlandığı sualı
meydana çıxır.
Başqa
maraqlı detal isə ondan ibarətdir ki, elə platformanın hazır olması ilə bağlı məlumatlar
cəmiyyətə ötürülən gün AXCP sədri Əli Kərimli vətəndaşları Cəmil Həsənlinin
seçki platformasının müəyyənləşməsində iştiraka səslədi. Bu fakt isə
platformanın hazırlığını təkzib edir.
Ölkəni
idarə etməyə iddialı olan bir namizədin platforması cəmi bir aya hazırlana bilərmi?
Prezidentliyə
namizədliyi qeydə alınan millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə
açıqlamasında bildirdi ki, bir neçə ay ərzində ciddi platformanın hazırlanması
mümkün deyil. Prezidentliyə namizəd hesab edir ki, hətta bu, bir ilə də ərsəyə
gələ bilməz: "Biz 2003-cü ildən, yəni yaranandan öz platformamızın üzərində
işləyirik. 500 səhifədən ibarət "Dirçəliş" proqramı hazırlayırıq. Həmin
proqramı 50 səhifəyə qədər yığcamlaşdıraraq cəmiyyətə platformamız şəklində təqdim
edəcəyik. Milli Şuranın mükəmməl bir proqram hazırlaya biləcəyinə inanmıram.
İndiyə qədərki davranışları da bunu deməyə əsas verir. Həmin qurumun cəmiyyətə
heç bir təsir imkanı yoxdur. İddialarına görə, Milli Şurada 49 təşkilat cəmləşir,
ancaq mitinqə 3000-dən artıq adam çıxara bilmirlər. O cümlədən, Milli Şurada təmsil
olunan siyasi partiya rəhbərlərinin hansısa konseptual bir əsər və ya kitab
ortaya qoymasının da şahidi olmamışam. Faydalı iş əmsalı bu cür olan düşərgədə
platformanı kim hazırlaya bilər? Təvazökarlıqdan uzaq olsa da deyim ki, 5 kitab
müəllifiyəm. Yəni iddialı şəxs öz üzərində işləməlidir. Mən Cəmil Həsənlini
savadlı bir alim kimi qəbul edirəm, ancaq namizəd olmaq üçün bu kifayət deyil. Onun
komandası qəzetlərdə qeybət etməkdən başqa heç bir fəaliyyətlə məşğul olmur. Cəmil
bəyin adı lap yaxın vaxtda ortaya çıxdı. Onlar Rüstəm İbrahimbəyovun ətrafında
birləşmişdi. Kənardan da bir platformanın hazır şəkildə onlara təqdim olunması
mənə təəccüblü gəlməz. Çünki Milli Şuranın platformasını Kremldəki Volodin
yazmışdı, "kino"nu isə Rüstəm İbrahimbəyov çəkirdi. Onlarda yalnız
belə bir platforma ola bilər".